Ərzurumda “Aşıq sənəti: Türk dünyasının ortaq ədəbi xəzinəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

Ərzurumda Türkiyə Mədəniyyət Yolu Festivalı çərçivəsində “Aşıq sənəti: Türk dünyasının ortaq ədəbi xəzinəsi” mövzusunda Beynəlxalq Elmi Konfrans və Konsert Proqramı keçirilib.
Manera.az xəbər verir ki, tədbir Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə layihəsi, həmçinin Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Proqrama Azərbaycan və Türkiyədən alimlər, aşıqlar, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də sənətsevərlər qatılıblar. Konfransda aşıq sənətinin tarixi inkişafı, Azərbaycan və Türkiyənin aşıqlıq ənənələri, həmçinin bu sənətin Türk dünyasının ortaq ədəbi və mədəni yaddaşındakı yeri müzakirə olunub.
Açılış çıxışlarında Ərzurum İl Mədəniyyət və Turizm Müdiri Ahmet Yer və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov aşıq sənətinin ortaq mədəni irs kimi tanıdılmasının, qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Proqramın konsert bölümündə azərbaycanlı aşıqlar Aşıq Əli Quliyev, Altay Məmmədov və Hafiz Kərimov, eləcə də Türkiyənin xalq ozanları İhsan Yavuzər və Rahim Sağlam eyni səhnəni bölüşərək saz və söz ənənəsinin seçilən nümunələrini Ərzurumlu sənətsevərlərə təqdim ediblər.
Tədbir iştirakçıların böyük marağı və alqışları ilə qarşılanıb.
"Xalq artisti Xan Şuşinski - 125” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub