Uşaqlığın sorağında, sevginin yuvasında... – Camal Cəfərin yeni şeirləri
![]()
Manera.az gən yazar Camal Cəfərin yeni şeirlərini təqdim edir:
Hayandasan
O qədrini bilmədiyim,
Oyna, oyna getmədiyim,
Çöldən evə gəlmədiyim,
Uşaqlığım hayandasan?!
Eyni Günəş, eyni hava,
Əvvəlkitək olmur daha,
Xatirələr məni qova,
Uşaqlığım hayandasan?!
Gözəl qəlbə gözəl səslə,
Min bir istək, min həvəslə,
Yuva qurdun yaxşı hisslə,
Uşaqlığım hayandasan?!
Röyaların içindəsən,
Xəyalların köçündəsən,
Əl çatmayan seçimdəsən,
Uşaqlığım hayandasan?!
Hiss yolundan baxan deyir,
Ürək yağı axan deyir,
Camal, könlü çaxan deyir,
Uşaqlığım hayandasan?!
***
Zərif yuva
Ağacda, meşədə, talvar başında,
Pəncərə çölündə, eyvan tuşunda
Quşlar can atır ki, qalıb yaşasın!
Dəyməyin! Sevgisin alıb daşısın!
Dəyməyin baxışla, dəyməyin sözlə,
Dərin diqqət ilə, kəskin göz ilə,
Üstünə baxacaq aydın üz ilə,
Sevginin qanadın salıb yaşasın!
Bəzən ehtiyatsız, bəzən görmədən,
Hisslərlə yol gedib birgə gəlmədən,
Dağıdır yuvasın insan bilmədən,
Qoyun gözəlliklər dolub yaşasın!
İnsan da belədir, zərif könüldən
Köç edib yurdundan yan ala bilər,
Camal, yaxşılıqlar çıxsın dilindən,
Pisliklər qəlblərdə hey qala bilər.
Dəyməyin ürəklər sevgi içində,
Qədirlər, qiymətlər bilib yaşasın!