manera.az
manera.az

Bir az esseistəm, bir az tənqidçiyəm, bir az şairəm... - Mehman Qaraxanoğlu

📅 01.05.2026 17:54

Bir az esseistəm, bir az tənqidçiyəm, bir az şairəm... - Mehman Qaraxanoğlu

Hörmətli “Manera.az!”
1 may doğum günümdür. Nəsə bir boşluq vardır. Üstəgəl boşluq təzyiqi... Bəlkə, “keçmiş” şeirlərim bu cür disharmonik əhvaldan çıxmağa kömək edə bildi? Onlar indiyənədək kitab halında çap olunmayıb, yığsam, 2-3 kitablıq olar, bəziləri saytlarda çıxıb, əksəriyyəti heç çıxmayıb da, necə yazmışam, eləcə də qalıb...

Hörmətlə: Mehman Qaraxanoğlu


BİR DƏQİQƏLİK SÜKUT...

1.
Ey Əbədiyyət Yolçuları!
Mən sizin ayaqlarınızın altina düşən o dəqiqələri yığıram –
xırda qəpikləri
Uşaqlara verəcəyəm ki, oynasınlar...

2.
Bayraqlar yarıyacan endirildi...
O döyüşçü də yarıyacan soyunub
kranın altına bu cür girirdi.
Zamanı yumaq çətindi...

3.
Bir dəqiqəlik sükut -
Məni bir dəqiqə gözləyin,
İndi qayıdaram...

4.
Mən əlavə zamanlar istəmirəm,
Bir dəqiqənin içərisinə yığılanda
Bir oluruq,
Çoxalırıq...

5.
Uzaqdan gəmilər fit verir
Kimi çağırır, görəsən?
Onsuz da biz buradan tərpənən deyilik...
6.
Mən saatlarla sükuta dalmağı bacarıram
Fəqət indi
O şəhidin təbəssümüylə bacarmıram...

7.
Bir dəqiqəlik sükut...
O qarı xəmirli əlləriylə durub farağat dayandı
Mən Salvador Dalinin əriyən saatlarını gördüm...

8.
Bir dəqiqəlik sükut -
Nəvəm saatla oynayır...

9.
Sükutun dəqiqəsi olmur.
Bəs dəqiqənin sükutu?!
Yaxşı olar,
Sükutu dəqiqədən uzaq tutun!

10.
Mən səni döyüş meydanında necə saxlayım?!
Ey mənim ölən dostum -
Ölən dəqiqəm,
Gülən sükutum?!
Mən zamanı öz çiynimə götürməyi bacararam...

11.
Bir dəqiqəlik sükut
və ya
sükutun təkamülü:
Mənim Çaldıranım,
Mənim Xocalım,
Mənim Şuşam...

12.
Bir dəqiqəlik sükuta deyil,
Vulkanın yandırıcı alovuna
Əyirəm başımı...

13.
Ey bir dəqiqəlik sükutu rəsmiləşdirənlər,
Bəs ata əzabının,
Ana hüznünün
Sonsuz sükutunu
Necə rəsmiləşdirək?!

14.
Mən inana bilmirəm:
Bir dəqiqəlik sükutdan sızan
Qan-yaş gölməçələrini
Kim qurudacaq, kim?

15
Sükut...
Fəqət saat çıqqıldayır...


YAZI

Ey
Başım üstə
Dövrə vuran qadın!
Mən səni
Enməyə qoymuram...

Guya
Yazı adamıyam,
Guya şairəm...
Guya
Belə yazılıb yazı

Misralarım -
Enmə zolağının
Dümdüz xətləri...

Guya sən bura ensən,
Pozulacaq bu xətlər...

Qırılacaq
Böyrümə qısıla-qısıla
Üzümə qımışan
İlham pərimin qanadları...

Və sən
Bütün bunları bilə-bilə
Daha çox fırlanırsan başıma,
Ey qadın,,,

AĞRISIZLIĞIN QƏRİBƏLİYİ

Ağrıyan dişləri çəkib atırlar,
Atılımalıydım... Nə yaxşı... atdın...

Şeir yazmaq üçün sevmişdim səni,
Sən məni atdın ki, şeirimi yazım?!

Gör haraya atdın... Lap uzaq yerə -
Ədəbi cameəyə - lehməxanaya!

Sözdən ulu nə var bu gen dünyada?!
Guya ki, bunların vecinə deyil...

Özləri bilərlər, öz işləridi...
Ölüm ilgiləndirir məni,
Sevgili ölüm...

Sən axı ağ rəngi heç sevməyirdin -
Orada qarşına necə çıxaram?!

Qorxuram sən məni yenə atasan,
Atasan, çıxam yenə Yerin üstünə...

... Məgər qucaqlamağa adamın yoxdu,
Soyuq dizlərini qucaqlamısan?!

AVTOPORTRET
Bir az esseistəm, bir az tənqidçiyəm, bir az şairəm,
Bir az ağıllıyam, bir az dəlisovam, bir az səfehəm...

Arvadım bağırır: Bir az ər ol, ər!
Uşaqlar qışqırır: Ata ol, ata!






Baxış sayı - 17 | Yüklənmə tarixi: 01.05.2026 17:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031