Mən bir qadın tanıyıram...

Ömrünü insanlara, sözünü Vətənə, qələmini dövlətçilik düşüncəsinə həsr edən bir qadın. Adı Zərifə Quliyevadır.
Onun haqqında yazanda göz önünə əvvəl kitablar gəlir, sonra həmin kitabların arxasında dayanan böyük zəhmət, həssas ürək, vətənpərvər ruh görünür. Zarife Zarifa xanımın qələmində ana qayğısı, ziyalı məsuliyyəti, dövlətə sədaqət və yurd sevgisi bir-birinə qovuşur.
Mayın 13-də Qərbi Azərbaycan İcmasında onun müəllifi olduğu “Heydər Əliyev irsi”, “Xariqələr yaradan qətiyyətli lider” və “Zəfər tariximizin fatehləri” kitablarının təqdimatı keçirildi. Bu təqdimat bir müəllifin yaradıcılıq hesabatı olmaqla yanaşı, bir Azərbaycan qadınının mənəvi dünyasının, Vətənə bağlılığının, dövlətçilik düşüncəsinin ifadəsi idi.
Tədbirin Qərbi Azərbaycan İcmasında keçirilməsi ayrıca duyğu yaratdı. Çünki Zərifə Quliyevanın ailə yaddaşı, kökləri, mənəvi bağlılığı Qərbi Azərbaycanla səsləşir. Həmin gün bu məkan onun üçün kitab təqdimatı ünvanından çox, yaddaşın, kökün, mənəvi borcun danışdığı doğma bir ocağa çevrildi.
Mərasim İcmanın foyesində təşkil olunan rəsm sərgisi ilə başladı. Qərbi azərbaycanlı gənc rəssamlar Arzu Novruzova, Sevinc Əhmədova və İsmayıl Hacıyevin Ulu Öndər Heydər Əliyevə və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilən əsərləri tədbirin ruhuna xüsusi rəng qatdı. Rənglə söz, yaddaşla sənət, tarixlə bu gün həmin məkanda bir-birinə qovuşdu.
Akt zalında davam edən mərasimdə şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi. Bu an zalda olan hər kəsə bir daha xatırlatdı ki, Zəfər tariximiz böyük fədakarlığın, milli birliyin, şəhid qanı ilə yazılan müqəddəs yolun nəticəsidir.
Çıxış edənlər Zərifə Quliyevanın yaradıcılığını, ictimai fəaliyyətini, milli-mənəvi dəyərlərin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirdilər. Qərbi Azərbaycan İcmasının rəhbərliyi, dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ziyalılar onun kitablarında Heydər Əliyev irsinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi uğurların, Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin geniş yer aldığını vurğuladılar.
Zərifə xanımın yaradıcılığında bir xətt çox aydın görünür: o, yazdığı hər kitabda Azərbaycanı düşünür. Onun üçün qələm məsuliyyətdir, söz əmanətdir, kitab isə gələcək nəsillərə ötürülən mənəvi yaddaşdır.
Bu kitablar müəllifin Vətənə, dövlətə və xalqa bağlılığından doğub. “Heydər Əliyev irsi” Ulu Öndərin siyasi və mənəvi məktəbinə ehtiramdır. “Xariqələr yaradan qətiyyətli lider” Prezident İlham Əliyevin güclü liderlik yoluna, Azərbaycanı Zəfərə aparan qətiyyətinə işıq tutur. “Zəfər tariximizin fatehləri” isə xalqımızın qəhrəmanlıq salnaməsinə, şəhidlərimizin ruhuna, qazilərimizin igidliyinə, ordumuzun şanlı mübarizəsinə sevgi ilə yazılmış mənəvi abidədir.
