Zaman sevgilərin dostu deyil ki... - ŞEİRLƏR | MANERA.AZ
manera.az
MANERA.AZ Seyran İsmayılovun şeirlərini təqdim edir:
***
Başımda şeir havası,
Şeir də havasızlıqmış...
Dünyada ən isti yuva,
Sən demə, yuvasızlıqmış...
Bu otağın istisi yox,
Bu evin damı üşüyür.
Əyni qalın bu dünyada,
Bəs niyə hamı üşüyür?..
Tanrı, birazca ütülə,
Palı, paltarı qırışdı.
Bu dünya biraz nahamar,
Bu dünya biraz yoxuşdu...
Hamının əli uzalı,
Bir tikə ümid almağa.
Tanrım, məni apar nolar,
Bir tikə ümid olmağa...
***
İllərin ağrısı gərəkdi bəlkə,
Alında yaranan bir qırış üçün...
Mənim o gözlərdən tək umacağıım,
Bircə baxış idi, aldanış üçün..
Mən indi anladım, indi anladım,
O zülmət daşını götürmək nədi.
Alın yazısında tapdığlarını,
Alın qırışında itirmək nədi...
Mən indi anladım, indi anladım,
Bu ömür, min ilin ağrısı imiş.
İllərlə oxuya bilmədiklrim,
Sən demə, alnımın yazısı imiş!..
***
Sənin gedişinin başqaydı dadı,
Bu gün o gedişin il dönümüdü.
Zaman sevgilərin dostu deyil ki,
Zaman sevgilərin hal dönümüdü...
Əllərin kimsəyə qalsa uzalı,
Gözünə kimsənin dalsa xəyalı,
Ürək bircə sözdən olsa asılı,
Demək o sevdanın tül dönümüdü...
Bu sevgi sinəmin üstündə qabar,
Bu sevgi kimsəsiz yurdlara hasar,
Biz onun adını qoymuşdug bahar,
Demişdik sevginin gül dönümüdü...
MANERA.AZ