Milli kimlik: hər millətin "Şəxsiyyət vəsiqəsi"...

Milli kimlik, bir insanın özünü müəyyən bir millətə və xalqa mənsub bilməsi, həmçinin, ortaq dil, tarix, mədəniyyət, adət-ənənələr və dəyərlər vasitəsilə bütövləşməsi anlmındadır. Bu, insanı daha böyük bir toplumla eyniləşdirən mənəvi-psixoloji bağ, vətənpərvərlik və kollektiv şüur formasıdır.
Milli kimlik hər bir insanın və eləcə də hər bir millətin varlığı, varoluşu, mənliyi, şəxsiyyəti, bu günü və parlaq gələcəyinə yol açan əsas şərtlərdən biridir. Əslində milli kimlik məsələsi hər bir insanın və hər bir millətin "Şəxsiyyət vəsiqəsi" sayılır. Şəxsiyyət vəsiqəsi olmayan insanın durumu bərbad və mürəkkəb olduğu kimi, milli kimliyi bəlli olmayan insanın və xalqın vəziyyəti də acınacaqlı olar. Öz milli kimliyinə sahib çıxmayan insan və və ya millət heç bir zaman sözün həqiqi mənasında şəxsiyyətin bütövləşməsi, eləcə də inkişaf və tərəqqi yolunu keçə bilməz.
Rəsmi məlumatlara görə bu gün əhalisinin sayı 10 milyon nəfərdən çox olan Odlar Yurdu Azərbaycan xalqının əksəriyyəti etnik azərbaycan türklərindən ibarətdir. Müxtəlif etnoqrafik və statistik yanaşmalara görə, ölkə əhalisinin 90%-dən çoxu (bəzi hesablamalara görə isə 93-95% civarında) türk mənşəli xalqların - Azərbaycan türklərinin payına düşür.
1944-cü ildən etibarən hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur. Əldə olan statistik bilgilərə əsasən, müasir dövrümüzdə dünyada bütöv türk dünyasının ümumi əhalisinin sayı 200 milyondan çoxdur. Onların əsas hissəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan müstəqil türk dövlətlərdə, qalanları isə Rusiya, İran və Çin ərazisində, həmçinin, dünyanın bir sıra digər ölkələrində məskunlaşıb. Hər halda yür kürəsinin 200 milyondan çox sakinin eyni soykökdən olması onların müəyyən bir günü "Türk Günü" kimi qeyd etməsini labüdləşdirir.
Unutmayaq ki, istər qanunvericilik, istərsə də ictimai, mədəni və digər yanaşmalar baxımından bir insanın (ölkəmizdə isə bir azərbaycan türkünün və eləcə də digər milli azlıq nümayəndələrinin) öz milli kimliyinə sahib çıxması, onu qoruyub təbliğ etməsinin heç bir qəbahəti və problemi yoxdur. Bu arada heç şübhəsiz, qəbahətli və problemli olan məsələ insanın öz milli kimliyinə ifrat dərəcədə əsaslanaraq özünü digərlərinin fövqündə görməsi, başqalarını alçaltması və milli-irqi ədavətə, ayrıseçkiliyə yol açacaq fikir, söz və davranış sərgiləməsindən ibarətdir. Bir sözlə, milli kimliyə sahib çıxmaq icazəli və hətta, zəruri olsa da, bu sahədə faşist yanaşması qeyri-məqbul, eyni halda qəbahətli, qeyri-etik və qanunsuz bir yanaşmadır. Yaşasın bütün Türk dünyası və var olsun öz mill kimliyinə sadiq olan bütün insanlar!
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru,
yazıçı-publisist