“Xudavəng əfsanəsi”ilə “Hophopnamə”nin görüşü
(Oxucularıma və qələm dostlarıma minnətdarlıq hissi ilə)
Azərbaycanın haqq savaşında qələbəsi, ərazi bütövlüyünün bərpası ilə yekunlaşan Vətən müharibəsinin yaratdığı reallıqlardan biri kimi, böyük bir mirasa – erməni kilsəsinin əsarətindən qurtulan alban məbədlərinə varis çıxan, Şərqi Qafqazın qədim, köklü sakinlərindən olan azsaylı udi xalqının mənəvi dəyərlərini tərənnüm edən “Xudavəng əfsanəsi” kitabının ana xəttini sevgi povesti təşkil etsə də, əsər əslində milli kimliyin, mənəvi kökə qayıdışın və eyni zamanda Azərbaycan multikultural mühitinin ədəbi modeli kimi çıxış edir.
Povestin qəhrəmanı milliyyətcə udi olan gənc rahibdir və o, bərpa edilməkdə olan Alban Apostol Kilsəsinin tənəzzül edən Erməni Qriqorian Kilsəsini nüfuzda üstələməsinə xidmət etməyi özünə həyat kredosu seçib. Lakin o, subaylıq andı içməklə, Allaha olan sevgisi ilə müsəlman ailənin qızı olan sevgilisinə məhəbbətini əks qütblərə qoyub və uzun müddət bu paradoksun əzabını yaşayır.
Toyları yasa, sevinci kədərə çevirən bədbəxt təsadüflər ard-arda baş verərək, cəmiyyətdə Xudavəng monastırını tərk edən erməni keşişin etdiyi bədduaya batil inanc yaradıb və iş elə gətirib ki, “tilsimi” qırmaq öhdəliyi məhz gənc rahibin üzərinə düşüb. Buna nail olmaq üçün görünən yol odur ki, rahib iffət andını pozub evlənməli, sevdiyi qızla dini nikahını bədduanın hədəfi olan Xudavəng kilsəsində kəsdirməlidir. Hərçənd, sevənlərin qovuşması yolunda rahibin şəxsi tabu kompleksindən başqa mənəvi-psixoloji, mental baryerlər, təxribat xarakterli əngəllər də var. Əsrlərin yuxusundan Qələbə müjdəsi ilə oyanan mifik personaj kimi təsvir olunan Müqəddəs Ruh gənc rahibin yuxularına qonaq olur və onun qarşılaşdığı maneələrin dəf olunmasına kömək edir...
Alban-Udi Xristian Dini İcmasının maliyyə vəsaiti hesabına “Qanun” nəşriyyatında çap olunan kitaba görkəmli ictimai və din xadimi Robert Mobili, gürcü əsilli şair-tərcüməçi Giya Paçxataşvili, gənc ədəbiyyatşünas alim Tural Adışirin, tanınmış jurnalist, mədəniyyət yazarı Vüqar İmanov, “Kür-Araz” qəzetinin baş redaktoru Elçin Nəsib müsbət rəylər bildirsələr də, nüsxələri M.F.Axundov adına Milli Kitabxanaya, AMEA Mərkəzi Elmi Kitabxanasına, Prezident Kitabxanasına, C.Cabbarlı adına Gənclər Kitabxanasına, F.B.Köçərli adına Uşaq Kitabxanasına və başqa nüfuzlu biblioqrafik mərkəzlərə verilmiş bu əsərin ictimaiyyətə təqdimatı yubanmışdı.
1 May 2026-cı il tarixdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Sabirabad Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Hophopnamə” Kitab Mərkəzində baş tutan, müəllifi olduğum “Mənə Şəhrizadın nağılın danış” (“Şərq-Qərb” nəşriyyatı, 2025) və “Xudavəng əfsanəsi” (“Qanun” nəşriyyatı, 2026) kitablarımın təqdimat mərasimində gənc oxucuların (əsasən, Sabirabad Sosial-İqtisad Kollecinin tələbələri) tədbirin gedişində mənə ünvanladıqları heç də şablon olmayan sualların hər biri idman termini ilə desək, məni noqdauna salmışdı. Ekspromt cavablar istəyən sual yağışına tutulduğum həmin anlar yalnız nokauta düşməmək üçün qayğılanırdım. Necə deyərlər, dişim bağırsağımı kəsir, eynəyimin üstündən təqdimatın məhz bu ünvanda keçirilməsinin təşəbbüskarı, Sabirabad Mərkəzi Kitabxana Sisteminin (MKS) direktoru Eldar Urufova həm minnətdarlıq ifadə edən, həm də bir az qınayıcı nəzərlərlə baxırdım. Təxmin eləmişdim ki, hətta müəyyən standartlar tələb edən tədbirlərə belə interaktiv müzakirələr və başqa müxtəlif kreativ nüanslar əlavə edən Eldar müəllimdən hər nə cür desən, sürpriz gözləmək olar. Tədbirin formatını seçmək də onun ixtiyarında olan məsələ idi. Şükür, iştirakçıların reaksiyalarından duydum ki, cavablarım da yaxşı alınıb.
“ – Sizcə, bir kitab bir insanın həyatını dəyişdirə bilərmi?”
“ – Məncə, bir kitab bütün bəşəriyyətin taleyini dəyişdirə bilər”.
“ – Necə düşünürsüz, yazıçı həqiqəti yazmalıdır, yoxsa, oxucunun istədiyini?”
“ – Fikrimcə, həqiqət yazılmalıdır, ədaləti üstələməyənə qədər”.
“ – Əsərlərinizin külliyyatı yoxa çıxsaydı, gələcəyə məhz hansı əsərinizin miras qalmasını istərdiniz?”
“ – Seçim edə bilmirəm, qələmimin bütün məhsulları mənəvi övladlarımdır və mənə biloji övladlarım kimi əzizdirlər”.
“ – Hansı əsərinizin qəhrəmanını həyatda tanıyırsınız?”
“ – Məsələn, “mən" ifadəsi ilə təhkiyə etdiyim əsərlərimin qəhrəmanını hər gün güzgüdə görürəm”.
“Hophopnamə” Kitab Mərkəzi qonaqlara, ziyarətçilərə təklif etdiyi şəraitə görə bölgədə insanların mədəni istirahəti, asudə vaxtlarını maraqlı keçirmələri üçün ən ideal məkanlardan biridir. Sabirabada yolu düşən görkəmli elm, mədəniyyət xadimləri, incəsənət ustaları, şair və yazıçılar “Hophopnamə”yə baş çəkmiş və gördüklərindən çox razı qalmışlar. Mərkəzin xidmətlər çeşidinin və kitab fondunun zənginləşməsində, əhaliyə göstərilən mədəni xidmətlərin keyfiyyət göstəricilərinin yüksəldilməsində əhəmiyyətli rol oynamasında şəxsən Eldar Urufovun böyük səyləri olmuşdur. Təqdirəlayiq haldır ki, mədəniyyət sahəsində dövlət-özəl sektorun əməkdaşlığının uğurlu təzahürü kimi iki il yarım əvvəl Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə töhfə olaraq yaradılmış və fəaliyyətə başlayan “Hophopnamə” Kitab Mərkəzinin sakit aurası, kitabxananın gülərüz kollektivinin xoş münasibəti, burada təşkil olunan kitab sərgiləri, təlim sektoru, rəsm və rəqs studiyaları, regionda fəaliyyət göstərən sənətkarların yaratdığı incəsənət nümunələrinin, yaradıcı şəxslərin əl işlərinin yer aldığı stendlər rayonun uşaq və gənclərinə daha cəzbedici gəlir, onların mədəniyyətə və incəsənətə marağını artırır.
Yeri gəlmişkən, onu da qeyd edim ki, təqdimatda iştirak edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov çıxış nitqində sevindirici xəbər verdi: Regional İdarənin xidmət etdiyi bölgənin digər rayonlarında, ən yaxın vaxtda isə Sabirabada qonşu olan Saatlı rayonunda da belə çoxfunksiyalı müasir kitab mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.
Təqdimatın yeri və tarixi barədə əvvəlcədən elan belə verməmişdim. Nəzərdə tutmuşdum ki, əsasən yerli ədəbi cameənin üzvlərindən kimi həmin gün rayon mərkəzində rast gəlsək, tədbirə dəvət edərik. Yaşayıb fəaliyyət göstərdiyim paytaxt Bakıdakı dostlarıma zəhmət vermək, Sabirabada yola dəymələrini istəmirdim. Yalnız iki nəfərdən – BDU-nun müəllimi, tarixçi, toponimist Nazim Vəlişovdan və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-şair Sehran Allahverdidən gizlətməyi özümə rəva bilmədim. Çünki bu dostlardan biri “Xudavəng əfsanəsi” kitabımın redaktoru, digəri isə kitabda gedən illüstrasiyaların müəllifi olmuşlar. Bir də, mənim kimi bir ayağı şəhərdə, bir ayağı əyalətdə olan, vaxtaşırı bir araya gəlib çay dəstgahı arxasında fikir mübadiləsi apardığım sabirabadlı şair Xəlil Mirzənin mənim son günlər vurnuxmağımı müşahidə edən nəzərindən yayına bilmədim. Sağ olsun, “tək sənin deyil, rayonumuzun qonaqlarıdır” – deyib onları öz şəxsi minik avtomobilində Sabirabada aparıb-gətirməyi boynuna götürdü.
