“Oxu günü” festivalı keçirildi
Binəqədi rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Oxu günü” festivalı keçirilib. Açılış mərasimində 236 saylı orta məktəbin şagirdləri kitab haqqında kəlamlar və şeirlər səsləndiriblər.
Daha sonra tədbirin aparcısı Orxan Cabbarlı qonaqları salamlayaraq “Oxu günü” barədə geniş məlumat verib: - Bu gün 25 aprel “Oxu günü”dür. “HƏDƏF” şirkətlər qrupu mütaliəyə diqqətin artırılması məqsədilə belə bir festival təşkil edir. “Oxu günü”nün keçirilməsində öz köməklərini əsirgəmədikləri üçün Azərbaycan Respublikası Təhsli Nazirliyinə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə öz dərin təşəkkürümüzü bildiririk.
Daha sonra layihənin ideya müəllifi, “HƏDƏF” şirkətlər qrupunun baş direktoru Şəmil Sadiqə söz verilib. O, “Oxu günü” layihəsinin ideyasının yaranmasından danışaraq qeyd edib ki, layihənin həyata keçirilməsi üçün ilk olaraq Azərbaycan Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Müsbət cavab alandan sonra daha çox həvəslənməmiz bu günə gəlib çıxmağımıza səbəb oldu. Tədris ilinin əvvəlində Azərbaycan Respublikası Təhsil Nazirliyinin mütaliəyə marağın artırılması ilə bağlı verdiyi sərəncamdan sonra məktəblərdə bu sahədə xeyli işlər görüldü. Bununla yanaşı bizim bu məkanda toplanmağızın səbəbkarlarından biri olan Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələrinə minnətdarlığımı bildirirəm.”
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müşaviri Ağabala İbrahimov da öz növbəsində tədbir iştirakçılarına kitab hədiyyə edib.
Millət vəkili Hüseynbala Mirələmov kitaba diqqətin artırılmasının vacibliyindən bəhs edərək qeyd edib ki, kitaba diqqət artırılmalıdır. Əvvəllər hər bir regionda kitab mağazası olardı. Ancaq təəssüf ki, indi kitab mağazalarının sayı günü-gündən azalır. Kitab insan üçün bilik mənbəyi, yol yoldaşıdır. Ona görə düşünürəm ki, “Oxu günü” kimi tədbirlər tez-tez keçirilməlidir. Bu işin təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm.
Xalq şairi Vahid Əziz belə bir festivalda iştirak etməkdən məmnun olduğunu bildirib və çıxışından sonunda şeirini səsləndirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi də kitab mağazalarının sayının artırılmasının vacibliyindən danışıb.
Sosiloq, şair Əhməd Qəşəmoğlu kitaba marağın artırılması yolunda “Oxu günü”nün böyük rol oynadığını qeyd edib. Binəqədi rayon İcra Hakimiyyətininbaşçısının müavini Aygün Əliyeva da öz növbəsində bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirin rəsmi hissəsindən sonra bədii hissə başlanıb. Öncə “Gəlin birgə oxuyaq!” fləşmobu keçirildi. Tədbir gənclərin musiqi ifası ilə davam edib. Daha sonra kitab haqqında pantomim tamaşa nümayiş olunub. Könüllülərin ifasında müxtəlif şeirlər səslənib.
Sonda tanınmış yazıçıların imza mərasimi keçirilib.
Manera.az