Müşfiq Ələsgərli: “Azərbaycanın müstəqil xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir”
![]()
Azərbaycanın həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsinə, müxtəlif geosiyasi qütblərlə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin inkişafına geniş imkanlar yaradır.
Manera.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.
Onun sözlərinə görə, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda rəhbər vəzifələr üstlənməsi və nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan siyasi çəkisinin və diplomatik uğurlarının göstəricisidir.
Media eksperti qeyd edib ki, Azərbaycan 2027-ci ildə Müstəqil Dövlətlər Birliyində (MDB) Özbəkistanla birgə həmsədrlik edəcək, 2028-ci ildə isə təşkilata tamhüquqlu sədrliyi həyata keçirəcək. Həmin il MDB Dövlət Başçıları Şurasının iclasının Azərbaycanda keçirilməsi də nəzərdə tutulur.
Müşfiq Ələsgərli vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin məşvərət formatı, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) və MDB kimi beynəlxalq platformalarda fəal iştirakı, sədrlik və əlaqələndirmə funksiyalarını yerinə yetirməsi ölkəmizin regional və qlobal proseslərdə rolunu daha da artırır.
Ekspertin fikrincə, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyin Azərbaycana keçməsi və təşkilatın Zirvə görüşünün ölkəmizdə keçirilməsi, eləcə də 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi edilməsi Azərbaycanın beynəlxalq diplomatiyada artan əhəmiyyətini nümayiş etdirir.
Müşfiq Ələsgərli bildirib ki, bütün bu uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət, çevik diplomatik fəaliyyəti və Azərbaycanın milli maraqlarına əsaslanan strateji yanaşması dayanır.
“Prezident İlham Əliyevin diplomatik bacarıqları və ardıcıl siyasi kursu Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Ölkəmiz bu gün müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında münasibətlər qurmaqla regional və qlobal proseslərin fəal iştirakçısına çevrilib”, – deyə media eksperti vurğulayıb.