Tənhalığın bədii ifadəsi l MANERA.AZ
Manera.az şair-publisist Ələddin Əzimlinin yazısını təqdim edir:
Allahın dərgahında
tənhadı, təkdi şair.
Zaman-zaman yaşayan, ağrıdan-acıdan keçən və bunu şeirlərinə köçürən əsil şairlərin hamısı tənhadır, təkdir. Evdə də, çöldə də - cəmiyyət içində də! Şairi şair eləyən, başqalarından fərqləndirən, sevilib-seçilməsinə güc-qüvvət verən də elə onun tənhalığıdır. Fiziki yox, mənəvi tənhalığı!
Yaradıcılığını müntəzəm izlədiyim gənc şair Faiq Hüseynbəylinin şeirlərinin əsas xüsusiyyətlərindən biri onun mənəvi tənhalıqla daha çox bağlı olmasıdır. Bu fikir bir çoxlarına qəribə görünə bilər. Lakin bu, tənhalığa qapılmaq deyil. Əslində sənət adamları üçün bu çox önəmli bir cəhətdir. Hər sənət adamı buna nail ola bilmir. Qeyd edək ki, bu hissləri şair özü bilərəkdən yaratmır. Şəxsin zəngin daxili aləmi, tərbiyə aldığı mühit onu bu ucalığa qaldırır. Faiq Hüseynbəyli çox cavan olsa da, mənim sevdiyim şairlərdən biridir. Bunun iki səbəbi var. Birincisi, o, çox istedadlıdır. İkincisi isə, Faiq qələm dostum Bilal Alarlının ocağından çıxıb. Kökü üstə bitən bu cavan hələ çox sənət uğurları qazanacaq, indikindən daha artıq bir mərhələyə yüksələcək.
Faiq Hüseynbəylinin şeirləri çoxproblemli, çoxşaxəlidir. Onun yaradıcılığında bir sıra həyati məqamlarla, oxucunu düşündürən duyğularla yanaşı, tənhalıq problemi şeirdən-şeirə qüvvətlənir və yeni çalarlar qazanır:
Bu dünyada tək qalaq,
Bir mən olum, bir sən ol.
Bir qovulaq cənnətdən,
Göy mən olum, Yer sən ol.
Tamamilə başqa bir yazının mövzusu olan Tanrıya bağlılıq ideyası burada güclü şəkildə ifadə olunsa da, ilk insanların – Adəm ilə Həvvanın cənnətdən qovulması tənhalıq fonunda daha dürüst, daha məntiqli görünür. Yeri gəlmişkən, qeyd edim ki, əgər Faiq bu axarla sənət yolunu davam etdirsə, daha böyük uğur qazana bilər və oxucuların daim diqqət mərkəzində qalar. Niyə? Bunun əsil səbəbi yer üzündəki bütün insanların heç özü də bilmədən tənhalığın daşıyıcısı olmasıdır. Amma cəmiyyət bunu fərq etmək imkanında deyil. Həm də bunu anlamaq üçün gərək əsil ziyalı, əsil şair olasan. Faiq Hüseynbəyli kimi.
Ağrı və acı duyğuları da tənhalığın bir elementidir. İnsan tənha olanda daha çox zənginləşir, daha çox mənəvi güc toplayır. Digər tərəfdən özünün də xəbəri olmadan daha da qüvvətlənir, müsbət emosiya, immunitet qazanaraq xeyli rahatlaşır. Faiqin dediyi kimi:
Üzümdə bir təbəssüm,
İçimdə min ağrı var.
Bəli, bütün daxili ağrılar bu misraların istisi sayəsində əriyir və insanların üzündə təbəssümə çevrilir. Bu isə şairin çox böyük uğurudur. Başqa bir şeirində Faiq Hüseynbəyli bu fikirləri daha da qüvvətləndirir, insanları mənasız işlərdən uzaqlaşdırıb, düşünməyə çağırır:
Ağa gəlib, qul gedirəm,
Sağ gedirəm, sol gedirəm.
Gecə-gündüz yol gedirəm
Bu evdən o evə kimi.
Bu misralardakı bədii həqiqəti dərk etmədən mənəvi cəhətdən yetkinləşə bilməzsən. Daxili qüvvə, daxili güc, mənəvi enerji o həddə çatmalıdır ki, şair göy cisimlərinə belə meydan oxuya bilsin:
Öz içini yad eləyən,
Duyğuları şad eləyən,
Fələklə inad eləyən,
İnadından dönən kimdi?
Ümumiyyətlə, əsil şairlər sözlə zamana, həyata meydan oxuyurlar. Həqiqəti ortaya çıxarmaq üçün həyatın məşəqqətlərini gülər üzlə, “xoş sözlə” qarşılayırlar:
Axtar hər nəfəsdə, hər ahda məni,
Canına qəsd edən günahda məni...
Güldürə bilmədi Allah da məni,
Əzabın üzünə gülüb gedirəm.
Bu misralar klassik şairləri və onların bir sıra qiymətli poetik deyimlərini xatirimdə canlandırdı. Bu da təsadüfi deyildir. Kədərin üzünə bu mərtəbədən, bu ucalıqdan mərdi-mərdanə baxmaq hər kəsin işi deyil.
Faiq Hüseynbəylini problematik mövzulara müraciət edən şair kimi xarakterizə etsək, onun şeirlərinin özünəxas poetikasını arxa plana keçirə bilərik. Çünki misradan-misraya, şeirdən-şeirə, kitabdan-kitaba diqqəti çəkən gənc şair çox cavan yaşlarından əsil poetik söz sahibinə çevrilib. Bir qiymətli faktı qeyd etmək istəyirəm ki, onun ayrı-ayrı şeirləri də, poetik topluları da, bir neçə kitabından nümunələr cəmləşdiyi “Yer üzü bir beşikdi” kitabı da əslində ayrı-ayrı əsərlərdən ibarət deyil. Bu şeirləri və kitabları oxuduqca hiss edirsən ki, bütün bunlar bədii bir tam, bədii bir bütövdür. Başqa sözlə, şairin əksər əsərlərində misra misranın, şeir şeirin, kitab kitabın bədii davamıdır. Digər tərəfdən gənc şairin öz yolu, öz sistemi, öz poetik nəfəsi vardır. Bunlar isə bu yaşda hər bir gənc şair üçün uğur hesab oluna bilər:
Sözümü tanımadım,
İzimi tanımadım...
Özümü tanımadım –
Tanımadım mən səni.
Faiq Hüseynbəylinin bu şeirindəki poetik tamlıq, demək olar ki, tematikasından asılı olmayaraq onun əksər şeirləri üçün xarakterikdir, yeni bədii nəfəsdir və bizlərin, yəni oxucuların bəhrələnməsi üçün yeni qüvvə bəxş edir.