manera.az
manera.az

Vaxt var idi,“Zaur” üçün “Təhminə”ni Türkiyədən gətirmişdik... - MANERA

Vaxt var idi,“Zaur” üçün “Təhminə”ni Türkiyədən gətirmişdik...  - MANERAPünhan Şükür

Türkiyədəki ədəbiyyat dəllalları “eşi olan” şöhrət hərislərimizdən pul, “eşi olmayan”dan eşq qoparırlar

Deməli, belə! Türkiyədə çapdan çıxmış “Avrasiya şairləri antalogiyası”nın (“Avrasya şairleri antalojisi”) başı dərddə. Bu topluda adları və yaradıcılıq nümunələri yer almış azərbaycanlı şair və şairələrin özləri qınaqda, şaircik və şairciyəzlərin isə sözləri sınaqda. Bu Qalın Kitab o qədər uğursuz alınıb ki, qışda yandırılacağı təqdirdə belə insanlara istiliklə fayda verəcəyi şübhə doğurur. 19 May -“penoplast faciəsi”nin üçüncü gündönümünə təsadüf edən təqdimat mərasiminin də çal - çağırla müşayiət olunması, əksər iştirakçıların qol açıb oynaması “antologiya qəhrəmanları”na yönəlik qarğaşanı bir az da böyüdüb.

Amma bu sətirlərin müəllifinin məqsədi kitabdakı çoxsaylı səhv və nöqsanları bir - bir sadalamaq, onların necə bağışlanılmaz olduğunu nəzərə çatdırmaq deyildir. Bu barədə başqa söz sərrafları yazıblar və yenə yazacaqlar. Dəyərli oxucuların diqqətini bu hadisənin mahiyyətində duran sosial problemlərə yönəltmək istəyindəyəm. İlk növbədə onu qeyd edim ki, “antaloji”də Azərbaycan ədəbiyyatı daha çox qadın şeir quraşdıranlarla təmsil olunub. Gör işin harasıdır ki, hətta onların özləri də quraşdırdıqları şeylərin korrektə olunmadan kitabda getdiyinə görə gileylidirlər. Tanıdığım bir xanım yazar “öz aramızda qalsın” şərti ilə mənə etdiyi söhbətdə sözügedən antalogiyanın (əgər buna antalogiya demək caizdirsə - P.Ş.) təəbbüsçüləri olan türk kişilərinin qarasına deyinir, təşkilatçıları haramxorluqda qınayır. Deyir ki, kitabda yazısı gedən hər müəllifdən aldıqları pul - paranı rahat yeməyəcəklər, burunlarından gələcək. Onu da əlavə elədi ki, Azərbaycandan gedən qadınlar həmin kişilərə yetişən kimi ilk eşitdikləri sual bu olur:” Eşin (ərin – P.Ş.) varmı?”

Mən öz nəticəmi çixarmışam: Azərbaycan ədəbi mühitinin periferiyasında ədəbiyyata dəxli olmayan xeyli sayda təsadüfi şəxslər dolaşmaqdadır. Ədəbiyyatda özlərini təsdiq edə bilməyən bu kəslərə elə gəlir ki, bunun səbəbi ətrafdakıların paxıllığı və başqa bu kimi səbəblərdir, daha özlərinin istedadsızlıqları yox. Belələri düşünürlər ki, cızmaqaraları xaricdə nəşr olunsa, müəllifə Vətənində də qiymət verərlər, layiq olub – olmaması isə önəmli deyil. Təəssüf hissi ilə qeyd etməliyəm ki, az qala bütün sahələrdə müşahidə olunan “qibləni xaricdə axtarmaq” tendensiyası ədəbiyyatımıza da sirayət edib. Və hətta bu meyl o qədər dərinləşib, adam elə gəlir ki, rəhmətlik Qurban Səid qürbətdə dünyasını dəyişməsəydi, onun “Əli və Nino”su bunca məşhurlaşmayacaqdı. Kənardakı Ədəbi Qibləgahın cazibəsi o qədər güclüdü ki, bir sıra müqtədir qələm sahibləri də onun təsiri altına düşüblər. Sadəcə olaraq, “antalogiya qəhrəmanları”ndan fərqli olaraq, müqtədirlər öz eqolarını sətirlərin arasında məharətlə gizlətməyi bacarır, şöhrətpərəstliklərini bir növ tərbiyə edərək, bayağı formada təzahür etməsinə imkan vermirlər. İndi adı daha çox hallanan Nəcəfzadə Qəşəm müəllim də bu vaxtadək istək və meylləri cilovlamaq işinin öhdəsindən deyək ki yaxşı gəlmişdi. Di gəl, adıbəlli antalogiyaya baş qoşmaqla, o da “Adamlıq dini”nə sitayiş etdiyini ortaya qoydu.

Bir az da adamları heyvanlardan və eyni dərəcədə də insanlardan ayıran “Adamlıq dini” və onun bizim məsələyə dəxli barədə. Eyni adlı kitab da var, müəllifi türk ilahiyyat alimi “Harun Yəhya” təxəllüslü Adnan Oktardır. Onu Türkiyəyə gedən Azəri qızları tovlayıb yoldan çıxarmaqda ittiham edirdilər. Həmin ərəfədə bizim ilahiyyatçı Elşad Miri baş verənlərə münasibət bildirmədi. Çünki Harun Yəhyanın “Quran möcüzələri”ni Azərbaycan dilinə məhz o tərcümə etmiş, çox güman ki, xeyli xeyir götürmüşdü. Danışsaydı, çox suallara cavab verməli olacaqdı, o üzdən susdu. Dilimizə çevirdiyi “Adamlıq dini”nin tələblərınə riayət etməli oldu. Yəqin Qəşəm müəllimi də ram edən amil məhz “Adamlıq dini”nin qanunlarıdır.

Gəlin etiraf edək ki, bu gün “bizim Avrasiya şairləri”nə şəbədə qoşan tənqidçilər ( içi mənqarışıq – P. Ş.) də tam səmimi deyillər. Bəyəm inşaat standartlarına uyğun olmayan tikinti işləri aparanlarla mübarizə aparmaq üçün hansisa binada çoxsaylı insan ölümü ilə nəticələnən yanğının baş verməsini gözləmək lazımdı? Məgər ədəbsiz ədəbiyyatla mübarizə üçün 2000 səhifəlik kitabın zay çixmasını gözləmək gərəkdir? Yox, atam -qardaşım, anam - bacım, bu mübarizə hər gün, hər saat, fasiləsiz getməlidir. Dirəniş göstərməməyimizin, boş buraxmağımızın acı nəticəsidir ki, Bəxtiyar Vahabzadə ilə Səməd Vurğunu ayırd etməyən Türkiyədəki ədəbiyyat dəllalları “eşi olan” şöhrət hərislərimizdən pul, “eşi olmayanlar”dan eşq qoparırlar. Amma vaxt var idi, “Zaurumuzun” intim oyunları üçün “Təhminəni” Türkiyədən gətirmişdik...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031