manera.az
manera.az

Bir şeir ağladım gecə yarısı... |MANERA.AZ

📅 10.04.2017 10:40

	Bir şeir ağladım gecə yarısı... |MANERA.AZ
Manera.az şair Ramiz Qusarçaylının şeirlərini təqdim edir:



Gecə yarısı


Bir şeir ağladım gecə yarısı,
Bir şeir hönkürdüm... ağ vərəqlərə.
Göydə Ay bildiyim saman sarısı
Qopub yarpaq-yarpaq töküldü yerə

Gözümün nəmində məzar sükutu,
Üzümdə şehlənən ölüm buxarı.
Çiynimdə gecənin qara tabutu,-
İçində bir ölü sevinc ağarır...

Bu gecə ürəyim elə ağrıdı,
Heç kəsin ürəyi ağrımaz elə.
Bu gecə özümə elə ağladım,-
Ölsəm, heç anam da ağlamaz, elə...



A bənövşəm mənim …

O nə boylanışdı, dolmusan yenə,
A bənövşəm mənim, süsənim mənim.
Özü bu dünyanı sevdirib mənə
Özü bu dünyadan küsənim mənim.

Gör bulaq dərəyə nə dil açdırıb,
Tənha daşlara da könül açdırıb,
Həsrəti gözümdə gül-gül açdırıb
Qönçə dodağını büzənim mənim.

Gecələr rənd alır qara telindən,
Qara mənsizliyi dara telindən.
Düşüb ürəyimə yara telindən
Tel-tel ürəyimi üzənim mənim.

Dərdə də tək dözür canım, can keçib,
Qüruba enirsən danımdan keçib,
Üz-üzə gələndə yanımdan keçib,
Məni yuxularda gəzənim mənim.

Eh … bu da bir eşqin ayrı dağları,
Üşüyür kölgəsi aylı çağların.
Düzüb zülüm-zülüm ayrılıqları
Üstündə meh kimi əsənim mənim,
A bənövşəm mənim, süsənim mənim…





Ağlama


Ağlayırsan, indi ağla,
Məni öləndə ağlama.
Qəbrim üstə güllər solub
Xəzan gələndə ağlama.

Sıxılma yas saxlayanda,
Geyib qara bağlayanda,
Ağla, düşmən ağlayanda,
Dostlar güləndə ağlama...

Gözəl davran, gözəl inlə,
Darılma dərd gözəlinlə...
Göz yaşını öz əlinlə
Özgə siləndə ağlama...

Öz tamı var, öz təhəri,-
Ölüm ömrün son bəhəri...
Gizlə gözündən qəhəri
Gözün biləndə ağlama.

Axşam şəri, səhər danı,-
Səninlə böldüm hər anı,
Sonuncu dəfə dünyanı
Yarı böləndə ağlama...



Təcnis

Mən yazan dərdlərin iki rəngi var,
Zəmiyə bənzəyir,- sarı, ya yaşıl.
Hər rəngin öz səsi, öz ahəngi var,
Yaşıla al düşür, sarıya yaşıl.

Ha yaşıl pərdəyə gül ək,- sim sarı,
Payızın gözündə gül əksim sarı,
Yaşıl göz yaşıyla gülək simsarı
Bəlkə bir misramı sarıya yaşıl.

Bulaq bir cürədi, Güldərə sinə,
Dönüb Qızbənövşə gül dərəsinə,
Nə qalıb cinasda gül dərəsi, nə,-
Ramizə sarıdı, Sarıya* yaşıl ...

* Sarı Aşıq

* * *

Sovrulur ömrün xırmanı
Yerində can ətri qalır.
Ayrılığın kol dibində
Bir bənövşə sətri qalır.

Dağ daşlanır ətəyimdə,
Şimşək oynar kürəyimdə
Hər gün səngər ürəyimdə
Bir misranın qətli qalır.

Gecələrə Ay tuturam,
Şöləsinə boy tuturam,
Ölümə bir toy tuturam
Əzrayılın xətri qalır...


Mən öləndə gələrsən

Apardığın cənnəti
Cəhənnəmlə örtmüşəm,
Hər günahın altına
Öz adımı çərtmişəm,
Sənsiz dönən yollara
Ürəyimi sürtmüşəm,
Mən öləndə gələrsən.

Telindən əsən mehi
Gül kimi qoxlamışam,
İki eşqin dərdini
Bir simə bağlamışam,
Quru bənövşələrdən
Sənə də saxlamışam,
Mən öləndə gələrsən.

