manera.az
manera.az

Mehman Qaraxanoğlu- "ƏDƏBİ SEZİNTİLƏR - 2" - MANERA

Mehman Qaraxanoğlu- "ƏDƏBİ SEZİNTİLƏR - 2" - MANERA Mehman Qaraxanoğlu

ƏDƏBİ SEZİNTİLƏR - 2


Çoxuna elə gəlir ki, tanına bilmədiklərinin səbəbkarı tənqidin onlara biganəliyidir. Absurddu! Səbəbi özlərində axtarmalıdırlar.
Düşün, tənqidçi də tanınmaq istəyir!
Tənqid tanıtmır.
Az qala tənqidi istixanada şitil yetişdirən peşəkər tərəvəzçiyə çevirmişik! Tənqid yetişdirmir!
Sən öz “Qoca və dəniz”ini, “Sözlər”ini, “Pedro Paramo”nu... qoy ortaya və darıxıb eləmə, çiçəyin varsa, arısı Həştərxandan gələcək...

***
Bəziləri belə düşünür: Aktual bir mövzuda yazdığım əsərlə ədəbiyyatda müəyyən bir boşluğu doldurdum, amma hələ də əsl qiymətimi almamışam. Əvvala, ədəbiyyatda boşluq yoxdur! Boşluğu yaradan sənsən – sənə qədər doldurulmuş, üzlənmiş yerləri yenidən qazıb, qazıb boşluq yaradırsan! Bu, heç pis də deyil...
Xatırlatma: Ədəbiyyat incəsənətin bir sahəsidir, o heyrətləndirməli və zövq verməlidir, vəssalam.. Bəs nədir aktual mövzu? Bu “aktuallıq”dan pambıq sövkasının və “qara qızıl”ın qoxusu gəlir...

***
Uğur qazana bilməyənlərin çoxu yapışır Ç.Abdullayevin və K.Abdullanın yaxasından! Guya onlar da “öz” imkanları hesabına xaricdə əsərlərini çap eləsəydilər, uğur quşu gəlib qonardı çiyinlərinə. Bir ara O.Pamuku da bizimkilər suçladı ki, Nobel almasının əsas səbəbi xarici dili mükəmməl bilməsi, imkanlı olması və genosidi tanımasıydı. Gülüncdü! Hər iki halda, gülüncdü! Bunu dilə gətəirənlər özlərini sadəlövcəsinə “xilas” etdiklərinə inanırlar. Bu yöndəki müqayisələr ədəbi korluqdan başqa bir şey deyildir...

***
Bu gün tənqid ağızdolusu özündən – öz varlığından yazır. Az qala qışqırır: “Mövcudam!!!” “Varam!” - deyir. Sual olunur niyə? Heç qaranlıq gecədə fit çalanlara belə bir sual vermisinizmi: “Qardaş, fit çalmağının səbəbi nədir?” Əgər onlar öz qızıl vaxtlarını bir əsərin təhlilinə (Amma əsər!) sərf eləsələr, zənnimcə, daha effektli olar!

***
Mən yaxşı yazıçı ola bilmirəm! Zira yaxşılar az-az doğulur! Amma yaxşı Oxu!-cu ola bilərdim! Bundan da vaz keçirəm! Niyə? Çünki ələbaxan bir-iki əbləh haqqımda elə təriflər yazıb məni ekstaz halına salıb ki, onların yazdıqlarını qoltuğuma vurub bunun, onun gözünə soxuram: “Bir baxın, barəmdə kimlər yazıb?!” Anlamıram ki, bunlar bir qara qəpiyə dəyməyən bir böyük “Vızzzz...”dır!!!

***

Ədəbiyyatımız “qadınlaşır” və o “itki” hesabına da tədricən öz ərazilərini genişləndirir, necə ki, məktəblərimizdə kişi müəllimlərimizin sayı azalır, hətta yox dərəcəsindədir. On əsrdə üç-dörd qadın şairəsi olan xalqın gözəl günləri qabaqdaymış, sən demə...

***
Əziz dost, dahi Markes gündə bir səhifə, səhifəyarım “irəliləyirdi”, ancaq sən artıq mətn adlı Yerin ətrafında üç dəfə dövrə vurduğunun fərqinə varırsanmı?

***

Ədəbiyyat – Dulsiniyadı....
Yazar – Don Kixot...

***
Paradoksa diqqət edin:
Tənqid var, mətn yoxdu...
Mətn deyirəm ha!
Azərbaycan tənqidçisini dünyaya çıxara bilən qatar mətn ola bilər. O qatar gecikir... Və ya gəlib keçib, yatıb qalmışıq. Ən azından, bu qatara qabaqcadan bilet almaq üçün xırdaca bir cəhd edə bilərdik... Görünür, tənqidçi öz arealını qısa müddətə olsa belə tərk etmək fikrində deyildir. Çünki burada rahatdı ona. Düz də eyləyir, bunun geri qayıtmağı da var axı...

***
İmperiyanın keçilməz beton divarları arasında ortabab yazıçının yetişməsi təəccüblü deyildi. Bugün təəccüblüsü odur ki, bəzi yazarlar könüllü olaraq dağılmış hasarların daşlarına sarı yüyürürlər...

***
Qələm ayırır!
“Qələm dostu” ifadəsi yalandır!

***
Sürücülər axşam toranlığında uzaq yola çıxmağı münasib bilmirlər. Gətirdikləri arqument maraqlıdır: “Hələ asfalt işıqdan doymayıb!” Bəs sən, əziz dost, lütfən cavab ver, işıqdan doymağın bir yana, hələ gözlərin işığa alışmamış, bu Uzun Ədəbiyyat Yolçuluğun bihudə deyilmi?!

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031