XANIM AYDIN - "Mən ağacam..." | MANERA.AZ
![]()
manera.az
(mənsur şeir)
Səmayla torpağı birləşdirən... Köklərimlə torpağa, budaqlarımla səmaya açılan ağac! Ümidə, sabaha, məhəbbətə - günəşə inanan ağac! Əcdadlarımın genetik kodunu özümdə daşıyan, nə qədər dəyişsəm də yenə onlara bənzədiyim üçün özüm olan ağac. Külək qoparıb buludları qovuram... İncidirəm onları... Sərhədləri aşıb keçirlər... Küsdürürəm onları... İnciyirlər məndən... Ağ-mavi buludlar qəzəblənir qaralıb-bozarıb yağdırır leysan yağışı üstümə... Qəzəbini mənə tökür beləcə... Yarpaqlarımdan damcı-damcı süzülür torpağa yağış... Bu mənim göz yaşlarımdı... Ağlayıram.. Kövrəyəm mən... Üşüm-üşüm üşüyürəm soyuqluqdan... Mən də küsürəm günəşdən... Ayrılıq rəngi alıb yarpaq-yarpaq tökülürəm... Qovuşuram torpağa - əbədiyyətə. Günəş olsa şax durardım. Əyməzdi belimi kədər... Yenə küsürəm günəşdən... Əslində günəşi buludlar gizlədir... Mən onları incitmişəm axı, onlar da məni incidir... Kimsə budaqlarımı qırır... O mənim ümidlərimdi... Qırmayın ümidimi, sındırmayın məni.. Kövrəyəm, vallah kövrəyəm... Hər qışdan çıxdığmıda yaza sevinən ağacam... Xoşbəxtliyi xırda sevinclərdə yaşaya bilən ağacam... Budağımda tumurcuq var.. Bu yazı da yaşayacam! Payızı qucaqlayacam! Mən ağacam. Dosta dost, düşmənə düşmən kimiyəm! Mən ağacam, yaşadıram hava kimi... Mən ağacam yazdırıram qələm kimi... Mən ağacam yatırıram beşik kimi... Və unutma! Mən ağacam, aparıram tabut kimi...
Xanım Aydın,
MANERA.AZ