Göyləri ulduz-ulduz
Yerdə böldüyüm yerə,
Məni ağlayan qəmə
Baxıb güldüyüm yerə,
Səninlə üz qoyduğum
Sənsiz öldüyüm yerə,
Mən öləndə gələrsən.

Bilirəm, nə gözdə yaş,
Nə dildə ah yanası,
Ay gözümün işığı,-
Göz yaşımın sonası,
Nə ürək yandırarsan,
Nə də şam gətirərsən,
Burda səhərlər olmur
Bir axşam gətirərsən,
Mən öləndə gələrsən...

Bir mənəm, bir Allahım,
Bir də uçuq qalaçam,
Hər çiynimdə bir mələk
Bir də özüm olacam,
Sən qayıdıb gedərsən
Özüm orda qalacam...
Mən öləndə gələrsən...


A bənövşələr

Nə çiçək günüdü, nə arı fəsli,
Nə yaza gedirəm, a bənövşələr...
Büküb ürəyimə bir sarı fəsli
Payıza gedirəm, a bənövşələr...

Bir yanda dağların bəyaz yuxusu,
Bir yanda quşların vida oxusu,
Üşüyür gözümdə xəzəl qoxusu
Ayaza gedirəm, a bənövşələr...

Heyrətim ovunmur güllü oyundan,
İslanır tənəyin yaşıl suyundan,
Asılıb bir gülün əsmər boyundan
Güdaza gedirəm, a bənövşələr...

Əsdirir səbrimi o sirr sevdalar,
Sərsəri sevdalar, səfil sevdalar,
Qanıma susayıb qəfil sevdalar
O qıza gedirəm, a bənövşələr...

Ömür ağ yol üstdə bəyaz yazıymış,
Çoxu çoxdan gedib,
qalan azıymış,
Dünyanın son nazı ölüm nazıymış
O naza gedirəm, a bənövşələr...

A daş gülüm

Bilirsənmi,
mən öləndə
Qəbrim üstə kim gələcək.
Göy üzündən mələk-mələk
Salameleyküm gələcək...

Könül kövrək,
tellər tarım,
Hər tel üstdə bir qübarım,
Bir dodaqda misralarım
Bir dildə türküm gələcək.

Suc sığışmır hər yumağa,
Bük günahı başqa ağa,
Mən boyda dərd oxşamağa
Sən adda ərkim gələcək.

Günəyə çəkdim quzeyi,
Qəmdən keçir hər bəzəyi,
Qəlbimdə qəmlər muzeyi
Qarşına sərgim gələcək.

A daş gülüm,
a gül daşım,
Yanar gözündə göz yaşım,
Son mənzilə son savaşım,
Bir də ilk sevgim gələcək....




Bəlkə, gəlməsən yaxşıdı

Bəlkə, gəlməsən yaxşıdı,
Gecə...
səni gözləyəcəm...
Özün bilməsən yaxşıdı,-
Necə səni gözləyəcəm...

Bir gözəlsən, pir deyilsən,
Daha mənə sirr deyilsən,
Bir bədəndə bir deyilsən,-
Neçə səni gözləyəcəm...

Çox ayrılıq əsdi bizdən.
Üşüdülər istimizdən...
Dağ yeriyə üstümüzdən
keçə... səni gözləyəcəm...

Gözlər dolub sellənəcək,
Qum da açıb güllənəcək,
Tənbəl-tənbəl yellənəcək
Küçə...
səni gözləyəcəm...

Süz göyləri,
dön mələyə,
Yağış yuya, gün bələyə,
Yaz adımı son bələyə,-
heçə...
səni gözləyəcəm...

***

Tanrım, bu yol Eşq yolu
Gedirəm, bitmirəm ki.
Alırsan, al canımı
Xəsislik etmirəm ki...

Yüz yerdən izlənmişəm,
Düzünə düzlənmişəm,
Gözündə gizlənmisəm
Gözündən itmirəm ki...

Dadmışam hər azardan,
Nəyim var üz qızardan?!
Qorxum yoxdu məzardan
Piyada getmirəm ki...

Anama

Ürəyim üstündə şam bənövşəsi,
Ayrı nəyim var ki, yanası, anam.
Sənsən gülşənimin qəm bənövşəsi
Sənsən göz yaşımın sonası, anam.

Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım qəbrinin üstə,
Qorxdum ki, uçular binası, anam...

Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə qalsın, düzü dağ olsun,
Sevməyən kim varsa canı sağ olsun
Məni sevənlərin anası, anam...

15.12.16

Qolf

Dama-dama ağlayır,
Dam kasıbın başında.
Əriyib yas saxlayır
Şam kasıbın başında.

Dərdində kef oynayır,
Dilində “Offf “ oynayır,
Bir nazir qolf oynayır
Xam kasıbın başında.

