Dil üzərindən milli özünüdərk - Akademik Nizami Cəfərov yazır

Akademik Nizami Cəfərovun Dr. Şəhla Aslanın bu günlərdə çapdan çıxan “Dil, Kimlik, Vətən” kitabı haqqındakı yazısını təqdim edirik.
***
Gənc olmaqla yanaşı, həm də istedadlı tədqiqatçı olan Dr. Şəhla Aslanın bu kitabı iki baxımdan xüsusi əhəmiyyət kəsb edir. Birincisi, Xalq şairi Sabir Rüstəmxanlı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, dövrün ictimai-siyasi hadisələrinə həssas münasibəti və güclü milli təəssübkeşliyi ilə seçilən böyük sənətkardır. Onun dillə bağlı düşüncələrinin – millətin həm əsas, həm də ən görünən dəyərlərindən biri olan ana dili ilə bağlı mülahizələrinin – bədii, publisistik və müəyyən qədər dramatik aspektlərdə sistemli şəkildə tədqiqi xüsusi elmi əhəmiyyət daşıyır.
Bu məsələ yalnız Sabir Rüstəmxanlı yaradıcılığı ilə məhdudlaşmır; eyni zamanda XX əsrin 60–80-ci illərində Azərbaycan xalqının milli özünüdərk prosesinin ümumi mənzərəsini əks etdirir. Həmin dövrün əhvali-ruhiyyəsi və mənəvi ovqatı ən dolğun ifadəsini məhz bu kimi sənətkarların yaradıcılığında tapmışdır ki, onların ön sıralarında Sabir Rüstəmxanlı dayanır.
Sabir Rüstəmxanlı dil məsələsinə varislik prinsipi çərçivəsində yanaşır. O, özündən əvvəlki böyük sənətkarların ana dili ilə bağlı baxışlarını davam etdirir. Bu mənada, xüsusilə Bəxtiyar Vahabzadənin müəyyən etdiyi ideya xəttinin onun yaradıcılığında müasir dövrə uyğun şəkildə davam etdirildiyini müşahidə etmək mümkündür.
Bu proseslərin və hadisələrin məhz Sabir Rüstəmxanlı yaradıcılığı əsasında sistemli və ardıcıl şəkildə tədqiqi mühüm elmi nailiyyətdir və bu, müəllifin kitabının üstün cəhətlərindən biridir. Kitabın digər mühüm cəhəti isə ondan ibarətdir ki, Dr. Şəhla Aslan yalnız tədqiqatçı mövqeyindən çıxış etmir, eyni zamanda mənsub olduğu nəslin elmi-akademik düşüncəsində milli kimlik məsələsinə münasibəti də ifadə edir.
Burada yalnız Sabir Rüstəmxanlının dilə münasibəti deyil, həm də onun təmsil etdiyi nəslin ideyalarına müasir gənc ziyalı nəslin necə yanaşdığı, bu ənənəni necə dərk etdiyi və hansı analitik səviyyədə şərh etdiyi aydın şəkildə göstərilir. Bu isə əsərin həm elmi, həm də ideoloji baxımdan aktuallığını daha da artırır.
Bu kitab son illərdə Azərbaycan türkcəsi və ümumilikdə cəmiyyətin bu məsələlərə münasibəti ilə bağlı oxuduğum sanballı tədqiqatlardan biridir. Əminəm ki, bu nəşr geniş rezonans doğuracaq və həm də görkəmli şairimizin 80 illiyi münasibətilə ona göstərilən mənəvi ehtiramın, qədirşünaslığın ifadəsinə çevriləcəkdir. Çünki Sabir Rüstəmxanlının yaradıcılığı və düşüncə sistemi onun zəngin mənəvi irsinin layiqli şəkildə tədqiq olunmasını və qiymətləndirilməsini zəruri edir.
Akademik Nizami Cəfərov,
Atatürk Mərkəzinin direktoru