"Ömrümün payız dəmidir" - Şəhriyar İbrahimov
Manera.az Şəhriyar İbrahimovun şeirlərini təqdim edir:
Bir yarpaq şeir
Yıxılar budaqdan yolun üstünə,
Bir yarpaq ömrü də qalar yarıda.
Xəfif payız yeli durar qəsdinə,
Küsdürər özündən durnaları da...
Oyanar nisgilli xatirələrim,
O yarpaq bahara qayıtmaz daha.
Payızda kövrələn düşüncələrim
Bir şair ömrünü ovutmaz daha...
Xəlvətdə alışıb yanar ürəyim,
Tənha bir daxmanın sobası kimi.
Bir soyuq baxışdan sınar ürəyim,
Dağılar qaranquş yuvası kimi...
Tökülər çiynimə bəyaz tellərim,
Çılpaq budaqlara düşən qar kimi.
Hərdən xatirənin soyuq yelləri,
Gələr bir əsimlik gilavar kimi...
Ürəyim çırpınar qızıl qəfəsdə,
Sinəmdə şeirlər aşıb-daşarlar.
Xəzəllər xışıldar sarı sim üstə,
Gözümdə buludlar topalaşarlar...
Ömür də əcələ eyləyər təlaş,
Yollar da köhnələr ayaqlarımda.
Ötdükcə fəsillər,çoxaldıqca yaş,
Şuxluğun itirər dodaqlarım da...
Bir yarpaq altından boylanar çiçək,
Gözləri mürgülü, baxışı xumar.
Təbiət aşiqi, bu payı z ürək,
Bir yarpaq şeirdən təsəlli umar...
Payız kimiyəm
Deyəsən ömrümün payız dəmidir,
Gözümdən qəriblik süzülüb gedir.
Tökülən saçlarım xəzəl kimidir,
Yorğun budağından üzülüb gedir...
Çırpınır ürəyim qərib quş kimi,
Qəlbimi ovutmaz bir xoş avaz da.
Səfil kirpiklərim dalaşmış kimi,
Gecələr bir-birin qucaqlamaz da...
Çıxardım əynimdən bahar köhnəyin,
Geyindim hüznlü,qəmli bir libas.
Daha xalaxətrin baxıb gülməyin,
Payız günəşinə bənzəyir bir az...
Hər qərib həsrətdə bir payız olur,
Nimdaş yaraların qaysağı kimi.
Elə məktublar da qırışır, solur,
Payızın soluxan yarpağı kimi...
Durna qatarıyla sevincim gedib,
İndi yağışlar da yağır aramsız.
Çiçəklər soluxub,quşlar tərk edib,
Ömrümə qonaqdır,bir qərib payız...
Yolsuz məhəbbətin sərnişiniyəm,
Sevgi dəhlizində qalmayıb izim.
Daha sən gedəndən payız kimiyəm,
Tamam saralmışam..Tamam Əzizim....
Dekabr ayrılıqları
Soyuq bir dekabrın darıxqan və qaranlıq gecəsindən yazıram.
Əslində heç nə qoyub getdiyin kimi deyil biləsən...
Səndən sonra saatin bütün əqrəbləri darıxmağa möhürləndi..
Səndən sonra bütün ayrılıqlara dekabr adını verdim,
Səndən sonra doğuldu bütün şeirlər,səndən sonra başladi şairliklər...
Bilinməz adamlara,ünvansız nöqtələrə yazmağa başladım məktublarımı.
Naməlum şahzadələrə
ithaf etməyə başladım xoşbəxt sonla bitməyən sevgi şeirlərimi,
Uzaqlaşdım bütün yaxınlarımdan,yaxınlaşdım bütün uzaqlıqlara.
Heçnə qoyub getdiyin kimi deyil, biləsən..
Hər sabah alnımdan süzülən soyuq tər damlalarının titrəyişi ilə oyanmağa başladım.Hər açılan səhər, günəş yerinə ölüm doğdu mənimçün,biləsən..
Darıxmaq - sənin olmadığın hər yer, çərçivədən boylanan rəsminlə söhbət etmək və dolmuş külqabını tez-tez boşaltmaqdir indi,biləsən...
Sənsizlik təkce zorla yuxuya getmək deyil, sənsizlik hər gecə ruhunu zorlamaqdir, sənsizlik ovucuna süzülən göz yaşları ilə yuyunmaqdır hər səhər, biləsən...
Sağ qalmış cismimin sol tərəfindəki bütün ağrilarda da,qaranlıq sükutun pıçıltısında da,əsən küləyin uğultusunda da bir az sən varsan.
İndi mənim darıxmağım, sahibi ölmüş bütün itlərdən də betərdi, biləsən...
Bu şəhər-körpəsini itirən ana yuxusuzluğudur.Bu şəhər-torpağı,daşı acizanə təkliklərə məhkum qəbristanlıqdır.
Sənə aparan bütün yollar uzundu,sənə uzanan bütün qollar qısadır,biləsən...
İndi bütün təsəllilər ümidlə yox,unutla başlayır.
Gözlərimi yollardan yığmamışam hələ,biləsən...
Alnımdaki ütülü qırışlara and olsun,
And olsun həsrət qaldığım bir buket təbəssümə,
And olsun sonuncu siqaretimin son tüstüsünə,
And olsun çiliklənmiş ürəyimin sancısına,And olsun içdiyim şərabın son damcısına...
Kor taleyimin bir küncünə qısılmış sərxoşluqdu sənin yoxluğun,
Ümidsizcə hayqırılan bir boşluqdu sənin yoxluğun,
Biləsən...
Əslində sənsizlik-ümidlərin ölməsi deyil, ölümün umidlənməsidir.
Əslində sənsizlik-bitməmiş cümlənin sonuna qoyulan üç nöqtədir...
Gözlə sən məni
Bəlkə bir qış günü sazaq, qar ilə,
Bəlkə yay səhəri ərik, nar ilə,
Bəlkə də qoşulub durnalar ilə,
Buludla gələrəm...gözlə sən məni...
Çıxar yaz günəşi,parlar tellərin,
Dağıdar o qışın soyuq yellərin,
Yanağı pörtədə qızılgüllərin,
Baharla gələrəm...gözlə sən məni...
Sevinər birimiz,gülər birimiz,
Bitər həsrətimiz,dərdi-sərimiz.
Xəzələ bürünər gürüş yerimiz
Payızla gələrəm...gözlə sən məni...
Bəlkə bir qış günü,şimşək çaxanda.
Yollar islananda, seller axanda.
Çıpaq budaqlara yağış yağanda,
Küləklə gələrəm...gözlə sən məni...
Yenə küçənizdə görünər izim,
Sözünə qarışar,söhbətim-sözüm,
Sıxma ürəyini,sıxma əzizim.
Qayıdıb gələrəm...gözlə sən məni.
Mütləq gələcəyəm...gözlə sən məni....
Manera.az