Yerdən qaçır Göy üzü,
İntihar düzüm-düzüm,
Sağlığına mey süzün
Cam kasıbın başında...
02.02.2017



Bu il qaranquşlar Yəmənə uçmaz...

Bu dünya ələkdən keçib qurtarıb,
Kəpəyi, köpüyü ələyə yatmır.
Bu dünya səbrini içib qurtarıb,
Hikkəsi, hoqqası bələyə yatmır,
Bu dünya özündən köçüb qurtarıb,
Alxışı, qarğışı fələyə yatmır,
Bu il qaranquşlar Yəmənə uçmaz...

Dünyanın ürəyi gör nə gündədir,
Dünyanın ürəyi kündə-kündədir,-
Qaranquş qanadı boydadı göylər,
Qaranquş yuvası boydadı yerlər...
Qaranquş səsində Yəmən qalmayıb,
Gül-çiçək qalmayıb, çəmən qalmayıb,
Kim var ATƏT-ində, BMT-sində,
Bir nəfər halal süd əmən qalmayıb,
Bu il qaranquşlar Yəmənə uçmaz...

Güclər arasında bölünüb dünya,
Giclər arasında bölünüb dünya,
Biclər arasında bölünüb dünya,
Bu dünya güclərin sınaq yeridi,
Giclərin, biclərin sınaq yeridi,
Ölümlər Kərkükdə sınaqdan keçir,
Zülümlər Hələbdə sınaqdan keçir,
Təlimlər Sənada sınaqdan keçir,
Bu il qaranquşlar Yəmənə uçmaz...

Dünya çox oynadı ərəblər ilə,
Bir az Buş oynadı,
bir az Mitteran.
İndi də oyuna girib Rusiya,
İndi də oyuna qoşulub İran.
Nələr oynanılır burda, eh, nələr,
Suları yandırır qara qəlpələr.
Qaçıb alov-alov yağıntılardan,
Ötüb şəhər-şəhər dağıntılardan,
Sulara qərq olur ətcə balalar,
Batır dəniz-dəniz ərəb dünyası,
İtir gəmi-gəmi ərəb dünyası,
Yığıb adamları tökür dənizə,
Bu köpük adamlar, kəpək adamlar.
Köpək balıqları məəttəl qalıb
Yeyir adamları köpək adamlar,
Bu il qaranquşlar Yəmənə uçmaz...

ABŞ viran qoydu Əfqanıstanı,
Mali Fransanın qanlı dastanı,
Suriya rusların ölüm bostanı...
Dünya ədalətin qısır yuvası,
Dağıldı Mursinin Misir yuvası...
Üst-üstə qalandı xarabalıqlar,
Hər daşın altında cəsəd yuvası,
Uçdu bu yerlərin həsəd yuvası,
İsinməz bəşərin Əsəd yuvası,
Bu il qaranquşlar Yəmənə uçmaz...

Qaranquş səsində Yəmən qalmayıb,
Gül-çiçək qalmayıb, çəmən qalmayıb,
Haqq yox ATƏT-ində, BMT-sində,
Bir nəfər halal süd əmən qalmayıb,
Bu il qaranquşlar Yəmənə uçmaz...


Qoca Xalid

Qoca Xalid, bu havanın ritmi nə,-
Bəm birinin, zil birinin əlində.
Könül yatmır bu dövranın ritminə
Şah birinin, qul birinin əlində...

Göyün pəri, Yerin oxu yeyilmiş,
İki dünya bir bəlaya əyilmiş,
Can hər kəsin öz əlində deyilmiş
Ol birinin, öl birinin əlində.

Bir qalada gül daşıdı daş gülü,
Bir talada meh qurudur yaş gülü,
Kim qoyacaq baş daşıma beş gülü,-
Daş birinin, gül birinin əlində...

Xırdalar

Hamı soğan doğrayır
Kefim kökəlir yenə.
Ayağıma düşən dərd
Durub dikəlir yenə.

Matah ucuz,
mədh azad,
Nələr çəkir istedad...
Dalımca arvad-arvad
Qeybət tökülür yenə.

Duz oynayır yaramda,
Ağ söz açır qaram da,
Allahımla aramda
Gömrük tikilir yenə.

Göy belə, göylük belə,
Yer bir adamlıq tələ,
İblis törənir hələ,-
Şeytan əkilir yenə.

Kənar gəzir ortalar,
Ortanı yad qurdalar,
Xırdalanır xırdalar
Yekə yekəlir yenə...


Laçında nə var, nə yox

Məhəbbət Kazımovun məzarı önündə düşüncələr...


