manera.az
manera.az

"Atamın qabarlı əlləri göydə qalmışdı"- Şeirlər

📅 21.11.2016 15:49

"Atamın qabarlı əlləri göydə qalmışdı"- Şeirlər
Manera.az Bəxtiyar Əlirzayevin şeirlərini təqdim edir:

Hələ qış gəlməyib, yenə qar yağır,
Keçənilki qışda bulud yox idi...
Atamın qabarlı əlləri göydə qalmışdı
Allahı çağırhaçağır:
Bir qar yağsın,
torpaq örtünsün,
qurd-quş ölsün,
məhsul bol olsun,
satım, oğluma ev alım.
Bu vecsiz oğlunun əlləri də göydəydi onda.
Deyim niyə?
Səndən ayrılmağı o gözəgörünməz qismət eləməsin deyə.
Atamı eşitmədi...
Hələ o bacım...
Saçlarına qurban olduğum, diləyirdi ki,
boyumu qucaqlasın,
baxıb bulanıq gözlərimə
oda düşən tənək budağı kimi ağlasın.
Yuxusunda hər gün kəndə gedirdim...
Mənsə onda
səndən uzaq qoyar deyə
filmlərdəki qatarlara da nifrət edirdim.
Qardaşım...
hələ qardaşım...
Əlləri az qala başım boyda olan qardaşım..
Qarışqaya dönərdi ertədən gecəyədək,
nədi-nədi
min manat maaş alan qardaşına
kənddən beş manat yollasın...
Halbuki hər anımda
üzün ovcumda,
gözüm gözündə
ölümə qaçırdım onda.
Hələ... hələ...
O gözlərinə qurban olduğum üçün
yaz gəlmirdi,
yay olmurdu,
payız düşmürdü,
qış da elə beləcəydi:
Qar yağsa, qarsız...
gün doğsa, işıqsız...
Mənsə atamı dinləməyən o göydəki kişiyə
yalvarırdım onda...
Niyə?..
Səhər oyananda gözlərindəki işığı görüm deyə.

***
Sən boşunamı rast gəldin mənə...
boşunamı məhv oldu hər şey?
Gözlərin, əllərin, dodaqların boşunamı?
Nə ağız dolusu “sevirəm” deyə bilirəm,
nə də salıb dəliqanlılığıma
bu sevgi çıxardanın var-yoxunu söyə bilirəm...
Durub “öl” desən,
ölməyə gücüm də yetməz.
Bəs sabahları gözləməyim boşunamı?
Yana bilməməyim,
sönə bilməməyim,
öləziməyim boşunamı?
Boşunamı bu qağayı yuxusu?
Boşunamı bu intihar istəyi?
Boşunamı muma döndərdin bu davakar adamı?

***
Od özünü yandırır, sular axmır, gəzinir,
Buludlar çiçək açıb, şimşək çaxmır, deyinir,
Bax, bütün boğulanlar su üstünə çıxdılar,
Axıb, batan ulduzu göy üzünə taxdılar,
Uşaqlar ölmür daha...
Bu gün bir başqa gündü,
heç kim batmır günaha...
Atalar lala dönmür,
ana saçını yolmur,
yetim yoxdu dünyada.
Xoşbəxtdi üşüyənlər,
içənlər serroz olmur.
Bu gün solmur çiçəklər, qara deyil qaranlıq,
Öləzimir ümidlər, qeybə çıxıb yamanlıq,
İntihar edənləri tanrı da bağışlayır,
Bax bütün gedənləri qalanlar alqışlayır.
Hər şey bizim üçündü...
Heç getməli vaxt deyil,
bu gün bir başqa gündü...

***
Gün gələr, dövran dönər,
Yürü, başına döndüyüm.
Bu karvan durmağı sevməz,
Yeri, başına döndüyüm.
Adamdan tanrı törədir,
Düyü kimi arıtladır,
Ağlamaq sevda yaradır,
Kiri...
kiri, başına döndüyüm.
Dəlixayam, yovuşmazam
Axaram hey, uyuşmazam...
Elə günə düşmüşəm ki,
səndən əhval soruşmazam,
Dəli Kürüm, off, off,
Off, başına döndüyüm.


Baxış sayı - 3 217 | Yüklənmə tarixi: 21.11.2016 15:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031