manera.az
manera.az

Elmin Bədəlov: “ADO teatr bütlərini sındırdı” | MANERA.AZ

📅 29.03.2016 18:29

Elmin Bədəlov: “ADO teatr bütlərini sındırdı”  | MANERA.AZ

Oda və ADO teatrlarının təsisçisi Elmin Bədəlovun Manera.Az saytına müsahibəsini təqdim edirik:

- Elmin bəy, 3 il öncə yaratdığınız Oda teatrından sonra 2-ci müstəqil teatrı-ADO teatrını yaratdınız. Bu teatrları yaratmaqda məqsədiniz?

- Oda15 iyul 2013-cü ildə yaranıb. Odanı yaratmaqda məqsəd dövlət teatrlarına alternativ, yeni müstəqil teatr yaratmaq idi. Belə də oldu. Oda dövlət teatrlarına alternativ oldu, həm mövzuları, həm də tamaşaları ilə... Keçən ilin sentyabr ayında isə qərara gəldim ki, artıq Odanın özünə alternativ lazımdı, çünki Azərbaycanda müstəqil teatr yox idi. Odanı yaradanda fikirləşirdim ki, Odadan sonra Azərbaycanda müstəqil teatrlar yaranacaq və bu ənənə halını alacaq. Odanın missiyası əslində yeni müstəqil teatrların yaranmasına təkan vermək idi.

Azərbaycan teatrındakı müəyyən standartlar var ki, onları Oda qıra bilməmişdi, düşündüm ki, bəlkə ADO teatrı bunu bacara. Bəli, biz buna nail olduq, ADO teatrı xeyli dərəcədə teatr bütlərini sındırdı. ADO bu boz mühitə tamam başqa rəng qatdı. Artıq ADO ilə Oda arasında rəqabət var. Mən baxıram ki, bu çox yaxşı bir rəqabətdir, yaradıcı bir rəqabətdir, xüsusən də rəhbərliyin dəyişilməsi ilə Oda teatrında xüsusi canlanma oldu. ADO teatrını yaratmaqda bir məqsədim də, Azərbaycanın müstəqil teatrlarının sayının artırılması idi. ADO anderqraund teatrdır-tam fərqli, öz ənənəsi olan, öz yolu olan bir teatr. Bəzən deyirlər ki, niyə ayrı-ayrı teatrlar yaratdın, onu bir yerdə də edə bilərdin. Birinci ona görə yaratdım ki, Oda ilə rəqabətə girsin, çünki Oda ilə heç bir dövlət teatrları rəqabətə girmir. Çəkinirlər. Təbii ki, burada söhbət yaradıcı rəqabətdən gedir. Bu artıq var. Ən sevimli hal isə ondan ibarətdir ki, Azərbaycanda Odanın başlatdığı missiya var: “Ölkədə müstəqil teatrların sayı artsın”. Bu missiya artıq öz bəhrəsini verir. İndi üçüncü bir müstəqil teatr yaranıb – M.TEATR. Bu artıq onu göstərir ki, indi Oda yeganə müstəqil teatr kimi tanınmır. İndi ölkədə 3 müstəqil teatr var – Oda teatrı, M.TEATR və ADO teatrı. Bu artıq bir fakdır və sevindirici haldır. M.TEATR Vidadi Həsənovun rəhbərliyi altında yaranıb. Mən inanıram ki, bu teatr da Azərbaycan mədəniyyətində böyük dəyişikliklər edəcək.

- Fransada yüzlərlə müstəqil teatr və bir-iki dövlət teatrı var. Sizcə, bizdə niyə müstəqil teatr yaranmır?

Hansı ölkədə ki, müstəqil teatrlar yoxdu, o ölkənin teatr mühiti uçuruma gedir. Bəlkə də başqaları fikirləşir ki, bunlar teatrın adına xələl gətirirlər.

Bu gün ADO teatrında tamaşaçılar hadisənin mərkəzinə gətirilir. Bunun özü teatr tabularının sındırılması deməkdi. Yenə deyirəm, məqsəd müstəqil teatrların sayını artırmaq, Azərbaycan teatr mühitini genişləndirmək və köhnəlmiş teatr tabularını silib atmaq! Teatra məbəd kimi, Allahın evi kimi baxmaq lazım deyil. Teatr tamaşaçının istirahət edə biləcəyi bir yerdir.Teatr sərbəst fikir bölüşmək üçün, problemləri həll etmək üçün bir yerdir.

- Oda və ADO teatrları arasındakı fərq nədədir?

- Bunlar tam ayrı-ayrı teatrlardır. Oda dövlət teatrlarına alternativdirsə, ADO həm Oda teatrına, həm də dövlət teatrlarına alternativdir. Yəni, fərq ondadır ki, Odanın tamaşalarında xüsusi sözlər var, dramaturqlara müraciət olunur, tamaşaçı ilə səhnə arasında müəyyən sərhəd var, biz həmin sərhədi çalışırıq ki, ADO teatrında dağıdaq. Amma bunu müəyyən etapla edirik, çünki Oda üçillik teatrdı, onun tamaşaçıları formalaşıb. Biz bunu birdən etsək, artıq Odanın tamaşaçılarını itirə bilərik, buna görə də bunu mərhələli formada edirik. ADO isə bütün standartlar sındırılmış teatrdı. Burada sizin başınıza hər şey gələ bilər, sizi sulaya da bilərlər, tamaşaçını hadisənin mərkəzinə gətirə bilərlər. ADO-un loqosunda da bilinir ki, hər şey qarışıq bir şeydir burada və bu göstərir ki, bu xaos teatrdı. Oda bir az sakit ruhlu teatrdısa, ADO “dağıdıcı” tetrdı.

- Çoxları bu teatrların adlarınım hərfi mənasını bilmir. Nə deməkdi Oda və ADO?

- Odanın mənası ev, otaq deməkdi. Otaq teatrının bir az dilə yatımlığı yox idi deyə ona görə türk dilinə müraciət etdik və Oda adını qoyduq.
O vaxt bir neçə versiyalar vardı, hərə bir ad demişdi, Oda adını mən demişdim, seçimlərin arasında maraqlı adlar vardı, hətta Zirzəmi adını da deyən olmuşdu. Sonra səsverməyə qoyduq, nəticədə Oda adını seçdik. Biz görmüşdük ki, teatrlar adətən böyük zallarda, Azdrama kimi böyük binalarda olsun, teatrların böyük səhnəsi olur, amma biz bunlardan imtina edib balaca-40 kv metrlik padvala yığıldıq. Odanın adı da bundan qaynaqlanır, yəni bu sizin evinizin teatrıdı. Oda balaca yazılır, ADO isə böyük hərflərlə yazılır. ADO böyüklə yazıldığından hələ bu hərflərə uyğun bir məna seçməmişik.

- Hazırda Oda teatrından ayrılmısız, deyəsən...

- Oda teatrından istefa verməyə iki səbəbim olub. Birincisi, ADO teatrnda işlərim çox olduğu üçün, yeni tamaşalar hazırlayırıq. Mən hər iki teatrın işlərini bir yerdə apara bilirəm. İkincisi, istədim teatrlar arasında yaradıcı rəqabət olsun, həm də Odada çalışan gənclərə də şərait yaratmaq lazımdır ki, onlar da özlərini rəhbər kimi sınasınlar. Yəni, mən Oda teatrından getməmişəm, Odada tamaşalarım var ki, aktyor kimi oynayıram orada, Odada istəsəm də imtina edə bilmərəm. Bu valideynin uşağından imtina etməsi kimi bir şey olar. Oda teatrının yeni direktoru Aynur Zərrintacdır. O Bakı Dövlət Universitetində müəllim işləyir və Oda yarandığı gündən bizimlə bir yerdə olub, menecer kimi fəaliyyət göstərib, eyni zamanda aktrisamızdı. Teatrın yeni bədii rəhbəri isə fotoqraf Nihad Qulamzadədir. O da bu teatr yaranandan bizimlə birlikdə olub, teatrın aktyorudur.
Əsas olan görəcəyimiz işdir. Harada olmağınızdan aslı olmayaraq görəcəyiniz iş vacibdir. Mən Odanın bədii rəhbər və direktor vəzifələrindən getsəm də bu teatrın təsisçisiyəm və buna görə hər zaman bu teatr üçün çalışmağa borcluyam.

- Direktor və bədii rəhbər arasında nə kimi fərqlər var?

- Teatrlarda adətən direktorlar sənədləşmə işlərinə, texniki məsələlərə, repertuarın təyin olunmasına baxır. Bədii rəhbər isə repertuarın zənginliyini artırır, teatrın inkişaf xəttinə nəzarət edir.Yəni, bədii rəhbər ən çox yaradıcı işlərlə maraqlanır,yaradıcı işlərlə direktor da maraqlana bilər , amma direktorun əsas işi sənədləşmə işləri, teatrın nizam intizam qaydalarına əməl olunması üçün çalışmaqdır. Əslində biz teatrda hamımız biri-birimizin işini görə bilirik, yəni direktor səhnənin dekorunu da qura bilər, aktyor bilet də sata bilər. Olub ki, əlimə süpürgə alıb yer də süpürmüşəm. Bunlar sadəcə iş bölgüləridir. Əsas ürəyimizdir ki, onu da Oda üçün veririk. Vəzifələrin nə olmasından asılı olmayaraq.


