manera.az
manera.az

Əzaba gülən adam - ŞEİRLƏR | MANERA.AZ

Əzaba gülən adam - ŞEİRLƏR   | MANERA.AZ

Faiq HÜSEYNBƏYLİ

***
Olumdan ölüməcən,
İnad etmə, ol mənim.
Eşqə doğru gedirəm,
Bu yön mənim, yol mənim.

Bu candayam mən Faiq,
Ünvandayam mən Faiq.
Hər yandayam mən Faiq
Sağ mənimdi, sol mənim.

Mən son ümid, mən nicat,
Həm ölüməm, həm həyat.
Mənəm külli-kainat,
Ağa mənim, qul mənim.

Çoxu mənəm, azı mən,
Dərini, dayazı mən.
Alnımdakı yazı mən,
İmza mənim, qol mənim.

***
Bu yol hardan başlayır,
Harda yetir sona yol?
Tutub bala küçənin
Əlidən bu ana yol.

Azıb-itsə, qayıdar,
Ömür bitsə, qayıdar.
Hara getsə qayıdar,
Qayıdar tək Ona yol.

Kim ki, tənhadı, təkdi,
Gözü yol çəkəcəkdi.
Yol var, güldü, çiçəkdi,
Var ki, batır qana yol.

Yol budaqdı, yol yarpaq,
Bir az dərə, bir az dağ...
Gah daş olur, gah torpaq,
Girir dondan-dona yol.

***

Sevincimi unudub
Kədər yaşasam, heç nə...
Bu həyatı yenidən
Hədər yaşasam, heç nə...

Sən solmayan gülümsən,
Səhər-axşam gülümsə.
Axşam ruhum ölübsə,
Səhər yaşasam, heç nə...

Sökülür içim hərçənd,
Sətirbəsətir, bənd-bənd.
Yas tutursa mənə kənd,
Şəhər... yaşasam heç nə...

Kim verər həvəs mənə,
Yetişməsə səs mənə?
Yaşadığım bəs mənə,
Yetər. Yaşasam heç nə...

***
Salmısan Kərəm oduna,
Soyutmaq buz işi deyil.
Bəlkə də şeytan işidi,
Bu sitəm qız işi deyil.

Özün məni eylə agah,
Nədir savab, nədir günah?
Səni vəsf eyləmək, vallah,
Qələm-kağız işi deyil.

Şübhəylə, şəkklə sevmişəm,
Arzu-diləklə sevmişəm.
Sənin ürəklə sevmişəm,
Bu sevgi göz işi deyil.

***

Necə çıxdı ki, qarşına,
Axı, necə şeirlərim?
Dolanır sənin başına,
Gündüz-gecə şeirlərim.

Həqiqətə mütalibdi,
Eşqə yenilən qalibdi.
Hansı qüdrətə sahibdi,
Hansı gücə şeirlərim?

Könül verdim ilhamına,
Baxım dadına-tamına.
Ucaldımı məqamına,
Tanrım, uca şeirlərim?..

Hərdən fikir tək dağılır,
Hərdən qəmində boğulur...
Körpə uşaq tək doğulur,
Bax, beləcə şeirlərim.

Dünya adlı qəfəsi var,
Qəfəsdə dustaq səsi var.
Öz havası, nəfəsi var:
Mənim heca şeirlərim.

SABİR YUSİFOGLUNA

Bir Eşq məzardan,
Dirilib çıxanlarıq.
Sətir-sətir, sözbəsöz,
Hörülüb çıxanlarıq.

Ömrün Tanrı payınnan,
Sözün haqqı-sayınnan,
Ox kimi öz yayınnan
Gərilib çıxanlarıq.

Çarə istəmə şahdan,
Şah da umar Allahdan.
Göz yaşıyla günahdan
Durulub çıxanlarıq.

Şair, ürək təklənib,
Dərd açıb çiçəklənib.
Güzgüdən çiliklənib,
Qırılıb çıxanlarıq.

