Məhəbbət Allah kimi... ŞEİRLƏR |MANERA.AZ
Yavər HƏSƏN
TƏKİ ÜRƏK OLSUN...
Mənimçün məhəbbət Allah kimidi,
fikrimdə, sözümdə hər zaman birəm.
Ürək, – elə zənn et, özgə cibidi,
mən cibgir deyiləm, ürəyə girəm.
Mənim istədiyim gül ayrı güldü,
yada tikanı var, mənə qoxusu.
Biz vəslə yetməmiş, ayrılıq gəldi,
səndə göz olmadı, məni oxusun.
Yeri kənar yerdə kənar qucaq gəz,
sənin ki sevginin hasarı yoxdu.
Məndən kənar dolan, məndən uzaq gəz,
əlimdə xoşbəxtlik açarı yoxdu.
Mən özümdə mənəm, sən özündə sən,
mənə də, sənə də – açıq qapılar!
Təki ürək olsun, sevə biləsən,
sevməyə hər zaman adam tapılar.
MƏNİM TƏSƏLLİM VAR...
Yolun yaman üzü çıxdı qarşıma,
yolun yaxşı üzü qoy sənin olsun.
Mənim dolu döysün burda başıma,
sənin nə dumanın, nə çənin olsun.
Günəş tər qızılgül, Ay nərgiz versin,
ulduzlar bənövşə göndərsin sənə.
Səndən uzaq olsun Taleyin tərsi,
Bəxtin dan yerindən Gün dərsin sənə.
Bahar kəniz qalsın yanında sənin,
gül-çiçək döşəsin ömür yoluna.
Mənim xəzan olsun çölüm-çəmənim,
gəlsin payız fəsli girsin qoluma.
Xoşdur uduzmağım, qoy mən uduzum,
təki sən ömrünü firavan yaşa.
Mənim təsəllim var, Göydə ulduzum
sənin ulduzunla dayanıb qoşa.
SUYUN DONMUŞ HALI...
Gözümdə lalədi bir qaşıq qanım,
beynimdə fikirlər çıxıb qırğına.
Fil yükü daşımış bir qarışqanın
üzülmüş canından betər yorğunam.
Başımın içində ağrılar çin-çin,
elə bil başıma ildırım çaxıb.
Əllərin əlimdən uçmuş göyərçin,
təsəlli tapmıram şəklinə baxıb.
Suyun donmuş halı, külüyəm odun,
tüstüm başım üstdə qara buluddu.
Ay Allahım kimi sevdiyim qadın,
günahım nə oldu, məni unutdun?
Canım bu dünyanın harasındadı? –
Bilmirəm, yaddaşım durub qəsdimə.
Başım əllərimin arasındadı,
qürub qaranlığı çökür üstümə.
SURƏTİN NƏQŞ OLUB...
Surətin nəqş olub bu iki gözə,
ruhum da saxlayıb ta yadda səni.
Hamıdan gözəlsən, hamıdan gözəl
özüm sevəcəyəm həyatda səni.
Sənin həsrətindən sinəm şan kimi,
kimsə dolanmasın həndəvərinə.
Sənə pərvanəyəm, yanma, şam kimi
özüm yanacağam sənin yerinə.
Qara gözlərinə baxmısanmı heç? –
neçə min Leyli var, Əsli var orda.
Gözümdə dayanma, ürəyimə keç,
səninçün məhəbbət fəsli var orda.
Eşqindir ömrümün gülü, gülşəni,
Günəşim adınla çıxır üfüqdən.
Elə ki yadıma salıram səni,
görürəm Allahım baxır üfüqdən.
MANERA.AZ