- ADO-un tamaşalarında mövzular açıqlanmır, sözlərdən istifadə edilmir. Tamaşaçılara çox şey qaranlıq qalır. Bunu etməkdə məqsədiniz nədi?

- Azərbaycan tamaşaçısı düşünməyi sevmir. O istəyir ki, hər şey hazır olsun, gəlib rahat kresloda otursun, foyedə şəkillər çəkdirsin, “selfi” çəksin ki, mən belə bir teatra gəlmişəm. Sözlərdən istifadə olunsun tamaşada, o hər şeyi başa düşsün. Onlar istəyir ki, tamaşada hər şey onlara aydın olsun. Amma biz bu teatrda tamaşaçını düşünməyə vadar edirik. Təbii ki, insan düşündükcə onun beynində suallar yaranır, bizim tamaşalarda heç vaxt tamaşaçı telefonla oynaya bilməz. Biz öncədən telefonların söndürülməsiylə bağlı heç bir elan vermirik. Amma bu tamaşaların stili elədir ki, tamaşaçı istər-istəməz bir müddətlik hər şeydən əl çəkib bütün diqqəti ilə səhnədə baş verənləri anlamağa çalışır. Hətta mən ilk tamaşada teatrın girişində labrint qoymuşdum. Tamaşaçı yerlərinə gələnədək müəyyən yol qət edirdilər. Bunda məqsədimiz o idi ki, insanlara başa salaq ki, heç nə asan deyil, hər şey üçün əziyyət çəkmək lazımdı. Məqsəd də odur ki, insanlar düşünsünlər...

- Oda teatrını yaradanda sizə qarşı çıxanlar, sizi fikrinizdən daşındırmaq istəyənlər oldu?

- Əkbəttə, maneələr olub. Polislər, vergi işçiləri, kommunal vergiləri yığanlar, naməlum şəxslərin teatr qarşısında provakasiyası olub. Sonra bizi həvəsdən salmaq istəyənlər, “teatrınız 3-5 aydan artıq davam etməyəcək” deyənlər çox olub. Sosial şəbəkələrdə, səhifələrdə, yaşlı nəsil aktyorlar arasında teatr haqqında qalmaqallar olub. Amma bunlar heç kimi həvəsdən salmadı, nəyinki məni, kollektivimdən heç kəs həvəsdən düşmədi olanlara görə. Hətta dəfələrlə olub ki, polis gəlib teatrı bağlıyıb, onda da ruhdan düşməmişik. Biz artıq üç ili geridə qoyuruq, yayda dördüncü mövsümü addayırıq. Biz bununla göstərdik ki, teatr çətin sahədi, amma çətin olduğu qədər də həm də asandır. Bu insanın öz istəyindən asılıdı. Sən nəyi istəyirsənsə ona da nail olursan.

- Repertuarınızda yeni tamaşalar var?

- Biz indi bəzi işləri qaydasına salmışıq. Odada direktor və bədii rəhbər vəzifələrini təyin edəndən sonra canlanma baş verib, yeni tamaşalar hazırlanır, repertuarda bəzi köhnə tamaşaların da məşqləri gedir, onlar da nümayiş olunacaq.

ADO teatrında da həmçinin yeni tamaşalar hazırlanır, onlar da qısa müddətdə hamısı repertuara daxil olacaq. Biz konkret vaxt deyə bilmirik, bəzi tamaşalar var ki, bir aya hazırlanır, bəziləri üç aya, bəziləri beş aya. Hətta elə tamaşalar olur ki, tamamlanmadan dayandırılır. Bir tamaşamız vardı 2 il dayanmışdı o, aktrisa tapa bilməmişdik, amma Fransadan bir aktrisa gəldi, Elza Furtado, o bu tamaşaanı qəbul elədi və tamaşada oynamağa razılıq verdi. Hazırda hər iki teatrda bir neçə tamaşanın məşqləri gedir. Əvvəllər bir tamaşa bitməmiş başqasına başlaya bilmirdik,indi isə eyni vaxta bir neçə tamaşa hazırlığı gedir.
ADO-un xaricə səfərləri planlaşdırılır, Odanınsa bölgələrə səfərləri olacaq.

KAMAL AKEN,
MANERA.AZ


Baxış sayı - 3 695 | Yüklənmə tarixi: 29.03.2016 18:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031