Axşamdan səhərəcən ağladım... _MANERA
MANERA
Bu gün ədəbiyyatşünas Zakir Məmmədin doğum gündür.
MANERA.AZ olaraq səbəbkarı təbrik edir və onun yeni şeirlərinii oxuculara təqdim edirik:
***
İsti ölkələrə köçəri quştək
Sən də qanad çalıb uç bu payızda.
Mən uzaq yerdənəm, uzaq eldənəm,
Bu elə, bu yurda köç bu payızda..
Bu dünya bir evdir, mən bu evdəyəm.
Bir cavan budağam, qoca gövdəyəm.
İndi nə yrdəyəm, nə də göydəyəm,
Yaxını, uzağı ölç bu payızda.
Səni görməsəm, qəm könlümü sarır,
Getməyə yer qalmır, dünya qurtarır.
Geyinib əyninə sarı paltarı
Bizim qapımızdan keç bu payızda.
***
Barmaqlarınla sən orda
toxunanda klaviaturaya
mənim noutbukum səs alır, ah çəkir,
mənim kimi o da qocalıb.
***
Yazmayanda, xanım,
əllərinizi hara qoyursunuz,
mənim hər gün axtardığım əllərinizi?
***
Bir qaranquş
balasına necə yem daşıyırsa,
mən özümə söz daşıyıb çatdıra bilmirəm.
***
Gör necə yalan danışır böyük bir adam,
həm də xırda uşaqlara!
***
SSRİ-nin tərkibindən
ölkələri qoparıb çıxaranda
molekulların tərkibi dəyişdi.
***
Mənə aid yuxun varsa, danış.
***
Sulara neft qarışdığından
durula bilmirəm, ey dost!
***
Biz görüşməli idik,
vaxtını, vədəsini bilməsək də.
görüşməli idik.
Adam adamla,
Quş quşla,
Su suyla necə görüşürsə.
Bizim sularımız axmadı,
bizim qanadımız uçmadı,
biz adam ola bilmədik...
***
Sənə çox borcluyam, gözəl qadın,
sənə hədsiz minnətdaram
şəkillərinlə
gözəlliyini paylaşdığına görə.
Ordan özümə aid olanı götürüb,
qadına və gözəlliyiə şeir yazıram.
***
Əlini qaldırıb belə,
Boynunu burub, burub,
Durma yol ayrıcında.
Bu yollar ta aparmır
məbədə adamları.
Nə bilirsən, o başda,
bu başda nələr olur?
Gedib durma nagüman,
Ya da lap güman ilə
bu yolların başında.
Qoy deyim bildiyimi,
yolların o başında
çoxlu villa tikiblər.
***
İndi bir söz deyərəm, pıçıltılı, ya səsli.
Bu səs-küyün içində eşitməsə adamlar,
əsən yellər sağ olsun.
İndi bir söz desəm mən,
Qulaqlı papaqlarla gəlib keçər adamlar,
gəlib keçər qış, bahar...
çöldə otun, çiçəyin,
quşun canı sağ olsun.
Mən deyərəm üzümü tutub gəlib-gedənə
Daşın canı sağ olsun.
əsən yellər sağ olsun.
***
Tez-tez yandırıb, söndürüb
duyğularımı korlamısan.
Sındıra-sındıra gedirsən,
ürək-göbək qalmır məndə.
Bu qədər qab-qacağın
pulunu kim verəcək?
***
Kəhər atı nalladım,
Naxçıvana yolladım.
Nə başınızı ağrıdım,
A dərdin alım!
Kəhər atı nalladım,
Gəncəyə yolladım,
Gəncə nə Gəncə!
Nə qocaya baxan var,
Nə gəncə...
Kəhər atı
Şuşaya buraxmadılar,
Dedilər,
Buzdu Şuşanın yolları;
Şüşə kimidi dedilər,
Ürəyimiztək şüşələnib.
Kəhər atı nalladım,
heç yana yollamadım,
Oturub səhərdən axşamacan,
axşamdan səhərəcən
ağladım.
***
Gülüm o dağda qalıb,
Ay gülüm hey, can gülüm hey!
Bir əlim bu tayda qalıb,
bir əlim o tayda qalıb;
Bir gözüm o toyda,
bir gözüm bu toyda qalıb.
Bir ayağım burda,
bir ayağım orda;
Bir ayağım gorda...