“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”
Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin nümayişi keçirilib.
Bu layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil, rejissoru Robert Maqnerotdur.
BSU-nun rektoru, professor Asif Hacıyev “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi haqqında məlumat verib. Onun sözlərinə görə, faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir. A. Hacıyev layihənin rəhbəri Arzu Əliyevaya dərin minnətdarlığını bildirib. II Dünya Müharibəsində Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıb.
Retor çıxışında 1992-cil ilin 8 mayında erməni qəsbkarları tərəfindən zəbt edilən Şuşanın işğal tarixindən söhbət açıb: ”Əminəm ki, Şuşanın azad ediləcəyi gün uzaq deyil. Çünki Azərbaycanın güclü ordusu var. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin siyasi kursu sayəsində hazırda Azərbaycan öz mövqeyini dünya arenasında möhkəmləndirən dövlətdir”.
Filmin nümayişindən sonra BSU-nun Jurnalistika nəzəriyyəsi kafedrasının müdiri, dosent Etibar Babayev, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Mahal Qacarlı, Tərcümə fakültəsinin II kurs tələbəsi Hüseynli Əfsanə film haqqında təəssüratlarını mərasim iştirakçıları ilə bölüşüblər. Çıxışçılar bildiriblər ki, bu tarixi sənədli filmə gənclərimizin tamaşa etməsi onların milli ruhda formalaşmasına müsbət təsir göstərəcək və vətənpərvərlik tərbiyəsində mühim rol oynayacaqdır.