“Bir millət, iki dövlət” fəlsəfəsi Bakıdakı yay məktəbində müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının tələbələri üçün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Yay məktəbi – Bakı” proqramı təşkil olunub.
Manera.az xəbər verir ki, cari ilin 8-11 may tarixlərini əhatə edən proqram çərçivəsində iştirakçılar Bakı şəhərinin tarixi və mədəni məkanları ilə tanış olub, müxtəlif görüşlərdə, konfranslarda və maarifləndirici tədbirlərdə iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar “Modern İnkişaf və Ailə” İctimai Birliyində olublar.
Görüş zamanı birliyin sədri Zərifə Quliyeva tələbələr üçün seminar keçirərək Heydər Əliyevin dövlətçilik irsi, Azərbaycan–Türkiyə qardaşlığı və “Bir millət, iki dövlət” fəlsəfəsi ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, Ulu Öndərin ideyalarının gənc nəslə aşılanması, Azərbaycan dili və mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılması baxımından belə layihələr xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında gənclərin rolu, ortaq mədəni dəyərlər və Azərbaycan dilinə artan maraq ətrafında fikir mübadiləsi aparılıb. Proqramın məqsədi və həyata keçirilən layihələr barədə məlumat verilib. Görüş interaktiv müzakirələrlə davam edib və tələbələrin sualları cavablandırılıb.
Fatimə,
Manera.az


