manera.az
manera.az

"Məhkəməyə verəcəyik!" | MANERA.AZ

📅 28.10.2015 14:16

"Məhkəməyə verəcəyik!" | MANERA.AZmanera.az
Orxan Bahadırsoy yazır...

Bank sərgüzəştləri

Burda sizə təqdim etdiyim söhbətlər uydurma deyil. Hamısı reallıqlardır. Bəzilərinin şahidi olmuşam, bəzilərini mənə danışıblar. Amma bu sadəcə kiçik bir qismidir. Eşitdiklərim və gördüklərim bundan qat-qat çoxdur. Əslində, bunları siz də eşitmisiz və görmüsüz. Çoxunuzun isə yaşadıqlarıdır bunlar.

***

Vətəndaşa zəng gəlir:
-Alo!
-Salam. Sizi .... bankdan narahat edirik.
-Buyurun!
-Siz üç aydır ki, niyə ödəniş etmirsiz?
-Yoxdur! Pul yoxdur! Yoxdur başa düşmürsən?
-Onda niyə kredit götürmüsüz?
-Mən səndən 2000 manat pul istəmişəm. Sən bu puldan 200 manat komissiya haqqı tutub, mənə 1800 manat pul vermisən. Üstünə də 500 manat faiz gəlib, 2500 manat pulu dollara çevirmisən. Bu da edib 3200 dollar. Amma mən səndən əlbəəl 1800 manat pul almışam. Sən o kağızlara yalandan 3200 dollar verdiyini yazmısan. İndi də dollar qalxıb, məndən tələb edirsən ki, sənə 3200 manat pul ödəyim. Mən hardan ödəyim, hə? Mən demirəm, sən de...
-Konstitusiya məhkəməsinin qərarını gördünüz. Qərar verildi ki, kreditlər yeni məzənnə ilə ödənilməlidir.
-Onda get o qərarı verən hakimlərə de ki, ödəsinlər yeni məzənnə ilə!
-Ödəməsəniz, məhkəməyə verəcəyik! – deyib bank işçisi əlaqəni kəsir.

***

Bankdan vətəndaşa zəng gəlir:
-Alo!
-Salam sizi .... bankdan narahat edirik.
-Buyurun.
-Siz dörd aydır ki, kredit ödənişini etmirsiz.
-Qardaş mən müəllim işləyirəm.
-Bilirik.
-Mən nə qədər maaş alıram, bilirsən?
-Kredit müqaviləsində 200 manat maaş aldığınız yazılıb.
-Hə. Mən 200 manat maaş alıram. Bu 200 manatı sənə verim, o biri banka verim, o birinə verim, kredit kartlarına verim, üzvlük kartlarına verim, ərzaqa verim, paltara verim, toya-yasa verim? Hansınsa verim?
-Ödəyə bilmirdinizsə, götürməyəydiz!
-Sən görürdün ki, mən 200 manat maaşla bu qədər pulu ödəyə bilməyəcəyəm. Onda mənə niyə verirdin bu krediti?
-Siz bankı ələ salmısınız!
-Mən heç kəsi ələ salmamışam. Mən aylıq gəlirimə uyğun kredit götürmüşəm, sən onun iki qatını məndən tələb edirsən. Yoxdur! Ödəyə bilmirəm. Get, kartdan çək pulu. O biri banklarla danış, aranızda bölüşdürün!
-Ödəməsəniz, məhkəməyə verəcəyik! – deyib bank işçisi əlaqəni kəsir.