BİR DƏ GÖRDÜN...

Bir də gördün yox oldum,
Nömrəmə zəng çatmadı.
Ürəyindən yıxıldım,
Diksindin...
İçində qırıldı nəsə,
Qulaq verdin bu səsə.
Bir də gördün yox oldum,
Küləklər kimi əsdim,
Yağışlar kimi kəsdim.
Çıxdım sənin içindən,
Dedim, əlvida, gülüm.
Bu da son!
Bu da ölüm!

Bir də gördün yox oldum,
Göz yaşına bələndim,
İslandı üzüm, əlim...
Bir ağıyla vuruldum,
Ağrıyla güllələndim.
Bir də gördün yox oldum,
Söndü bütün işıqlar.
Söndü Günəş,
söndü ay,
yox oldu yaraşıqlar.
Qaranlıq oldu hər yer,
çıl-çıraqlı səadət,
Öpüş...
Sevgi...
Məhəbbət...
Anlayarsan nəhayət,
Yox oldu, getdi Faiq.
Son dəfə qısqanarsan:
"Məni unutdu Faiq..."
Toxunar barmaqların:
"Təbəssümü buzdu, buz..."
Mən o dünyada tənha,
Sən bu dünyada yalqız.

"Son ola bilməz bu eşq,
Növbəti zarafatdı"-
deyərsən, ağlayarsan,
ağlayarsan, gülərsən.
Elə həmin gün axşam
Özünü öldürərsən
Və... yanıma gələrsən.


***

Yollara səs salmışam,
Dumanla gəlmişəm mən.
Neçə arzu-diləklə,
Gümanla gəlmişəm mən.

Könlümə dərd əkmişəm,
Söz üstünə çökmüşəm.
Ardınca ah çəkmişəm,
Amanla gəlmişəm mən.

Gəl, ey könlümün şahı,
Əfv eylə bu günahı:
Dəyişib qibləgahı,
İmanla gəlmişəm mən.

Günü aya qatmışam,
"Məndən" sən yaratmışam.
İlləri ovutmuşam,
Zamanla gəlmişəm mən.


***

Hamam hamam içində
Təzə zaman, təzə tas.
Sənə nağıl söyləyim,
Ömrüm-günüm, qulaq as.

Biri varmış, biri yox,
Dəvələr dəllək imiş.
Allah da yer üzündə
Tənha imiş, tək imiş...

İlhama gəldi bir gün,
Murada çatdı Allah.
Torpaqdan, sudan, oddan,
Adam yaratdı Allah.

Nəfəs verdi insana,
Havalı olsun, dedi.
Həsrət verdi insana,
Halalı olsun, dedi.

Sevgi verdi insana,
Gözlərində yaş olsun.
Nifrət verdi insana,
Sevən könlü daş olsun.

Yaratdı! Saldı Tanrı,
İnsanı bu qəmlərə.
Sonra da rəhm eylədi,
Bəndeyi-adəmlərə.

ƏZABA GÜLƏN ADAM

Dodağında təbəssüm,
Gözlərində gülüş var.
Kim deyir ki, payızda
Çiçək açmır arzular?

Ömür həmin ömürdü,
Həyat həmin həyatdı:
Kədərdi, intizardı,
Səadətdi, nicatdı...

Gül, gülüşün şüşə tək
Cingildəsin, əziz dost!
Utandırsın qisməti
Sözün, səsin, əziz dost!

Gülüş ömrü uzadar,
Gül, ömrün bahar olsun.
Sənin olsun gözəllik,
Tanrı sənə yar olsun!

Suallar qarşısında
Dayanmışam lal kimi.
Xatirələr, ötənlər
Bir yuxudu bal kimi.

Kim dəyişər düzəni? –
Qəmlə süslənib odam.
Gülüşünə heyranam,
Əzaba gülən adam!

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031