manera.az
manera.az

Mənim albomum- Nigar Arifin şeiri

📅 28.12.2016 09:00

Mənim albomum- Nigar Arifin şeiri


Nigar Arif

Mənim albomum aynalar idi..
Yağış yağanda,
Hərdən səmada buludlar qar yoğuranda,,
Külək soyuqdan qaçıb ətrafa duman saranda,
Qaranlıqdan ay işığı süzülüb
Üzünü pəncərəmə yaxanda,
Mənim albomum aynalar idi...

Çeçələ barmağım küsərdi həmişə
şəkil çəkəndə,
Daha çox işarə barmağım gələrdi köməyimə
Ortancıl elə ortada qalardı
Nişan barmağımsa nə çəkdiyimi nişan alardı.
Bax beləcə... Beləcə rəsmim də tamamlanardı...

Çox vaxt bir qız idi hədəfim
Üzü mənə sarı, yolu qarşı tərəfim.
Bənizi günəş, gözləri ulduz
Saçları sonsuz
Köksündə ürək
Uca bir ağaca söykənmiş kürək
Bir də səmadan aşağı vurnuxan baxış
Bu baxışdan süzülən yağış
Məni çağırardı
"gəl bizə qarış".

Arabir peyda olan bir təbəssüm vardı bu tabloda...
Ağızı qulaqlarında,
Çürük diş görsənərdi,
Bax o çürük dişdə də,
uşaqlığın saflığı, qayğısı gizlənərdi.
Tez böyümək arzusu
O uşağın qəlbindən
Kipriyinə dırmaşıb,
gözlərinə enərdi.
Hə, əcəb günlərim idi.

İndi yağış yağanda,
Səmada buludlar qar yoğuranda,
Evimizdə isti hava buxarlananda,
Külək soyuqdan qaçıb ətrafa duman saranda
Qaranlıqdan ay işığı süzülüb
üzünü pəncərəmə yaxanda
O albomdan çıxır uşaqlığım,
Baxıram ki böyüyüb xeyli...
Böyüyüb, lap elə mənim kimi.
Dayanır gözümün qabağında,
Yaddaşımın yaddan çıxan bağında,
Və mənə deyir: Salam, mən gəldim...

MANERA.AZ


Baxış sayı - 2 512 | Yüklənmə tarixi: 28.12.2016 09:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031