AYB-də Türkiyədən gələn tələbələrlə görüş və fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının tələbələri üçün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Yay məktəbi – Bakı” proqramı təşkil olunub.
Cari ilin 8-11 may tarixlərini əhatə edən proqram çərçivəsində iştirakçılar Bakı şəhərinin tarixi və mədəni məkanları ilə tanış olub, müxtəlif görüşlərdə, konfranslarda və maarifləndirici tədbirlərdə iştirak ediblər.
AYB-də təşkil edilən görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Xalq şairi Sabir Rüstəmxanlı, akademik Kamal Abdulla, Xalq şairi Vahid Əziz, yazıçı-professor Hüseynbala Mirələmov və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid iştirak ediblər.
Görüş zamanı yazıçılar və ədəbiyyat nümayəndələri Azərbaycan dilinin zənginliyi, milli ədəbiyyatın inkişaf yolu və yaradıcılıq prosesi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər. Çıxışlarda Azərbaycan dilinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Dr. Şəhla İbişova çıxışında Mərkəzin fəaliyyəti, Azərbaycan dilinin Türkiyədə tədrisi istiqamətində həyata keçirilən layihələr və tələbələrin Bakı səfərinin əhəmiyyəti barədə məlumat verib.
Ədəbiyyat nümayəndələri bu kimi layihələrin Azərbaycanın Türkiyədə daha yaxından tanıdılması, Azərbaycan dilinin, ədəbiyyatının və milli-mədəni dəyərlərinin təbliği baxımından mühüm rol oynadığını qeyd ediblər.
Görüş iştirakçıların ədəbiyyat nümayəndələrinə ünvanladıqları suallar və qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Görüşün sonunda yazıçılar öz kitablarını imzalı şəkildə iştirakçılara hədiyyə ediblər, xatirə şəkilləri çəkilib. 


