manera.az
manera.az

Gülay Abdullah - "Balaca kamera"

Gülay Abdullah - "Balaca kamera"Gülay Abdullah

"Balaca kamera"
(HEKAYƏ)


Zavoddan çıxdığı ilk gün idi. Onu gözəl bəzəkli qutuya yerləşdirdilər. Maşına yüklədilər. Maşın yola düşdü. Bütün yol boyu kamera onu necə bir həyatın gözlədiyini bilmək üçün can atırdı. Çox səbirsiz idi balaca kamera.

Yolda işıqforun qırmızı işığında dayandılar. Balaca kamera ətrafa göz gəzdirməyi qərara aldı. Qutunun kənarından gördü ki, böyük bir kamera maşın karvanını lentə alır. Dərhal böyük kameranı səslədi.

- Bu mənim ilk günümdü. Maşına yüklənən vaxt eşitdim ki, mən insanları lentə alacam. Bu necə bir işdi?

- Bu çox maraqlıdı. İnsanlar çox şən varlıqlardı. Deməyi, gülməyi, şənlənməyi çox sevirlər. Xüsusən də məni görəndə üzləri gülür, xoş sözlər deyirlər.

Daha sonra işıqforun yaşıl işığı yandı. Balaca kamera yoluna davam etdi. Bir parkın yanında dayandılar. Sürücü nə üçünsə düşüb getdi. Balaca kamera gördü ki, bir fotoaparat dayanmadan şəkil çəkir. Ondan da insanların necə olduğunu soruşdu.

- İnsanlar gözəl görünməyi, gözəl mənzərələri çox sevirlər. Mənim gözümlə milyonların onları görəcəyini bildikləri üçün mənə böyük sevgi ilə baxırlar.

Sürücü geri qayıtdı və onlar yollarına davam etdilər. Digər işıqforda dayanana qədər gözəl yerlərdən keçdilər. Kamera yan tərəfdəki maşında fərqli görünüşü olan bir kamera gördü. Vaxtı itirmədən ona da sualını verdi. Fərqli görünüşlü kamera astadan və təmkinlə :

- Mən vacib xəbərləri lentə alamaqda kömək edirəm. İnsanlarla işləmək çox maraqlıdı. Onlar düzgünlüyü, dəqiqliyi çox sevirlər. Xüsusən də mənim qarşımda olanda olduqlarından daha qüsursuz görünməyə çalışırlar.

Yenidən yoluna davam edən balaca kamera bütün yolu çox sevinclə getdi. Onu ehtiyatla bir dirəyin başına yerləşdirdilər. O həvəslə gözləməyə başladı. Və budur insanlar gəlib getməyə başladılar. Görəsən onu ilk görən insanın reksiyası necə olacaqdı. Həyəcənla ətrafa baxmağa başladı. Lakin heç də kameranın gözlədiyi kimi olmadı. Heç kim onu görəndə gülümsəyərək baxmadı. Ümumiyyətlə heç fikir vermədilər. Hamı tələsik şəkildə onun yanından keçib gedirdi. O düşündü:

- Yəqin ki, məni görmürlər. Əlbətdə görmürlər. Gör bir necə uca nöqtəyə quraşdırıblar məni. Yoxsa mənə baxardılar.

Bir neçə saat beləcə keçdi. Nə ona baxan var idi, nə də sevinib şənlənən insanlar.

Kameranın son üç gündə qarşısında baş verən hadisələr o qədər dəhşətli idi ki, artıq heç kimi lentə almamağa qərar verdi. Çantası oğurlanan yaşlı qadının, ehtiyatsızlıqdan maşını xəsarət görən sürücünün, mübahisə zamanı yaralanan gənc oğlanın onun lentə aldığı hadisələri dəfələrlə və böyük sevinclə izləməyəcəyinə tam əmin idi.

Bir müddət sonra bir adam gəldi. Dirəyə qalxıb kameranı yoxlamağa başladı. Çox güman ki, onun işləmədiyini insanlar bilmişdilər və onu təmir etməyə çalışırdılar. Amma balaca kamera qərarında qəti idi. Bir də heç vaxt lentə almayacaqdı. Elə bu vaxt tanış bir səs eşitdi. Bu şənlənən insanları lentə alan böyük kamera idi.

- Necəsən balaca? Demək burda nəzarətçi sənsən?

Onsuz da ürəyini boşaltmağa ehtiyac duyan balaca kamera başına gələnləri və qərarını bir nəfəsə danışdı.

Böyük kamera qəfildən çox ciddi görkəm alaraq dedi:

-Səni başa düşürəm. İşinin məsuliyyəti çox böyükdü. Onu da bil ki, insanın ən böyük düşməni elə insandı. Onları bir-birlərindən qorumaq lazımdı. Bu məsələdə sənin üzərinə böyük məsuliyyət düşür. Bizim lentə aldığımız o təbəssümlərin, xoşbəxt çöhrələrin sənin müdafiənə ehtiyacları var.

Həmin gündən etibarən balaca kamera lentə almağı bir an belə dayandırmadı. Məsuliyyət onu daha güclü və qərarlı etmişdi. Çünki hər gün onlarla haqq-ədalət məhz onun gözləri ilə öz yerini tapırdı.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30