ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirilib

Mayın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi keçirilən Bakı Şəhərsalma Kampaniyası çərçivəsində “Eco-Art” Festivalı keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova şəhərin inkişafının yalnız memarlıq və infrastrukturla deyil, həm də ekoloji düşüncə, mədəni irsin qorunması və yaradıcı yaşayış tərzi ilə ölçüldüyünü bildirib. O, “Eco-Art” festivalının bu ideyaların incəsənət vasitəsilə ifadəsinə xidmət etdiyini qeyd edərək, layihənin ekoloji düşüncə ilə incəsənətin uğurlu vəhdətini nümayiş etdirdiyini vurğulayıb. Ə.Məlikova festivalın həm WUF13 öncəsi həyata keçirilən ən yaddaqalan mədəni təşəbbüslərdən biri olacağına, həm də incəsənət vasitəsilə ekoloji düşüncənin təbliği istiqamətində mühüm mesaj verəcəyinə inandığını bildirib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova ali məktəbin artıq bir neçə aydır Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq istiqamətində ardıcıl layihələr həyata keçirdiyini deyib. O qeyd edib ki, “Eco-Art” Festivalı gənclərin ekoloji düşüncə, milli-mədəni irs və müasir incəsənəti bir platformada birləşdirmək bacarığını nümayiş etdirən uğurlu təşəbbüsdür. Rektor vurğulayıb ki, belə layihələr Azərbaycanın yaradıcı potensialını və dayanıqlı gələcəyə verdiyi töhfəni beynəlxalq müstəvidə nümayiş etdirir.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın çoxəsrlik şəhərsalma mədəniyyətinin yaşadılması və müasir çağırışlara uyğun mütərəqqi yanaşmaların təşviqi baxımından “Eco-Art” Festivalını mühüm addım kimi qiymətləndirib. O bildirib ki, memarlıq və şəhər mühiti sadəcə daş və betondan ibarət deyil, həm də xalqın tarixinin, mədəniyyətinin və kimliyinin daşıyıcısıdır. Nazir müavini qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər gənc nəslin ekoloji problemlərə, təbiətin qorunmasına və şəhər mühiti ilə insan arasındakı harmoniyaya bədii baxışını əks etdirir. O vurğulayıb ki, bu yaradıcılıq nümunələri incəsənətin yalnız estetik deyil, həm də maarifləndirici və sosial məsuliyyət formalaşdıran güclü vasitə olduğunu sübut edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini və WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva bildirib ki, tədbirin “Eco-Art” Festivalı adlandırılması təsadüfi deyil. O qeyd edib ki, “eco” anlayışı iqlim dəyişikliyi fonunda şəhər mühitinin dayanıqlığını ifadə edir. “Art” isə Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini simvolizə edir.
Çıxış edən BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soeve WUF13-ün təşkilində görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, Bakı Şəhərsalma Kampaniyası çərçivəsində keçirilən belə təşəbbüslər dayanıqlı şəhər inkişafı, ekoloji məsuliyyət və ictimai iştirakçılığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Anna Soeve gənclərin və yaradıcı icmaların bu prosesə fəal qoşulmasını gələcəyin şəhərlərinin formalaşmasına verilən dəyərli töhfə kimi dəyərləndirib.
Festivalın bədii hissəsində Xalq artisti Gülyanaq Məmmədova və tələbələri “Aşiqi-kamil” - Şur kompozisiyası, ADMİU-nun SABAH qrupu isə Əməkdar artist Nofəl Vəliyevin rəhbərliyi ilə “Qobustan sədaları” adlı kompozisiya ilə çıxış ediblər.
Festival çərçivəsində Əməkdar artist Yaqut Paşayevann bədii rəhbərliyi ilə M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah Cadükuni-məşhur” komediyasının motivləri əsasında hazırlanmış “Oyanış” adlı səhnə kompozisiyası nümayiş olunub.
Həmçinin festivalda Sənətşünaslq üzrə fəlsəfə doktoru, dosent Nəzakət Səfərovanın rəhbərliyi ilə tələbələrin hazırladığı Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunmuş “Təkrar emalda miniatür”, “Daşın simfoniyası”, sənətşünaslq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovanın rəhbərliyi ilə tələbələr tərəfindən hazırlanmış “Şəhər irsi” kimi kompozisiyalar təqdim edilib. Layihələrdə memarlıq detalları, ornamentlər və təkrar emal materialları üzərində qurulan bədii yanaşmalar ekoloji mesajlarla diqqət çəkib.
Eyni zamanda, Əməkdar rəssam Vüqar Əlinin tələbələri ilə birgə hazırladığı “Yaşıl dünya - hər addım bir ümid” vitraj və kompozisiyalar, Azər Abdullayevlə tələbələrinin poster sərgisi, “Təbiət və tullantılar” adlı təkrar emal nümunələri (Röya Həsən, Gülnaz Mədətova, Fidan Cəfərli və tələbələri), həmçinin “Abidələrin müasir rəng palitrası - daşdan ipəyə” adlı batika nümunələri (Şəhla Abbasova və tələbələri) nümayiş etdirilib. Tələbələrin hazırladığı bu işlər ekologiya, şəhər mühiti və mədəni irsin qorunması mövzularını yaradıcı şəkildə əks etdirib.
“Eco-Art” Festivalı incəsənət və ekoloji düşüncənin vəhdətini nümayiş etdirərək gənc yaradıcıların dayanıqlı gələcəyə baxışını ortaya qoyub. Festival eyni zamanda WUF13 öncəsi Bakıda keçirilən mədəni təşəbbüslər sırasında xüsusi əhəmiyyət daşıyıb.





