manera.az
manera.az

Dənizə daş atmayın.., ŞEİRLƏR | MANERA.AZ

📅 12.04.2016 12:36

Dənizə daş atmayın.., ŞEİRLƏR | MANERA.AZ
Yeganə

DƏNİZƏ DAŞ ATMAYIN

Dənizə daş atmayın..,
Eşqimə,
ruhuma dəyir o daşlar,
Dənizlə birgə
duyğularımı da döyür o daşlar.


Dənizə daş atmayın..,
Yoxsa qəhərindən boğulacaqdır.
Hələ o daşların
bir ucu gedib
günəşə də dəysə -
çətin ki, bir də
dənizin üstə doğulacaqdır.

Dənizə daş atmayın..,
İllah da ki, atırsınız -
barı...
ürəyimə atın
dənizə atılan daşları.
Daş atıb dənizin ahına batmayın,
günahına batmayın,
Mələklər də ağlayacaq
Axsa dənizin göz yaşları.

GƏLMƏDİ Kİ, GƏLMƏDİ

Nə sirdi ki, Səndən qaça bilmədim?
Xatirən ox olub batdı gözümə.
Sənsizlik hər yerdə izlədi məni,
Nə illah etdimsə həyat üzümə
Gülmədi ki, gülmədi.

Dörd yanım əlçatmaz divardı elə,
Barı nə çəkdimsə Allah gördümü..?
Gözlərim həsrətlə yalvardı elə,
Amma dərdbilməzlər aşkar dərdimi
Bilmədi ki, bilmədi.

Mən ümid bağlarkən hər cür yalana,
Görəsən kim aldı əlimdən onu?
Əlacsız həsrəti dursun bir yana,
Xəyanəti belə qəlbimdən onu
Silmədi ki, silmədi.

Göz yaşımla yudum getdiyi yolun,
Hər bir addımını, hər bir daşını.
Sonsuz axarında itdiyi yolun
Elə əzizlədim hər qarışını,
Gəlmədi ki, gəlmədi.

Könlümü hər yandan genəltdim ona,
İndi qarşısını almağım çətin.
Bütün qəzəbimi yönəltdim ona,
Dərdimin təməli o məhəbbətim
Ölmədi ki, ölmədi.

MANERA.AZ



Baxış sayı - 2 019 | Yüklənmə tarixi: 12.04.2016 12:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031