Bu yaz da yaz gəlmədi...ŞEİRLƏR
![]()
Manera.az Tapdıq Yolçunun şeirlərini təqdim edir:
VƏTƏN
Meydanlarda
bəzək üçün,
Yol-yolaqda
düzək üçün,
Dirəklərə
bərkidilmiş
parça deyil;
Kafalarda,
ürəklərdə
Ucalan
Bayraqdı - Vətən!
BU DAĞLARI
Nədir yazıqlayırsan,
Sən yenə bu dağları
Daşıyan o, mənəmmi,
Yüz sənə bu dağları?
Çox da qar-don geyibdi,
Dağ demə, dağ, ayıbdı!
Ondan alıb, veribdi,
Dərd mənə bu dağları.
Yolçu, yoldan gəlmisən,
Yal-bələndən enmisən.
O dağda nə görmüsən,
Görsənə, bu dağları!
BU YAZ DA...
Bu yaz da yaz gəlmədi,
Bu yaz da qış kimidi.
Yenə bülbül gülmədi,
Nə bir bayquş kiridi.
Çiçək dolu çəməndə,
Sevgi gülüm açmadı.
Gün göyünə minəndə,
Mənə işıq saçmadı.
Boz buludlar hayqırır,
Yel döyür dənsiz yeri.
Yenə canım ağrıyır,
Ağrıyır sənsiz yerim...
GÖRÜM
A gen günlü, günüləmə günümü,
Günlərinin günündə, qoy, gün görüm.
Kərəm eylə, kəm eyləmə gününü,
Bir görmüyüm, dönüm, dönüm, min görüm.
Nə gündəyəm sən gününü çəkəndən,
Inanmırsan, soruş gəlib-keçəndən.
Səhər-səhər gününə göy seçəndə,
Bura boylan, başım üstə dön görüm.
Dağlayırsan dağlarımın dağını,
Yandırırsan yanğınımın yağını.
Yarsız qoyma sol böyrümün sağını,
Əl açmışam, gəl, qoynuma min, görüm.
ÇƏMƏNDƏKİ ÇİÇƏKLƏR
Daha mənə yan baxır,
Çəməndəki çiçəklər.
Əl vermir, əldən çıxır,
Çəməndəki çiçəklər.
Gözüm görür, pərt olur,
Bu da təzə dərd olur.
Hürr üzümə sərt olur,
Çəməndəki çiçəklər.
Yolçuya qalandımı,
Güldümü, yalandımı?
Dərməsəm, solandımı,
Çəməndəki çiçəklər?