***

Daş bazarında işləyən vətəndaşın iş yerinə bankdan nümayəndə gəlir:
-Salam. Siz üç aydır ki, banka ödəniş etmirsiniz.
-Bilirəm.
-Niyə ödəmirsiz?
-Mən gəldim də banka. Pulu ödəmək istədim, mənə dedilər ki, get pulu dollar elə sonra ödə. Mən çıxdım nə qədər gəzdimsə, dollar tapmadım. Sonra da pulu xərclədim.
-Xərclədiniz? Pulu dollara çevirmək nə çətin işdir ki?
-Bura şəhərin mərkəzi deyil. Balaca qəsəbədir. Tapılmadı dollar. Həm də ki, bura Amerika deyil. Azərbaycandır. Mən niyə dollar üçün gəzməliyəm şəhəri? Gəlib pul ödəmək istəyirəm, deyirsiz get dollar gətir. İndi də pul yoxdur. O vaxt daş satılmışdı, gətirmişdim.
-Bəs haçan ödəyəcəksiz?
-Bu maşını görürsən? Bax, içi daşla doludur. Bir həftədir satılmır daş. Onu satsam, ödəyəcəyəm.
-Bəlkə bu daş heç satılmadı.
-Sən mənə niyə qarğış edirsən? Sən dua et ki, satım. Sonra ödəyərəm.
-Əgər ödəməsəniz maşını alacağıq.
-Doğrudan? Elə indi apar da. Borclarımı siləcəklərsə, apar. Daş-zad satıb özləri bağlasın kreditlərimi.
-Siz bizə əziyyət edirsiz. Ödəyə bilmirdinizsə, niyə götürürdüz?
-Mən krediti götürəndə iş var idi. Daş satılırdı. Olimpiya oyunları ərəfəsində yük maşınlarının hərəkətinə qadağa qoydular. Ona görə də daş bazarı işləmədi. Sonra da, bax, bu böhran yarandı. Indi heç kəsdə ev tikmək üçün pul yoxdur. Ev tikmədiklərinə görə də onlara daş lazım deyil. Daş lazım deyilsə mənim daşım necə satılsın? Mənim daşım satılmırsa, mən sənə pul necə ödəyim?
-Ödəməsəniz, məhkəməyə verəcəyik! – deyib bank işçisi ordan ayrılır.

***

İki vətəndaş bir-biri ilə söhbət edir:
-Bir dəfə evdə otaqların birində təmir işi görürdüm. Bankdan zəng gəldi...
-Təxminən haçan olub bu?
-O bəxtəvər günlərdə. Keçən il bu vaxtlar olardı.
-Hə, mənə də gəlmişdi.
-Mənə dedilər ki, kredit götürmüsüz. Dörd aydır vaxtı-vaxtında ödəyirsiz. İstəsəniz, indi sizə 1000 manat kredit verə bilərik. Mənim əl borclarım var idi. Dedim hamısını bağlayıram, təkcə bunu xırda-xırda ödəyərəm.
-Eyni şeyi mənə də dedilər e. Getdim 900 manat pul verdilər, 100 manat komisiyya haqqı tutdular. 200 manat da faizi. Sonradan öyrəndim ki, müqaviləyə 1600 dollar pul götürdüyümü yazıblarmış.
-Ay sağ ol. Hə, məndə də elə. İndi də tələb edirlər ki, 1600 manat ödəyim. Ondan əvvəl də həm o bankdan, həm də başqa banklardan götürdüyüm kreditlər var. Hamısını da müqaviləyə dollarla yazıblar.
-Hələ mənə üzvlük kartına görə mesaj gəlmişdi. 300 manatlıq kart götürmüşdüm, yazmışdılar ki, limit 600 oldu, 3 gün ərzində pulu götürməsəm təzdən 300 edəcəklər. Mən də götürdüm.
-Hələ səndə yaxşıdır. Mənə yazmışdılar ki, limit 1200 oldu. 3 gün ərzində götürməsəm, 600 edəcəklər. Mən də götürdüm.
-Belə çıxır ki, bunlar məzənnənin dəyişəcəyini biliblərmiş.
-Bəs sən neyləyəcəksən?
-Ödəmirəm. Bilsəm ki, məni içəri basıb borcları siləcəklər, lap 10 il də yatmağa razıyam.
-Eyni fikirdəyik! Mən də razıyam! Ödəyə bilmirəm!

MANERA.AZ



Baxış sayı - 1 817 | Yüklənmə tarixi: 28.10.2015 14:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031