Vətənpərvərlik ruhu aşılayan söz-saz gecəsi | MANERA.AZ
![]()
MANERA.AZ xəbər verir ki, Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin Akt zalında növbəti bir görüş baş tutub.
Kompleksin qonağı şairə Cığatel İsa qızı idi. Bakı Slavyan Universiteti və Məktəb-Lisey Kompleksinin çoxsaylı kollektivinin görüşünə gələn şairəni böyük coşqu ilə qarşılayan şagird, tələbə müəllim və valideynlər bir andaca sazın, sözün sehrinə düşdülər. Dədəm Qorqud yadigarı sazı özünə həmdəm hesab edən şairə tədbir boyunca sözün hikmətini sazın qüdrətinə, sazın möhtəşəmliyini sözün kəramətinə qatıb əsl şeir, sənət məclisi qurdu.
Tədbirə Azərbaycanın bütövlüyü və azadlığı uğrunda canlarından keçən igid vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Daha sonra zalda üçrəngli bayraqların möhtəşəm görüntüsü altında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Cığatel İsa qızının yaradıcılığına həsr olunmuş “Ağlama, ağlama şəhid anası “ adlı ədəbi-bədii kompozisiya təqdim olundu.Tədbirin ana xəttini Azərbaycan Ermənistan təmas xəttində son dövrdə baş verən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə qalxan qəhrəman əsgərlərimizin əziz xatirəsinin yad edilməsi, vətənpərvərlik, qələbə sevinci, ordumuzun rəşadəti nəticəsində qazanılmış hərbi uğurlarımızın qürurvericiliyi təşkil edirdi. Məhz belə bir vaxtda baş tutan görüşdə də, əlbəttə, Cığatel İsa qızının dilindən ancaq və ancaq cəngiruhlu, vətənpərvərlikdən, yurd, millət, torpaq sevgisindən doğan şeirlər səslənə, sazın yanıqlı bağrından qəhrəmanlıq nəğmələri qopub gələ bilərdi.
Doğma bucaq, dogma divar axtaran Qaranquşlar “Vətən” dedi, ağladım, - deyən Cığatel xanım içindəki duyğuları, hiss-həyə¬canları öz səmimi dili ilə tamaşaçılara ünvanladı.
Tamaşaçılar sanki sehrli bir aləmə düşmüşdülər. Şairənin qəlb yanğısı ilə söylədiyi şeirlər, tələbələrin, şagirdlərin ruh yüksəkliyi ilə ifa etdikləri ədəbi kompozisiyalar , alovlu çıxışlar, qəlblərin sarı siminə toxunan saz havaları tamaşaçıları sazın, sözün ahənginə, füsun¬karlığına heyran qoydu.
Türk soyunun silahıdır vuruşan,
Hünər meydanıdır, əgər yarışsan.
Şah İsmayıl Xətaidən soruşsan,
Düşmənlərin qətlinə fərmandı saz.
BSU-nun Jurnalistika və Filologiya fakültəsinin 3-cü kurs tələbəsi gənc şair – Cavid Bədəlovun səsləndirdiyi “Ana, mən əsgər gedirəm” şeiri gənclərimizdə olan vətən sevgisindən, ruh yüksəkliyindən və millət təəssübkeşliyindən xəbər verirdi.
Cığatel İsa qızının “Qızılgülün nağılı” əsərini səhnələşdirən tələbələr P.Abbaslı, A.Yusifzadə və “Bu qız” şeirini şairənin özü ilə qarşılıqlı səsləndirən S.Mənəfova öz çıxışlarında şeydalı qəlbin, coşqun təbin xalq danışıq dilinin incəliklərini necə məharətlə əks etdirdiyini bir daha təsdiq etdilər.
Şairənin yaradıcılığı ilə əlaqədar məktəblilərin hazırladıqları bir-birindən maraqlı suallara həvəslə cavab verən gecənin səbəbkarı Cığatel İsa qızı ədəbiyyatın, şeiriyyatın insanın əsl vətəndaş, şəxsiyyət kimi formalaşmasındakı müstəsna rolundan bəhs etdi. Səmimi məqamlarla yadda qalan görüşdə müxtəlif səpkili əsərlərini ifa edən şairə yaradıcılığının əsas leytmotivinin el-oba sevgisi, vətən-yurd vurğunluğu, insansevərlik olduğunu xüsusilə vurğuladı.
Qarabağ qürbətdə, bizdən aralı,
Övlad həsrətindən vətən saralı.
Vətən də yaralı, sən də yaralı,
Geyinmə əyninə qara libası,
Ağlama, ağlama şəhid anası.
Tədbirin sonunda cıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Pilot layi¬hələrlə iş sektorunun böyük məsləhətçisi Hüseyn Mirzəyev, filologiya elmləri doktoru İ.Rzayeva, Qarabağ veteranı mayor Aida Şirinova, kitabxana müdiri N.Rəsulova, dil-ədəbiyyat müəllimləri S.Hacıyeva, G. Məmmədova və başqaları bu cür maraqlı ədəbi görüşlərin müasir dövrümüzdə xüsusi aktuallıq kəsb etdiyindən, sazın, sözün insanların bədii-estetik zövqlərinin formalaşasında əvəzedilməz rolundan, gələcəyimizin qurucuları olan yeniyetmə və gənclərdə vətənpərvərlik hissini məharətlə aşılamağından bəhs etdilər.
Tədbirin sonunda bu cür şeir məclislərinin yaxın gələcəkdə doğma Qarabağımızda keçirilməsi arzusu və ümidi ilə çıxış edən Məktəb-Lisey Kompleksinin direk¬toru dos.İlahə Carçıyeva, şairə Cığatel İsa qızına dərin təşəkkürünü bildirib, xatirə şəkilləri çəkilib.
Günel Məmmədova
BSU nəzdində Məktəb-lisey kompleksinin
dil-ədəbiyyat müəllimi