Gəl, götür əllərimdən əlinin yaddaşını... - Şeirlər
Manera.az gənc yazar Şəfa Vəlinin şeirlərini təqdim edir:
***
Başımdan sevda havası
Duman-duman çəkilir ey...
Kədərlə sevinc davası
Baxış-baxış sökülür ey...
Ey... bəxti olmayan sevdam,
Xoşuna gələn bəddimi?
Ey... yoxluğuyla ovudan
Hisslərimin sərhədini...
Yox-dediyin əbədi Var!
Var-dediyin könlü yıxar.
Adında eşq məbədi var,
Əlim günbəzinə qalxar...
***
Qapı açıq, taybatay,
Getmək ürək istəyir.
Bax bu il... elə bu ay
Ölmək ürək istəyir.
Ölməyə söz vermirəm,
Gedirəm... bax, gedirəm.
Sənə vida etmirəm,
Dərdə qonaq gedirəm.
Gedişlər möhtəşəmdi,
Yola salan sağ olsun.
Dilimdə pörşələndi,
Burax, sözüm dağ olsun.
Könlünə xoş gəlmədim,
Yolum uzağa düşdü.
Mən səni tərk etmədim,
Səndən qabağa düşdüm.
“AĞARMIŞ GÜN”
Səndən ayrılmaq
səninlə yaşamaqdı, əslində,
sonsuz kədərləri.
Səni unutmaq
əbədilik qazandırmaqdı, əslində,
yaddaşımdakı xatirələrə.
Səni sevmək
Dünyadan bac almaqdı, əslində,
acılmayacaq sabahlara.
Sənsiz ölmək
ağarmış günlərə bürünməkdi, əslində,
kəfən əvəzinə.
Bağışla.
Sözündən çıxdım yenə də.
Ağartmadım günlərimi,
İstərsən,
Bağışlama.
Və bir daha heş kimi
Yollarına baxmaqdan qarasını itirən
göz kimi
ağarmış günə yollama.
***
Əntiqə Səməndərə
Dostum, küsə bilərsən,
Yenə ikinci oldun.
Getdi bütün sevgilər,
Mənsə seyrci oldum.
Sənə “bağışla” demək
Günahım sayılacaq.
Dodağım büküləcək,
Gözlərim qıyılacaq.
Bu qız sənə tanışdı,
Darıxar özü üçün.
Gəl, bir şeir danışım,
Elə belə, söz üçün.
Küssək də hər axşamdan,
Bu günlə barışmışıq.
Bir də, soruşmasan da,
“O”nunla ayrılmışıq.
***
Yaxşı ki, soruşmadın
Bu il də əhvalımı.
Gözümdən oğurladın
Köhnə, nimdaş halımı.
Sən soruşmadın deyə
Mən də “sənsiz” olmadım.
“Darıxmaqdan ölməyə”
Bir il cığır salmadım.
Amma... birdən inciyər
O kicik söz: - necəsən?
Gərək elə mən deyəm?!
Özün söylə! Necəsən?
***
Üşüdünmü bu axşam?
Keçdimmi ürəyindən?
Mən elə darıxmışam.
Sən bildinmi, bilmirəm...
Ütüləyib yığdığım
Xatirələri açdım.
Bir vaxtlar utandığım
Şəkillərinə baxdım.
Adın çəkdim... bəzəndi
Dünyam nişanlı qıztək.
Günlər ürək üzəndi,
Gəl, ömrün ipini çək.
Gəl, götür əllərimdən
Əlinin yaddaşını...
Pozmağa da cəhd elə
“Dəli”nin yaddaşını.
Üz bütün ümidləri,
De ki, heç olmamışam.
Yandırdım şəkilləri,
Üşüdünmü bu axşam?
***
Hər səs gələn tərəfin
yolçusu sevilməz ki...
Payız boyda qəhərin
sarısı silinməz ki...
Saçlarını yolmağa
Başlayıbdı ağaclar...
Bu mövsüm Xan bağında
Oturmağa ürək var?..
Yaxşı ki, yolun düşmür
Bu aralar Gəncəyə...
Baxışımdan üşüyüb
Küsərsən gəlməyinə...
Gərək mən də tez qaçım...
Bakı? Qazax?.. – ya səbr!
Durum qapını açım: -
Bu sənsən, oktyabr?..
***
Ayrılığı tanımırdın,
Ayrıldıq... Xoşun gəldimi?
Bədbəxtliyin məni saydın,
Xoşbəxtlik naxışın gəldimi?
Öz təkliyinin filmində,
Baş rolda məni çəkəsən...
Hönkürəsən dəlilərtək,
Bir azca mənə çəkəsən...
Ürəyin dərddən hayqıra,
Məni günahkar sayasan...
Öləm gedəm, ayrılıqdan
Bir şeir də sən yazasan...
***
Heç nə gəlmir əlimdən
bu aprel soyuğunda,
Adın yenə dilimdə...
qan rəngi yanağımda...
