İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib

İstanbulda Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı və alim Əhməd bəy Ağaoğluna həsr olunan “Şərq ilə Qərb arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu” kitabının təqdimatı keçirilib.
Nəşr Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində hazırlanıb.
Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, İstanbul İniversitetinin rektoru, professor Osman Bülent, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı baş konsulluğumuzun konsulu Sevinc Süleymanova, Türkiyədəki Səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim heyəti, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar iştirak ediblər.
Rəsmi şəxslər çıxışlarında Azərbaycan–Türkiyə qardaşlığını vurğulayaraq, Ağaoğlunun irsinin ortaq mədəni dəyər kimi əhəmiyyətini qeyd ediblər.
Qeyd edək ki, tarixçi Dilqəm Əhməd tərəfindən arxiv materialları əsasında tərtib olunan kitabda Ağaoğlunun indiyədək araşdırılmamış məqalələri, xatirələri və onun haqqında fikirlər yer alıb.
Sonda kitab sərgisi təşkil olunub, imza mərasimi keçirilib və nəşrin nüsxələri universitet kitabxanasına hədiyyə edilib.
Məhəmməd,
Manera.az








