"UNUDULMAZ" güşəsində Dərviş Cavanşir - LAYİHƏ
Dərviş Cavanşir 1954-cü il yanvarın 9-da Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil almışdır (1960-1970). Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlamışdır (1970-1973). Ordu sıralarında xidmət etmişdir (1973-1975). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1976-1982). "Yazıçı" nəşriyyatında redaktor (1986-1988), Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin (1989-1992), "Aydınlıq" qəzetində şöbə müdiri (1992-1995), "Xalq qəzeti"ndə baş müxbir (1995-1998) vəzifələrində çalışmışdır.
Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlamışdır. İlk mətbu şeiri "Şərq qapısı" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda şeirləri, hekayələri və publisist yazıları vaxtaşırı işıq üzü görür. İlk dövrlərdə ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu imzası ilə, 1992-ci ildən isə Dərviş Cavanşir imzası ilə çap olunmuşdur.
O, 15 dekabr 2014-cü ildə dünyasını dəyişmişdir. Allah rəhmət eləsin!
Elə bil yuxu görürəm
Bu sənsənmi yoxsa mələk,
Elə yuxu bil görürəm.
Yayını gizlətmə, fələk,
Atdığın oxu görürəm.
Külək vurur, qar oynayır,
Başındakı şal oynayır.
Budağında nar oynayır,
Sinəndə ahı görürəm.
Gizlətmə məndən üzünü,
Dumannan, çənnən üzünü.
Onsuzda gendən üzünü
görürəm,yahu,görürəm.
Sənin gecən xeyrə qalsın...
Mənim gəlhagəlim getdi,
Sənin gedənlərin gəlsin.
Gözlə, bir hövsələn olsun,
Gözlə bir səbrin gəlsin.
Bu söz-söhbət hələ qalsın,
Saxlayaq səhərə qalsın.
Sənin gecən xeyrə qalsın,
Mənim də səhərim gəlsin.
Gedən ağrı-acın olsun,
Gələn qardaş-bacın olsun.
Əcəldən macalın olsun,
Təki xoş xəbərin gəlsin.
***
Güzgüdən boylanıb baxır,
Gözümdə qəmnən üzləşir.
Göz yaşım çölümdən axır,
İçimi yuyur mürdəşir.
Acı özünə dən gəzir,
Toxu çarığa gön gəzir.
Əlisi-Vəlisi gen gəzir,
Dəlisi mənnən öcəşir.
Tənha,yalqız bir ulu yurd,
Bir mən qaldım, bir quru yurd.
İçimdə boz qurd uluyur,
Çölümdə quzu mələşir...
Manera.az