ODTÜ-də Azərbaycan-Türkiyə mədəniyyət tədbiri təşkil olunub - Foto
Martın 7-də Ankarada fəaliyyət göstərən Orta Doğu Texniki Universitetinin (ODTÜ) Mədəniyyət və Kongres Mərkəzində “Azərbaycan-Türkiyə Mədəniyyət Tədbiri” adlı konsert proqramı təşkil olunub.
Manera.az xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan tədbirə ODTÜ rektorluğu, Beynəlxalq İnşaat Mühəndisləri Tələbələri Təşkilatı və Türkiyədəki Azərbaycanlı Tələbələr və Məzunlar Cəmiyyəti dəstək veriblər.
Tədbirin açışılışında çıxış edən ODTÜ-nün rektorü prof. Ahmet Yozgatlıgil, Azərbaycan ilə münasibətlərin hər bir Türkiyə vətəndaşı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Rəhbərlik etdiyi təhsil ocağının Türkiyə-Azərbaycan Universiteti (TAU) çərçivəsində kompüter mühəndisliyi proqramı təşkil etdiyini xatırladan rektor, “ODTÜ-nün dördüncü kampusunun Bakıda fəaliyyət göstərdiyini daim qeyd edirəm. Türkiyə-Azərbaycan Universitetinin 90 tələbəsinin ODTÜ diplomu alacağını yüksək qiymətləndirirəm”, - deyə vurğulayıb.
Qonaqları salamlayan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ölkəmizinin zəngin tarixi-mədəni irsinə diqqət çəkib, mədəniyyətimizin qardaş ölkədə təbliği istiqamətində bundan sonra da aktif fəaliyyət göstəriləcəyini vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının təməl prinsipi Azərbaycan-Türkiyə ikili münasibətləri bütün dünyaya nümunədir. Qardaşlıq bağlarımızı gücləndirməyə davam edəcəyik”, - deyə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru vurğulayıb.
Daha sonra baş tutan konsert programında Azərbaycan Mədəniyyət Mərkəzinə bağlı “Zəngəzur” rəqs qrupu, müğənni Çinarə Məlikzadə və əməkdar artist, pianoçu Turan Manafzadə çıxış ediblər.
Diplomatlarla yanaşı, ODTÜ müəllim-tələbə heyəti və iki qardaş ölkənin ictimaiyyət nümayəndələrinin iştirak etdiyi proqram böyük rəğbət qazanıb.