Sağ olsunlar, əliboş gəlmədilər. Belə ki, Nazim Vəlişov tədbirin moderatorluğunu öz üzərinə götürdü, öhdəsindən də yaxşı gəldi. Üstəgəl, bir vaxtlar gərgin tədqiqatlar hesabına ərsəyə gətirdiyi “Sabirabad toponimləri” kitabının bir nüsxəsini kitabxanaya hədiyyə etdi. Sehran bəy isə gələn kimi molbert istədi. Avadanlıq qurulandan sonra tədbir boyunca mənim portretimi çəkdi. Cəmi iki saat ərzində A3 formatlı kağız üzərində akril boya ilə gözəl bir əsər yaratdı. Razılaşaq ki, hər rəssam bunca reqlamentləşdirilmiş məhdud vaxt ərzində çoxsaylı tamaşaçının gözləri qarşısında belə bir imtahandan keçməyə cəsarət etməzdi. Hərdən mənə səslənirdi ki, arada ona tərəf baxım. Mənim isə başım təbii ki, çıxış edən natiqlərə qarışır, yerlilərimin “maestro” dedikləri səs rejissoru Mais müəllimin pianoda ifa etdiyi melodiyaların müşayiəti ilə tələbələrin canlı səsləndirdikləri şeirlərimə qulaq asır, rəssama poza verməyi unudurdum. Yadıma düşən kimi üzrxahlıq yerinə yarızarafat, yarıgerçək replikalar atıb könlünü almaq istəyirdim: “Arxayın ol, orda əjdaha da çəksən, mən bundan belə əjdahaya oxşamağa çalışacağam. Yetər ki, altından imzanı qoy”, “Görürəm, hamı daha mənə deyil, çəkdiyin şəkilə baxır”.
Maraqlı məzmunlu, yaradıcı alınan tədbirdə rayonun tanınmış qələm sahibləri – Elçin Nəsib, Xanoğlan Əsgərov, Xəlil Mirzə, Rəqibə Qəvvas və Fikrət Məmmədli mənim şəxsiyyətimdən, həyat və yaradıcılığımdan söz açıb, müxtəlif ədəbi janrlarda qələmə aldığım əsərlərimin məziyyətindən, mahiyyətindən, ictimai-publisistik əhəmiyyətindən danışdılar. Şairlər öz şeirləri sırasından da tədbirin ruhuna uyğun olanları oxudular ki, bu da alqışlarla qarşılandı. Dil - ədəbiyyat müəllimi Rəqibə xanım isə mənə özünün müəllifi olduğu “Zərnigar” kitabını (sənədli povest) hədiyyə etdi.
Öz növbəmdə yaradıcılığıma göstərilən diqqətə və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığımı bildirdim. Sonda tədbir iştirakçılarına imzamla təsdiqlədiyim kitab nüsxələrini hədiyyə etdim və xatirə şəkilləri çəkdirdik.
Ələlxüsus da, gənclərə kitab bağışlayanda özümü Azərbaycan kinosunun incilərindən sayılan “Bizim Zəbiş müəllim” filminin qəhrəmanının yerində hiss edirdim. Əsas personaj Zəbiş müəllim əhalinin aclıq çəkdiyi İkinci Dünya müharibəsi dövründə defisit (qıt) mal sayılan, alveri qanunla möhtəkirlik hesab olunan sabunları satıb varlanmaq əvəzinə, cəbhəyə yola düşən əsgərlərə paylayıb, vicdan əzabından qurtulmuşdu. Mən də gənclərə verdiyim kitabların oxunacağına əmin oluram. Fərqli olaraq, yaşlı nəslin nümayəndələri olan ədəbiyyat adamlarının çoxu ömrünün qalan hissəsini mütaliəyə sərf eləmək istəmir. Bu tendensiyanın bir mənfi cəhəti də ondadır ki, gənc ədiblərin ortaya qoyduqları əsərlər sırasından bir neçə qeyri-qənaətbəxş nümunəni seçir, onlardan önyarğı yaradıb başqa cavan yazarların əsərlərini oxumaq və dəyərləndirmək qayğısından qurtulmağa çalışırlar. Halbuki, bu, yetişməkdə olan nəslin qarşısında bir məsuliyyətdir. Özü də nəsillər arasında mənəvi körpü, minnətdarlıq borcu yarada bilən bir məsuliyyət.
Pünhan Şükür