Açıq qapılar – BSU-da növbəti tədbir _MANERA
Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində (MLK) fənn kurikulumların, yeni tədris və pedaqoji texnologiya və innovasiyaların, İKT-nin tətbiqi vəziyyətinin, müəllim və şagirdlərin tədris prosesində fəallığının, qazanılan bilik, bacarıq və vərdişlərin nümayişi məqsədilə ildə iki dəfə “Açıq qapılar günü” tədbiri keçirilir.
Belə ki, fevralın 24-nə təsadüf edən növbəti “Açıq qapılar günü” 30-dək dərs təqdimatı baş tutub.
Təqdimatın əsas məqsədlərindən biri MLK-da pedaqoji təcrübə keçən 100 nəfərdən çox tələbənin yeni və ənənəvi metodikalarla tanışlığı idi. Bakı Slavyan Universitetinin professor-müəllim heyəti, Bakı şəhər məktəb və liseylərindən dəvət olunmuş müəllimlər və valideynlərin iştirakı ilə təşkil olunan dərslər, onların müzakirəsi, təcrübəçi tələbələrə əsl əyanilik, öyrənmə və mənimsəmə imkanı verib.
“Açıq qapılar günü” valideynlərin fənn kurikulumları, yeni qiymətləndirmə üsul və formaları ilə tanış olmasına da şərait yaradıb.
Baş tutan dərs təqdimatları əsasən “İlin ən yaxşı müəllimi” adını qazanmış fənn müəllimləri, digər təcrübəli müəllimlər tərəfindən aparılıb.
Son 3 ildə Təhsil Nazirliyinin əmri ilə Məktəb-Lisey Kompleksinə göndərilmiş gənc müəllimlərin dərsləri, tarix-coğrafiya fənləri üzrə inteqrativ dərs, ibtidai siniflərdə ingilis dili dərsləri böyük maraq doğurub. Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti metodistlərinin iştirakı ilə bütün dərs-təqdimatlar müzakirə edilib və müəllimlərə müvafiq tövsiyələr verilib, təcrübəçi tələbələrə öz fikir və münasibətini ifadə etməyə şərait yaradılıb.
“Açıq qapılar günü” çərçivəsində MLK şagirdlərinin “Xocalı faciəsi” mövzusunda rəsm sərgisi də təqdim olunub.