Türkiyənin Ordu şəhərindəki “Türk Dövlətləri Muzeyi”ndə Azərbaycan guşələri yaradılacaq

Türkiyənin Ordu şəhərində Böyükşəhər Bələdiyyəsinin mədəniyyət layihəsi çərçivəsində “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyi açılıb. Muzeydə yaradılmış stendlərdə Türk tarixi xronoloji ardıcıllıqla müxtəlif əsər və eksponatlar vasitəsilə təqdim olunur. Türk tarixində iz qoymuş şəxsiyyətlərin büstləri, eləcə də ayrı-ayrı tarixi dövrləri əks etdirən maddi-mədəniyyət nümunələri ziyarətçilərə nümayiş etdirilir.
Muzeyin açıq hava ekspozisiyasında tarixdə mövcud olmuş 16 Türk dövlətini qurmuş şəxsiyyətlərin büstləri və həmin dövlətlərin bayraqları, həmçinin Çanaqqala zəfərini əks etdirən Türk əsgərlərinin heykəlləri ucaldılıb.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov muzeyi ziyarət edərək Ordu Böyükşəhər Bələdiyyəsinin idarə heyətinin sədri və eyni zamanda muzeyin rəhbəri olan Dr. Mimar Nihat Şen ilə görüşüb. Görüş zamanı Türk dünyasının ortaq tarixinə işıq salan muzeydə tarixin müxtəlif mərhələlərinin xronoloji ardıcıllıqla həm əyani, həm də rəqəmsal vasitələrlə təqdim olunmasının əhəmiyyəti, bu zəngin irsin gələcək nəsillərə ötürülməsində muzeylərin mühüm rolu vurğulanıb.
Eyni zamanda Türk dünyası dövlətçilik tarixində mühüm yer tutan orta əsrlər Azərbaycan dövlətlərinə dair guşələrin yaradılması, Azərbaycan ədəbiyyatının zirvəsində dayanan dahi mütəfəkkirlərin büstlərinin muzeydə yerləşdirilməsi, habelə Türk dünyası tarixində xüsusi yerə malik Azərbaycanın şanlı Qarabağ zəfərinə həsr olunmuş ayrıca guşənin yaradılması razılaşdırılıb.
İkitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi, Ordu şəhərində Azərbaycan incəsənəti həftəsinin təşkili və Türk Dövlətləri Muzeyində Azərbaycanla bağlı guşələrin yaradılması Ordu Böyükşəhər Bələdiyyəsi və bölgənin Mədəniyyət və Turizm İdarəsi tərəfindən də müsbət qarşılanıb.
Qeyd edək ki, görüş zamanı həmçinin muzeyin müxtəlif bölmələrinə baxış keçirilib, rəqəmsal təqdimatlar və hazırlanmış videomateriallar izlənilib, irəli sürülən təkliflər yerində müzakirə olunaraq dəyərləndirilib. Azərbaycanın Qarabağ zəfərinə həsr olunmuş “Böyük zəfər: 44 gün, 23 saat, 43 dəqiqə” adlı yeni və unikal nəşr muzeyə hədiyyə edilib.
Məhəmməd,
Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.