Tədbirdə səslənən fikirlər Zərifə Quliyevanın obrazını daha da bütövləşdirdi. O, həkimdir, yazıçıdır, publisistdir, ictimai xadimdir. Bütün bu adların fövqündə onun Azərbaycan qadını kimi daşıdığı böyük mənəvi missiya dayanır. O missiya insanlara faydalı olmaq, gənclərə yol göstərmək, şəhid ailələrinin və qazilərin yanında olmaq, milli dəyərləri qorumaq, dövlətçilik ideyalarını yaşatmaqdır.
Sonda Zərifə Quliyevanın öz çıxışı tədbirin ən səmimi anlarından biri oldu. O, kitabların yazılma prosesindən, apardığı araşdırmalardan, bu nəşrlərin əsas ideyasından danışdı. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində belə bir təqdimatın keçirilməsi onun sözlərinə xüsusi duyğu qatdı. Qərbi Azərbaycanla bağlı köklərindən bəhs etməsi isə zalda doğma və kövrək bir ovqat yaratdı.
Bəli, mən bu qadını tanıyıram...
Qadınlığında zəriflik, baxışında mərhəmət, ürəyində kövrəklik daşıyan bir qadın. Onun sözü də özü kimi həssas, isti və işıqlıdır. Zərifə xanım insan ağrısını ürəyində duyan, Vətən adı çəkiləndə duyğulanan, şəhid anasının sükutunda böyük məna hiss edən həssas qəlb sahibidir. Qələminə də elə həmin kövrək ürəyin işığı hopub. Yazdığı hər sətirdə ana nəvazişi, ziyalı məsuliyyəti, Vətənə bağlı bir ömrün səsi duyulur.
Onun yazdıqları kitab rəflərində qalacaq səhifələrdən artıq, gələcək nəsillərə uzanan mənəvi körpülərdir. Zərifə Quliyevanın ən böyük arzusu da bu körpülərin gənclərin yaddaşından keçərək sabaha çatmasıdır. O istəyir ki, bu kitablar oxunsun, duyulsun, hər səhifəsindəki dövlətçilik düşüncəsi, Zəfər qüruru və yurd sevgisi gənc nəslin ruhuna hopsun. Çünki onun qələmindən doğan bu əsərlər bu günün sözü olmaqla yanaşı, sabaha ünvanlanan mənəvi əmanətdir. Zərifə xanım üçün ən böyük təsəlli də həmin əmanətin gənclər tərəfindən yaşadılması, gələcək nəsillərə sevgi və ehtiramla ötürülməsidir.
Axı bu körpülərin üstündən tarix keçir, yaddaş keçir, Zəfər ruhu keçir, Azərbaycan sevgisi keçir.
Zərifə Quliyevanın qələmi səmimi ürəyin səsidir. O səsdə ana nəfəsi var, yurd həsrəti var, şəhid ruhuna ehtiram var, dövlətə sədaqət var. Bu səs uzun illər boyu oxucuların yaddaşında yaşayacaq...
Uğurlarınız bol, yolunuz açıq olsun, tanıdığımla hər zaman qürur duyduğum dəyərli qadın — Zərifə xanım Quliyeva.Sizin haqqınızda səslənən dəyərli fikirləri dinlədikcə içimdə böyüyən qürurun ölçüsü sözlərin sərhədini aşır; nə yaxşı ki varsınız, nə yaxşı ki mən Ulu Öndər irsinin layiqli davamçısı olan sizin kimi dəyərli bir xanımın təşkilatında mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi çalışmaq, etimadınızı daşımaq və bu etimada layiq olmağın şərəfini yaşamaq nəsibinə sahibəm.
Qələminiz daim iti, sözünüz uca, ürəyinizdəki Vətən sevgisi hər zaman işıqlı olsun. Yazdığınız kitablar gənclərin yaddaşına yol tapsın, gələcək nəsillərə mənəvi əmanət kimi ötürülsün. Sizin kimi kövrək ürəkli, zərif ruhlu, dövlətinə və xalqına bağlı qadınların izi zamanın yaddaşında sevgi, ehtiram və minnətdarlıqla qalır.
Aygül Bağırova
Modern İnkişaf və Ailə İctimai Birliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri