İstanbulda azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi açılılıb

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifqının dəstəyi ilə İstanbulun Bahçeşehir Universitetinin Konqres Mərkəzində “Renklerin zerafeti” adlı sərgi təşkil edilib.
Mərkəzdən Manera.az-a verilən məlumata görə, açılış mərasimdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Bahçeşehir Universitetinin rektoru, professor Esra Hatipoğlu, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyədəki səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim-tələbə heyəti, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar və sənətsevərlər iştirak ediblər.
Mərasimdə çıxış edən rektor Esra Hatipoğlu Azərbaycan-Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışaraq, tədbirin Bahçeşehir Universitetinin yeni binasında təşkil edilən ilk sərgi olmaq xüsusiyyətini daşıdığını qeyd edib.
Nazir müavini Murad Hüseynov isə çıxışında dövlətimizin dəstəyi ilə Azərbaycan qadın rəssamlarımızın əsərlərinin dünyanın bir çox ölkələrində nüfuzlu muzeylərində yer aldığını qeyd edərək, bu kimi layihələrin milli mədəniyyətimizin tanıdılması istiqamətində əhəmiyyətli olduğunu vurğulaylb.
Rəssamlıq sənətinin xalqımızın yaradıcı ruhunu əks etdirən xüsusi bir platforma olduğunu qeyd edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan təsviri sənətinin qədim və zəngin tarixə, ənənələrə malik olduğunu vurğulayıb.
Səfirliyimizin müşaviri Füzuli Məcidli də çıxış edərək bu kimi tədbirləri ölkələrimiz arasındakı mədəniyyət diplomatiyasındakı birliyin təzahürü kimi qiymətləndirib.
Tədbirdə nümayiş olunan əsərlər barədə iştirakçılara geniş məlumat verən azərbaycanlı rəssam Nigar Helmi Abbasbəyli sərgidə iştirak edən sənətkarlar adından təşkikatçılara təşəkkürünü ifadə edib.
Sərgidə müasir Azərbaycan qadın rəssamları Böyükxanım Zeynalova, İrina Eldarova, Aytən Rzaquliyeva, Yelena Allahverdiyeva, Leyla İsayeva, Milena Nəbiyeva, Safura Abdullayeva, Aydan Nəbizadə, Sayalı Məmmədova - Qarayeva, Aynurə Mahmudova, İnna Kostina, Veronika Şəmsiyeva, Nadejda İbrahimova, Nigar Məmmədova, Raidə Mustafayeva, Ülviyyə Həmzəyeva, Nailə Əhmədova, Cəmilə Həşimova, Elnarə Misirli, Məhsəti İbrahimova, Esmira Heydərova, Kamilla Eldarova, Fəqanə Əliyeva, Lalə Abdullayeva, Leyla Əzimbəyova, Səbinə Tutayuk və Aygün Mustafayevanın Vətən, Azərbaycan mədəniyyəti, təbiət, qadın gözəlliyi, sevgi və digər mövzularda əsərləri nümayiş etdirilir.
Qeyd edək ki, əsərlərin Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, İzmir Azerbaycan Dərnəyi, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin əməkdaşlığı ilə İzmir və Antalya şəhərlərində sərgilənməsi, sonda isə Türkiyənin ən əhatəli mədəniyyət tədbirlərindən olan “Mədəniyyət yolu” (Kültür yolu) Festivalı çərçivəsində Ankaranın Rəsm və Heykəllər Muzeyində nümayiş olunması nəzərdə tutulur.






