Vaqif Bəhmənlinin uşaq şeirləri - LAYİHƏ
“Deməyin, uşaq yazarı yoxdur!” layihəsi sizə Vaqif Bəhmənlini təqdim edir
O, 1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub.
Orta məktəbi doğulduğu kənddə, 1972-ci ildə bitirib.
1973-78 illərində Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Vaqif Bəhmənli universiteti bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), “Həyat” qəzetində baş redaktor(1992-1994, “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə müdiri (1995-1997), “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI – Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisinin baş redaktorunun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetinin redaktoru (2004), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-dan – indiyə qədər) vəzifələrində çalışıb.
1986-cı ildə Respublika Komsomol mükafatına, 1989-cu ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına, 2004-də İsa İsmayılzadə adına "İlin ən yaxşı şeiri" mükafatına, Türk dünyası poeziyasına xidmətlərinə görə Şahmar Əkbərzadə adına mükafata (2003), Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına, “Yaddaş” Milli mükafatına, Rəsul Rza adına beynəlxalq mükafata, Əli Kərim adına ən yaxşı poeziya mükafatına layiq görülmüşdür. Şeir və məqalələrdən ibarət 35-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında iştirak edib.
Azərbaycan Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Avrasiya Yazarlar Birliyinin üzvüdür. Moskvada, Ankarada, İstanbulda keçirilən poeziya festivallarının mükafatlarına layiq görülüb. Əsərləri rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü dillərinə çevrilib. Almaniya, Rusiya, Misir, Ukrayna, İran, Belarus, Latviya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxstan Gürcüstan və digər ölkələrdə rəsmi və yaradıcılıq səfərlərində olub.
“Azərbaycan” fotoalbomunun, “Azərbaycan Dövlət Kitabı”nın mətn müəlliflərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətin inkişafına yönəlik fəaliyyətindən bəhs edən “Vətənin İlhamı – ömürdən reportaj”, ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən, ünvanları canlandıran “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu ciddi, həm də çox araşdırılan mövzulara tamamilə yeni nəzər nöqtəsindən baxmışdır.
Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə məqaləsi dərc edilib. Ailəlidir, 3 övladı var.
Vaqif Bəhmənli əsasən böyüklər üçün yazır. “Qızıl qala” müəllifin uşaqlar üçün yazdığı yeganə kitabıdır. Sizə yazarın bir neçə uşaq şeirini təqdim edirik.
Kim nədən qorxur
Pişik, nədən qorxursan?
Pişik dedi: pələngdən.
Çiçək, nədən qorxursan?
Çiçək dedi: küləkdən.
Külək, nədən qorxursan:
Yolum kəsən qayadan.
Arı, nədən qorxursan?
Bal axtaran ayıdan.
Gecə, nədən qorxursan?
Günəşin gülməyindən.
Yarpaq, nədən qorxursan?
Payızın gəlməyindən.
Quzu, nədən qorxursan?
Yırtıcı canavardan.
Kasıb, nədən qorxursan?
Soyuq şaxtadan, qardan.
Ağac, nədən qorxursan?
Dəcəl-xata uşaqdan.
Meyvəmi kal-kal yolub,
Yerə tökür bayaqdan!
Baba
Yuxudan durur babam
Xoruzun ilk banından.
Ot çalıb, sərir babm
İşsiz durmur bircə an.
Çölə-çəmənə kimi
Mən babamla gedirəm.
Axşam düşənə kimi
Ona kömək edirəm.
Şənlənir o bəs nədən
Sevinir güləndə mən?
Gəlir öpür üzümdən
Dərsdən “5” alanda mən.
Yanıltmac
Cüt göbələk
Üst göbələk
Tək göbələk...
Qaz qarmon aldı
Qaz köhnə bir qarmon aldı
Sinəsinə basıb çaldı;
Qarmonda qaz ağıldadı
Qarmon qaz tək vağıldadı...
Gecə
Qara saçlı, ulduz gözlü
Ay üzlü oğlandı gecə,
Nənəm qəfil
Kibrit çəkdi,
Oda düşüb yandı gecə
Xoruz çıxdı doqqaz üstə
Yuxudan oyandı gecə.
Manera.az