Deyirlər Laçındasan,
Laçında nə var, nə yox...
Danış... danış...
dilinin
ucunda nə var, nə yox...

Kimi gəzir gözlərin,
Nələr deyir sözlərin,
Əsir düşən qızların
Saçında nə var, nə yox...

Kim var Keyti dağında,
Kim yatıb qucağında,
Kor qalan ocağında,-
Sacında nə var, nə yox...

Yeri itib pirlərin,
Səsi batıb ərlərin,
Açılmayan sirlərin
İçində nə var, nə yox...

Sarıbaba sarı yurd,
Qarı düşmən, qarı yurd,
Yarı məzar, yarı yurd
Tacında nə var, nə yox...

Öt Laçınım... Laçınım...
Ürək-ürək uçunum.
Ay göylərə uçanım
Köçündə nə var, nə yox...

Deyirlər Laçındasan,
Laçında nə var, nə yox...

Gedirəm, bu yerdən, gedirəm

Bu kölgə mənimmi...
mən yoxam,
Gedirəm, bu yerdən, gedirəm.
Göy üzü yapıncım,
yer çuxam
Gedirəm, bu yerdən, gedirəm.

Qalmağa həvəsim qalmayıb,
Ölməyə nəfəsim qalmayıb,
Sevməyə bir kəsim qalmayıb
Gedirəm, bu yerdən, gedirəm.

Dağ canım,
çay qanım, bilirəm,
Yolları adımdan silirəm,
Allahım, yanına gəlirəm
Gedirəm, bu yerdən, gedirəm.

Qəbrimə son beşik deyərsiz,-
Nə gözəl ev-eşik,- deyərsiz,
Ya dəli, ya aşiq deyərsiz
Gedirəm, bu yerdən, gedirəm.

Şehlənir güllərin düzümü,
Meh öpür islanan izimi,
Quşlara ötürüb səsimi
Gedirəm, bu yerdən, gedirəm.

Dalımca su atma, su pərim,
Suyundan su çəkməz çəpərim,
Dur yığış, sonuncu təpərim
Gedirəm, bu yerdən, gedirəm.

Gedirəm, ay anam, gedirəm,
Gedirəm, a sonam, gedirəm...
Gedirəm, gedirəm, gedirəm...


* * *

Tanrım, bu meşəlikdə
Dəndə olmamış olmaz.
Yon bizdən adam düzəlt
Rəndə olmamış olmaz.

Kim var şahın başında,
Qəm yox ahın başında,
Bu günahın başında
Bəndə olmamış olmaz.

Xamdı nökər də, bəy də,
Ağıl üyüdür səy də,
Dərmanı Ərəsəydə
Çində olmamış olmaz.

İki cür iman olmur,
Kafirə aman olmur,
Gözdə tək duman olmur
Çən də olmamış olmaz.

Bu nə molla, nə dindar,
Əndər, göyləri, əndər,
Bir az qiyamət göndər
Səndə olmamış olmaz.


Bu balaca Zeynəbin ata-anası Suriyada, Heydəriyyədə qətlə yetirilib. Türkiyəyə dayısının köməkliyi ilə gəlib çıxıb. Özündən kiçik üç uşağa analıq edir. Samsun küçələrində dilənib yığdığı quruşlarla saxlayır o məsum çocuqları. Bu qızcığaz səkkiz yaşında olsa da çəkdiyi əzablarıyla nənə yaşındadı...

Zeynəb

Hanı o saraylar,
o səltənətlər,
Daha yer qalmayıb həsədə, Zeynəb.
Kim ağlar o ağlar, viranə yurdu,
Dönüb bir yiyəsiz cəsədə, Zeynəb.

Sovur dəniz-dəniz o göz yaşını,
Qolayla göylərə yerin daşını,
Bir ərəb dünyası qoyub başını
Keçinir o cındır kisədə, Zeynəb.

Kimin nə vecinə
kim kimi vurdu,
Qovulan müsəlman,
qovan gavurdu...
Xalqı içdən yeyir Bəşərin qurdu
İnanma bir ərəb hiss edə, Zeynəb.

Demirəm dur, çay iç,
demirəm gecik,
Hələ üç uşaq var özündən kiçik...
Yatanda əlini yalayan küçük
Çətin ki, canını isidə, Zeynəb.

Daha nəyin qalıb...
ruhun satılır,
Fəryadın satılır, ahın satılır,
İndi də bazarda şahın satılır
Adın qənim olsun Əsədə, Zeynəb...

Samsun, 01.10.2015



Baxış sayı - 14 960 | Yüklənmə tarixi: 10.04.2017 10:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031