Mənə bu zülümü çox görmə, nolar!... ŞEİRLƏR | MANERA.AZ
MANERA.AZ İbrahim İlyaslınını yeni şeirlərini təqdim edir:
BİR HAVANIN 3 QOŞMASI
Ömrüm
I
Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmaz eşqim doğransam da bəndi-bənd.
Dünən bir tənəli söz dedin mənə,-
Nə şirin səsləndi, yenə de, ömrüm!
Nə xoşuymuş SƏNin acını çəkmək,
Ən acı sözünü mənə de, ömrüm.
Ərkini görk elə - nə sədd, nə sərhəd,
Unut nə olandı insaf, mərhəmət...
Mahnıda deyir e... kəs, doğra bənd-bənd,
Canım ney deyil də, bə nədi, ömrüm?
Mən yaxşı bilirəm nədi bu yollar,
Yol içində otlar, yol üstə kollar...
Mənə bu zülümü çox görmə, nolar?-
Undi son ümidim SƏNədi, ömrüm!
II
Gecən xeyrə qalsın, yuxun bal olsun,
Xeyirnən açılsın sabahın, ömrüm.
Ömründə bu türlü gecə olmayıb,
Billah, nə dərvişin, nə şahın, ömrüm.
Sön dedin, göylərin çırağı söndü,
İtirdim qibləmi - bu hansı yöndü?
Ağzımdan çıxınca bülbülə döndü,-
Hanı bərabəri bu ahın, ömrüm?!
Olmazlar vardı ha... nəhayət, oldu,
Eşqin sirr üzünə səyahət... oldu!
Yanında gündüzlər xəcalət oldu,
Gecəsinə şükür Allahın, ömrüm!
III
Gözündən irağa qoyma, təngidim,-
Mənə hava göndər bir udum, ömrüm.
Sinədən sıyrılmış ürək kimidi,-
Gör necə çırpınır vücudum, ömrüm!
Gəl ya dəli elə, ya qandır məni,
Ya gizlət ovcunda, ya yandır məni.
Hər gün bir yalana inandır məni,-
Səndən üzülməsin umudum, ömrüm.
Həqiqət deyilən yalanım sən ol,
Mənə məhşərəcən qalanım sən ol.
Olanın mən olum, olanım sən ol,-
Hər şeyi, hamını unudum, ömrüm!
MANERA.AZ