manera.az
manera.az

...söz havalı bir otaq - ŞEİRLƏR

📅 11.07.2016 11:00

...söz havalı bir otaq - ŞEİRLƏR

MANERA.AZ Şakir Xanhüseynlinin şeirlərini təqdim edir:

SÜBH SOVQATI bir şeir

Bax,
sanki
ağaclar səs bitirib
yarpaq-yarpaq,
budaq-budaq...
Sanıram ki,
əlimi budaqlara uzatsam,quş səsi dərəcəyəm,
məsələn,alma kimi,nar kimi...

BİR PYESƏ hazırlıq

...söz havalı bir otaq
divarlar sözlərlə naxışlanıb
otağı sözlər işıqlandırır
pərdələr sözlə enib-qalxır
burda əşyalar da söz-götür,apar,yerlərini dəyişdir
musiqi büsbütün sözlərdir-səsi də,sükutu da yaradan sözlər-
hələlik,bu qədər...

***

bir şeir qalxmaq,ucalmaq
bir şeir dərinləşmək
bir şeir irəliləmək
bir şeir itilənmək
bir şeir sevilmək
bir şeir sərxoş olmaq
və bir şeir ayılmaq...

İKİSİ bir

1
sudakı əksimə baxıram;
onu burda kim çəkib belə canlı-hərəkətli?..
2
bir məzar daşı üstə yazı:
çox səhvlərdən sonra ƏCƏL gəldi

və bir ömrə belə DÜZƏLİŞ EDİLDİ

***
bir ovuc torpağı ustufca yaydım yerə-
istəyirəm onun üstündə
bir ev dikəldəm,
bir buğda zəmisi rahlayıb bir də bağ salam...

***
bir zərərçəkən kimi
sizə deyə biərəm ki
şeirin faydası çoxdur

***
qəlbimdə
məndən çox-çox uzaq bir şeir
çox uzaq bir sevinc
və çox-çox uzağındayam ümidlərin
amma
çox da yaxınlığımı hiss edirəm bu uzaqlarla...


***
Dostum,
sən
qəza vəziyyətindəsən-
hər an uçulub dağıla bilərsən...


***
...ey divarlar,
dağılın yolumdan,
nə istəyirsiniz e...
bəlkə
siz də məni qarşınızda elə bir maneə görürsünüz,hə?!.

***
Hərdən yorğunluğumu
istəyirəm lap daş daşımaqla canımdan çıxarım....
Birdən elə bir yanğı sarır içimi ki,
deyirəm qoşalayıb əllərimi
bir ovuc dolusu alov çəkim başıma!..

BOŞ...

boş bir işdə çalışır-
boş tayları daşıyıram da
amma yaman ağırdır...
qabağımdakı boş qabdan doyunca yemək yeyəntək
göstərirəm özümü-
boş evin doluürəkli kişisi olmaq da şərəf!
sonra boş yataqda uzanıb
heç yatmayaraq
sübh tezdən arğın-yorğun guya yuxudan oyanıram
və hər gün beləcə
yaşamağa davam...
Allah eşqinə,müəllim,sus-
sən ki lap avam...

***
çəngəl-bıçağın səsindən bilərsən
bir evdar xanımın halını
bir kişinin xoş,ya naxoş əhvalı
qapını necə açıb-örtməyindən bəlli


***

...Bax,elə bilirəm yazdığım hər sözdə
bir səhv var,
çəkdiyim xətlərdə də...
Hətta
cümlə sonu qoyduğum nöqtələr,
sözarası vergüllər də sanki bir xəta
və ən düzgün təxminlərimdə də
yanlışlıqlar,yanlışlıqlar...
...Göz önümdə
yanlış yerlər,yanlış yollar...

***
yeriyirəm
ayağımdan daşıram
danışıram
dilimdən daşıram
baxıram
gözümdən daşıram

***
Məhəbbətdə fədakarlığını necə göstərəsən?
Məsələn,
sən
bir ovuc k ü l götürüb
gözümün qabağında tutursan ki,
bax,bu,m ə n ə m...

***
Varaqda
ox batmış ürək şəkli;
ürək özü o oxa sancılıb
yox buna şəkkim!..

***
...ey yerüzü,
mən sənin hər üzünü-
həm tikan üzünü sevirəm,həm gül üzünü,
ey mənim həm də göyüzüm
yerüzü...

BU...

Bu ağaca su olum ki,qurumasın...
Yox,bu açan çiçəklərin yanından
payız ovqatıyla keçə bilmərəm...
Qaranlığa...əlimi atdım və tez də sıxdım
evə bir ovuc işıq aparım deyə...
Səma elə geniş görünür,
kaş bircə misram sığaydı bu nəhayətsisizliyə...

YOLLARDA YALQIZLAR DOLAŞIR...

Yollarda yalqızlar dolaşır-
hardan gəlib
hara varırlar,
axı,nə itirib nə axtarırlar?..
Yollarda yalqızlar dolaşır
həsrətlə,
qayğıyla,
dərdlə,
ümidlə...
İşığa qaçan da görmüşəm onları,
kölgəyə çəkilən də...
Yollarda-
orda-burda...yalquzaqlar dolaşır-
hamısı dünyadakı yanlışlar,yanlışlıqlar üzündən...

***

Bir xəzinənin açarı var hər kəsdə,
amma gizlidi o xəzinə,
gizlidi ən yaxşı sözlər,
gizlidi haqq,
mən,sanki özümdən də
bir sirr gizləyirmiş kimiyəm bu saat,
ey dadi-bidad...

***
...Elə sevinirdi ki,
sanki uçur,gözlərinin içi gülürdü,
hətta
göz yaşları da
bu nəşəni büruzə verirdi,
şaqraq qəhqəhələri hələ də qulağımda-
düzü,
onun bu qədər də dərdli adam olduğunu
təxmin etməmişdim,bax a...

Ey iztirablı qəlb,
elə mən də,bilsən,köksümdə
yumruq boyda yanar bir közün
aramsız döyüntüsünü hiss edirəm!..

***
Yaxşı görmək istəyirəm ən azı bir kor qədər...
heç sürmədiyim maşınla
bir qəza törətmək qorxusu da canımda...
yalanları qulağımda...sırğa etdim,vay...
elə ilan var
sanki hey çalışar kimsə quyruğunu tapdasın,bax da...

***
...Ya filmləri,
ya həyatı sanki bir filmdir deyə sevirsən,
axı,gerçəklik başqa...
...Sən yanğını görürsən,
yandıranı da gör...
Eləsi ayağını tapdayar ki,
hələ dönüb ondan...üzr də istəməli olarsan...
Bəzən də baxırsan
boynunda gəzmir e boynuna minib bir qarışqa
və cinlənirsən:
yox a...
axı,gerçəklik başqa...

MANERA.AZ





Baxış sayı - 6 044 | Yüklənmə tarixi: 11.07.2016 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031