Göyqurşağından üç arzu... | MANERA.AZ
manera.az
Məsələn, indi yağış yağsaydı şad olardım... Yay yağışı payızda yağan yağışa heç oxşamaz. İlk damcı göz qapağına, yanağına ya da dodağına toxunar. Yağışın yağıb yağmayacağını düşünüb üzünü səmaya yönləndirdiyin an ilıq damcılar yerə səpələnməyə başlayar. Üzündə yaranan səbəbsiz təbəssümlə bərabər qollarını açarsan. Üstün-başın daha çox islansın deyə. Yay yağışının ömrü uzun olmaz. Bir dəqiqə, beş dəqiqə, ən uzağı on dəqiqə.
Uşaq vaxtı yağış yağanda analarımız bizi tez evə çağırardı məhlədən. Evə getməmək üçün yağışın tez kəsməsini istəyərdik deyə yerdəki kiçik daş parçalarını tərsinə çevirməyə başlayardıq. Məhəllədəki bütün uşaqlar. Bunu bizə kim demişdi xatırlamıram, amma biz buna inanırdıq. Hər uşaq 7 kiçik daş parçasını çevirməli idi. Mən hərdən çaşırdım, bütün daşların üzərində damcı izi olduğuna görə başım qarışırdı. Hansını çevirmişəm? Hansını yox?
Səhv etməkdən qorxardım, çünki yağışın dayanıb dayanmamasının məndən asılı olduğunu düşünürdüm. Hamımız daşları çevirdikdən sonra yenidən bir araya gələrdik və yağışın dayanmasını gözləyərdik. Yağış kəsildiyi an böyük bir sevinclə bir-birimizi qucağlayardıq.
Kaş indi də elə bir ritual olsaydı... Yağışı yağsın deyə çıxıb məhəlləmizdəki bütün kiçik daş parçalarını tərsinə çevirsəm görəsən işə yarayar? Axı yay yağmuru tamam başqadı. Göy qurşağı da adətən yay yağışından sonra çıxar. Beş dəqiqəlik yağışın ardından, heç üstün-başın qurumamış günəş yenidən səmaya qayıdar və dənizin üzərindən körpü kimi 7 rəngli göyqurşağının asıldığını görərsən. Çevirdiyimiz 7 kiçik daş parçasını 7 rəngli göyqurşağına çevirdiyimizi düşünərdik. Fərqi nədi göyqurşağını birinci kim gördü? Hər kəsin göyqurşağından üç arzu diləmək şansı var idi...
Manera.az