manera.az
manera.az

Anasına görə qovulan Camal | MANERA.AZ

                   Anasına görə qovulan Camal | MANERA.AZ Tural İsmayılovun hekayəsi

Keçən yağışlı və sıxıntılı günlərdən biri idi. Yenə evdə darıxmaqla məşğul idim, ümumiyyətlə, mənə heç kim sona kimi dözməsə də, bu darıxmaq əl çəkmirdi. Birdən rayondan zəng gəldi, dayıma yenə azuqə yollamalı idik. Həmişəki kimi gəldim dəmiryol vağzalına, vaxtından bir az tez gəlmişdim, uşaqlıqdan vağzal yanında evimiz olduğundan və küçəmiz birbaşa vağzala açıldığından bir vağzal uşağı ibarəsi də yaranmışdı. Ona görə, bir az da tez gəldim ki, limonadla kojikin tək qaldığı gözləmə zalında həm onları dadım, həm qatar səsləri ilə uşaqlığıma enim, həm də evdəki pessimist, qaramat auradan yaxamı qurtarım və bir az nəfəs alım.

Bir də gördüyüm mənzərədən mat-məəttəl qaldım. Bir nəfər gənc oğlan təkərli arabalarda yük daşıyırdı, üstü-başı pis gündə idi, ağızda dişi qalmamış və gözləri solğun idi. Gördüyüm anda tanıdım, çox dəyişsə də bu, həmin uşaqlıqdakı Camal idi. Səliqəli geyinən, mərifətli danışan, oturuşu-duruşu həmişə qaydasında, heç kimi incitməyən, başını aşağı salıb işini görən, dərslərində fərqlənən Camal.

Yarımçıq saxladığım kojiki göyərçinlərə verdim və arxası ilə getməyə başladım. Əslində gedib də nə edəcəyimi heç bilmirdim. Yazıq Camalı başqaları təkləyəndə mən də qoşulmuşdum, nə qədər uşaq olsam da, indi uşaqlığımda etdiklərimdən də utanıram. Eləcə məqsədsiz gedirdim arxasınca, üzüm yox idi, saxlayım, hal-əhval tutum. Ən qəribəsi isə, tam 17 il sonra mən sualı verdim özümə: “Camaldan nə istəyirdik?”

O vaxt evdə qadınlar danışırdı ki, Sənubər əxlaqsız qadındır, pozğundur. Amma bir nəfər də dəlil və sübut gətirmirdi ki, qadının pozğunluğu aydın olsun. Qadın qeybətləri və birinə qarşı olan iftiralardan ən çox psixologiyası zədələnənlər uşaqlar olurdu. Evdə eşitdiklərimizi məktəbə daşıyır və beləcə körpə beyinlərimizə ötürülən zəhərləri öz həmyaşıdlarımıza tuşlayırdıq. Uşaq olanda ilan kimi yetişdirilmək də dərddir, ilahi…

Hər gün anan pisdir deyə-deyə Camalı küsdürürdük, hər dərs ən iyrənc atmacalar edir, onu utandırırdıq, heç vaxt ağzını belə aça bilmirdi. Bir dəfə Ərşad dayının oğlu topla məktəbin şüşələrini sındırdı. Hamı Camalı dövrəyə aldı ki, bəs, bizim dəstənin fəalı Fərahimdir, həm də Ərşad dayı rayonda hörmətli kişidir, sən boyununa götür, pəncərəni özün qırmış kimi qələmə ver. Bir az hörməti olması üçün dəridən-qabıqdan çıxan Camal hadisəni üstlənmiş və direktordan ilk silləni almışdı.

Sinifdə hamı qız sevə bilərdi, Camal yox, dili gödək idi, axı. Camal öz pulundan hamıya saqqız, meyvə alardı, amma biz nəsə alanda onu adam yerinə saymazdıq, üstü başı səliqəli idi, gah ayağına vurub yıxar, gah təbaşir, palçıq, çirkli su, nə gəldi tolazlayardıq ki, geyimi bulansın.

Bax, beləcə Camal ən mədəni və dözümlü, başqa aləmlərin uşağı kimi böyüyürdü, o pozğun dedikləri qadın belə bir övlad böyüdürdü.

Təxminən səkkizinci sinifdə oxuyurdum, bir gün eşitdik ki, kəndin əli daşlı gəncləri Camalgilin evini daşlayır, guya anasının məşuqəsi kəndin içində qız-gəlindən utanmadan onlara gedib-gəlir. İllər sonra gələnin əslində Camalın xalasının nəvəsi olduğu bilinəcəkdi. O gündən sonra Camalgil kənddən köçdülər, sonralar biz Camal kimi qəlbi böyük uşağın yoxluğunu daha yaxşı anladıq.

Mən üçüncü kursda oxuyanda dayım oğlu demişdi, Camalın anası dərddən Bakıda xəstəliyə tutulub ölüb, hamıdan inciyən Camal da yetimxanadan qaçmış və bir də gözə dəyməmişdi.

İndi mənim qarşımdakı, bax, həmin Camaldır. Sadəcə üzr istəmək üçün çox gec idi…

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI