manera.az
manera.az

"Cahandar ağa və Zaur" - Sərdar Amin | MANERA.AZ

"Cahandar ağa və Zaur" - Sərdar Amin | MANERA.AZ
Sərdar Amin


Cahandar ağa və Zaur


Cahandar ağa və Zaur döşü cığırdan naxış-naxış olmuş göy təpədən endilər. Uzun müddət kələ-kötürdə dolaşdıqlarından yola düşən kimi az qala səndirləyəcəkdilər; bir az yeri tapdayırmış kimi yanlarını basa-basa irəlilədilər. Ayaqları yolla tanış olduqca, illərdir buralarda addımlayıblarmış kimi yorğun-yorğun günəşə sarı üz tutdular. Qürub etməkdə olan günəşin son şüaları piyadaların pərişan simalarında əks oldu. Hikkəsi hələ də soyumayan Cahandar ağa bezgin bir tonda Zaura şikayət edirdi:
- Mən hər şeyi unutdum; oğlum Şamxal sümüyümü it sümüyünə caladı, unutdum...Kiçik oğlum Əşrəf südünə çəkdi, urusa meyl etdi, unutdum... Allahyarın ölüm ayağında mənə baxan yazıq gözlərini də unutdum... Qəməri də, Molla Sadıqı da, hər şeyi, hər şeyi unutdum! Amma bu millət yaxamdan əl çəkmədi ki, çəkmədi... Olanların üstündən bir əsr keçib, hələ də arxamca danışırlar. Biri deyir, Cahandar başqasının kəbinli arvadına göz dikməli deyildi, o biri deyir dos-doğmaca bacısını nahaq öldürdü, başqa biri çərənləyir ki, adam öldürməyi bir yana, heç olmasa atı öldürməyəydi...

Bu arada Cahandar ağa imkan versəydi Zaur nəsə deyəcəkdi. Cığırboyu susub-susub, nəhəyat az-maz cəsarətlə “Təhminə...”demişdi ki, Cahandar ağa onun sözünü kəsib eyni tonla monoloquna davam etdi:

- Nə bilim, deyirlər Cahandarı urus dığaları yox, məhrəmini əlindən aldığı Alllahyar öldürsəydi, Azərbaycan ədəbiyyatı tamam başqa cür inkişaf edərdi. Axı bu boşboğazlar niyə qanmırlar ki, olan olub, keçən keçib - Kür durulub.

Cahandar ağa bunu deyib cinsinin arxa cibindən nanəli saqqız qutusunu çıxardı. Zaur saqqız təklifinə illərdir hazırmış kimi cəld sol əlini ovuc elədi. Cahandar ağa qutunun ağzını yana tuşlayıb nanəli saqqızlardan birini aynalı tüfəngdən atəş açırmış kimi Zaurun ovcuna sıxdı. Daha sonra ardıcıl iki saqqızı da öz ağzına sıxıb marçıldaya-marçıldaya sözünə davam etdi.

- Hə, bayaq nəsə demək istəyirdin...

- Heç, deyəcəkdim cinslə buxara papaq tutmur. Artıq kənd-kəsəkdən uzaqlaşmışıq. Görən olar, ayıbdır. Bizi geridə qalmış sayarlar. Məncə papağını çıxarsan yaxşı olar.
Cahandar ağa həmən-həmən Zaurla razılaşdı:

- Düz deyirsən Zaur, özümüznkilər görsə, çox da eyib etməz, yad-yalan görməsin. Elə bilərlər geridə qalmışıq.
Cahandar ağa çıxarıb əlində tutduğu buxara papağını qoymağa yer axtardı. Zaur da guya ağanın qeydinə qalırmış kimi papağı onun əlindən alıb öz başına qoydu.
Sonra Cahandar ağa gördü ki, Zaurun şalvarı da cinsdir.

Əliylə Zaurun şalvarına eyham edib başındakı papağı götürdü.

Zaur etiraz edib dedi ki, “yox, səndə mavi cinsdir, məndə boz”.

Cahandar ağa “nə fərqi var, cins-cindir” – deyib papağı yaxındakı qarağac budağına ilişdirdi.

Getdikcə bayağılaşan bu dialoq elə bezdirici hal aldı ki, mən onları müşahidə etməkdən vaz keçdim.

Uzaqlaşan səslərindən məlum oldu ki, qarşı təpəni də keçib beləcə qeyb oldular.

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031