Ankarada 20 Yanvar şəhidləri anıldı - Panel

Türkiyənin paytaxtı Ankara şəhərində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anma mərasimi keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondu (TADİV), Türk Dünyası Parlamentarilər Fondu və Qazi Universitetinin nəzdindəki Türk Dünyası Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Ankaradakı Azərbaycan Evinin Şuşa konfrans salonunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anım mərasimi keçirilib.
Manera.az xəbər verır ki, tədbir Türkiyənin dövlət rəsmilərinin, diplomatik korpus təmsilçilərinin, Türkiyənin hərbi məktəblərində təhsil alan azərbaycanlı kursantların, elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş qısa film nümayiş etdirilib.
Tədbirdə açılış çıxışı edən TADİV rəhbəri, Türkiyə Prezidenti yanında Xarici siyasət və təhlükəsizlik şurasının üzvü, Prof. Aygün Attar 20 Yanvar tarixi ilə bağlı xatirələrini bölüşüb. O bu tarixin Azərbaycanın qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu gün 20 Yanvar münasibətilə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda çoxsaylı tədbirlər keçirildiyindən bəhs edərək, günün önəminə diqqət çəkib. Səfir 20 Yanvar 1990-cı ildə Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü arzularının qarşısının alınması məqsədilə silahsız insanlara qarşı törədilmiş qətliamdan danışıb.
R. Məmmədov həmçinin qeyd edib ki, tətbiq edilən zorakılığa baxmayaraq Azərbaycan xalqı azadlıq əzmini itirmədi, şəhidlərin qanı və canı bahasına müstəqilliyini bərpa etdi. Bu baxımdan bu şərəfli tarixin qeyd edilməsi gənc nəsil üçün çox əhəmiyyətlidir.
Səfirin çıxışında 20 yanvar hadisələrinə məhz Ümummilli lider Heydər Əliyevin hakimyyətə qayıdışından sonra hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.
Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim 20 yanvar şəhidlərinin Azərbaycanın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb, 20 Yanvar tarixinin 8 Noyabr Vətən müharibəsi zəfərinə gedən yolu açdığını və aydınlatdığını qeyd edib.
Qazi Universiteti nəzdində Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Prof. Alev Kuru Çakmakoğlunun, Türk Dünyası Parlamentarilər Fondunun sədri Abdullah Çalışkanın və Türk Tarix Qurumu Başqanı Birol Çətini və digərləri çıxış edib.
Çıxışlarda diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı hərbi cinayət insanların milli azadlıq əzmini qırmağı qarşısına məqsəd qoysa da, Azərbaycan xalqı bu haqsızlığa və cinayətə qarşı daha da mətinləşdi, mübarizədə geri çəkilmədi.
Mərasimin panel hissəsində keçmiş SSRİ-nin süqutu illərində baş verən proseslərə, eləcə də işğalçı Ermənistanın Azərbaycana qarşı əsasız ərazi iddiaları ilə başlanan qarşıdurmaya və bunun sonrakı ağır nəticələrinə toxunulub.
Sonra 20 Yanvar şəhidlərinə həsr olunmuş "Qanlı Yanvar" fotosərgisinin açılışı keçirilib.
Şəhla Aslan,
Ankara
Manera.az





