Tolerantlıq -10-luğa düşən şeir MANERA.AZ
![]()
Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə Faiq Hüseynbəylinin 10-luğa düşən şeirini təqdim edirik:
Tolerantlıq
Yer kürəsini öz üzərində saxlayan ağaclar
Yarpaq-yarpaq salam verir sonbahara.
Budaq-budaq təzim edir
arzuların bitdiyi məkanada
öz Tanrısına.
Günəşi söndürüb gələcəyəm yanına, İlahi.
Hələ ki, kor baxa bilmirəm işığa.
"Mən"ləri, "Sən"ləri silmişəm misralarımdan,
Dünyanın bircə xilası var, İlahi,
Ya mən ölməliyəm,
Ya sən sevməlisən.
Sevgi yolunda ölmək
Klassik bədənidi,
Köhnə ruhdu.
O zaman Füzulinin əlləri qəzəl idi...
O zaman sevgilər də gözəl idi.
Dünyanı yetim qoyma,
getmə, İlahi.
Sevmək imandan gəlir,
Sevməyi tərgitmə, İlahi!
De ki, bir nəfəs qədər yaxınsan,
De ki, hər şey indi də yaxşıdır.
Ərəb əlifbası ilə
Türk abidələrinə vurduğun
İngilis naxışıdır...
MANERA.AZ