Birdən görən tapılar
bükülən dodağımın
gizlətdiyi adını...
Utanmaqdan da betər...
Kaş ki, kimsə duymasın
“Sən” boyda günahımı...
Aprel... Məğrurluğunu
mənəmi göstərirdi
o ilin o apreli?..
Ömrümə səmt ağacı...
Mən hansı yönə dönsəm
o “sən”i göstərirdi...
GÜLNAR SƏMAYA
Bu gecə qatarla bir şair gedir,
bu gecə gül rəngi gülümsəyir ay...
Qatar aynasında gecə rəqs edir,
başına bürüyüb qara kəlağay...
Bu gecə qatarla bir şair gedir,
axır misra-misra yol işıqları...
Hardasa bir sevda dolaşıq düşür,
üşüdür xatirə - dolaşıqları...
Bu gecə qatarla bir şair gedir,
bütün gedişlərin sonu üç nöqtə...
Üst-üstə toplasan bir şeir edir,
on iki kəlmənin onu üç nöqtə...
***
Tənha aşiqlərə keşik gecələr
mənim təkliyimə yiyə çıxmadı...
Fələklə əlbirdi keşiş gecələr...
ümiddən düymələr heç açılmadı...
Yiyəsiz sevdanın saçı pırtlaşıq,
daha indən belə hörüyə gəlməz...
“Yanıq Kərəmi”yə ağlayan aşiq
güzgü qabağında gülməyə bilməz...
Dedin göz yaşıyla islanmışdılar
pəncərən önündə qızılgüllərin...
Səni xatirəylə ağlatmışdılar? –
ay şehi qurusun qızılgüllərin!
***
Yığıb qoltuğuma qış paltarımı
düşdüm yoxluğuna gedən cığıra...
Bir səsə köklədim qulaqlarımı: -
Bəlkə getməyəsən? -Gedirsən? -Hara?..
Vallah, bu gedişim gediş sayılmaz,
bir-iki sözümə qara xətt çəkər...
Gödəkçəm bükülər... Düyməm bağlanmaz...
Çəkməm ayağımda xəcalət çəkər...
Nə billəm nə deyim... mən ki, bu günə
ürəklə bir “vida” yaza bilmirəm...
Vallah, oxşamıram səndən gedənə,
mən elə qayıdıb sənə gəlirəm...
XƏZAN GÜLÜ
Payızda gəldin ömrümə,
Payızda getmə, nə olur.
Sənsizliyi taleyimə
Xəzəltək tökmə, nə olur.
Ağlasam, özüm oluram,
Güldür, olum istədiyin.
Ayrılsan, dözüm oluram,
Getmə, yoluna küsdüyüm.
Bu payızın gülüyəm mən,
Rəngim sarı, qönçəm yarı.
Yarpaqların diliyəm mən,
Nəğməm yarı, ömrüm yarı.
Sarı güllər ayrılığın
Rəmziymiş, söylədin mənə.
Payız yazdığım nağılın
Özüymüş, söylədin mənə.
Getdinsə, götür özünlə,
Xatirən nəyimə gərək.
Bu xəzanda sarı gülü
Sevməyə bir ürək gərək.
QAYTAR YUXUMU
Hərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,
"Səninlə mənim toyuma".
Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir
"Sən"li, "mən"li bu dünyada.
Eh...bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm.
ADINI DEYİB GƏLMİŞƏM
Bir qədəh sevinc iÇmişəm
sağlığına... sağlığına...
Utanmayıb oynamışam
yoxluğuna... yoxluğuna...
Adını deyib gəlmişəm,
düşmüşəm yolun ağına...
Adımı yaza bilmişəm
çəkdiyin həsrət dağına...
Bağışla... Ömrüm günahdı...
Batırma eşqi günaha...
Dilimdəki bu son "ah"dı...
Badədir, sağlığına...
FALÇI DEYIB GƏLİŞİNİ...
Dərdi yanına sal gətir,
Yeni görüşə gələndə...
Özünə eynək al gətir...
Böyütsün məni gözündə...
Bəxtimin kiçik qızıyam...
Falçı deyib gəlişini...
Qəlbində ağrı, sızıyam,
Qoru üzdə gülüşünü...
Mənə "Qırmızıpapaq" al,
Öz içimdədi canavar...
Nağıl dünyandaca qal...
Ölsəm bundan sənə nə var?
Unutmuşdum...Bu görüşə
Sevgini gətirmə, yaxşı?
Nolsun söylənirik dərddən,
Nə sən aşıq, nə mən naşı...
İkimiz də uduzmuşuq...
Sən sevgini...Mən də səni...
Ayrılığı unutmuşuq...
Görüşə səslədim səni?
Ehh...Qırmızı şal gətir,
Tamamlansın bəzəyim də...
Özünə eynək al gətir...
Böyütsün məni gözündə...