İstanbulda “Zəngəzur sənətkarlığı” sərgisi açılıb - Fotolar
Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatrı və “Tək Hədəfim Təhsil” birlikləri İstanbulun “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” adlı sərgi təşkil edib.
Manera.az xəbər verir ki, sərgi Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin dəstəyi ilə açılıb.
Tədbirin rəsmi hissəsində “Xarıbülbül” Teatr Birliyinin rəhbəri Kamalə Kamal Cabbarova, konsul Zaur Allahverdizadə, professor Akkan Suver, Azərbaycan Mədəniyyət Mərkəzinin müdiri Samir Abbasov və Cem Yıldırım çıxış ediblər. Onlar Qərbi Azərbaycanın və Zəngəzurun tarixi, mədəni irsi və milli dəyərləri barədə danışıb, ermənilərin bu ərazilərdə törətdiyi haqsızlıqları vurğulayıblar.
Sərdarlar ailəsinin üzvləri Lalə Sərdarlı, Toğrul Sərdarlı və İsgəndər Sərdarlı layihə haqqında məlumat veriblər. Onlar sərginin yüksək səviyyədə təşkilində iştirak edən hər kəsə təşəkkür ediblər.
Sonra mövzuya dair sənədli film nümayiş etdirilib. Tədbirin bədii hissəsində milli musiqi və rəqslər ifa olunub, milli mətbəximizin təamları qonaqlara təqdim edilib.
Qeyd edək ki, “Zəngəzur sənətkarlığı” layihəsi Azərbaycan QHT-lərinə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihə Qərbi Azərbaycan və Türk dünyasının mədəni irsini ehtiva edən sənət nümunələrinin hazırlanması və təbliğini nəzərdə tutur.
İstanbulda nümayiş olunan sərgidə “Turan Yolu-Zəngəzurum” kolleksiyasından əsərlər nümayiş etdirilib. Bu əsərlər Azərbaycan Mədəniyyət Nazirliyinin komissiyaları tərəfindən qeydiyyata alınıb. Kolleksiyanın bəzi əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində və Yunus Əmrə İnstitutunda da nümayiş olunub.
MANERA.AZ