manera.az
manera.az

Darıxmağın dəhşət lirikası... _MANERA

Darıxmağın dəhşət lirikası... _MANERA
MANERA.AZ Tural İsmayılovun Yeni şeirini təqdim edir:

Darıxmağın dəhşət lirikası

Darıxmağın dəhşəti gözlərinin yoxluğudur
Ehtiyacın olanda baxacaq heç nəyin qalmamağı
Sakitcə düşüncənin sənə sarılmağı
Səndən artıq səni sevməsidir
Getməyinin təntənəsi sənsizliyimin toxluğudur.

Evdən atılan övlad kimi itirdim
Düşündüm, bəlkə getməzsən
Amma bu əzabları bilirdim
Bilirdim ki, sən gedəndə, mən də gedəcəm
Evdən, ailədən, qohumlardan
Ən əsası özümdən.

Qapımızdakı iti qovanda atam da elə etdi
Birdəfəlik getdi o yaşın sirdaşı
Əlimdən imkan var, amma utanıram
Qapımız üçün hürən it kimi
Hürmək istəyirəm qəlbinin qapısına.

Saçlarının qoxusu bu gün kimi yadımdadır
Qızılgül qoxurdu saçların, ağlımdadır.
Səni gözlərindən sevmək də zövqdür
Saçlarının sevgisi isə hələ də möhürdür.

Sənlə qumların üstündə oynayırdıq
Qumlardan tikilən qalalar fərəhimiz idi
Sən qalanın hündürlüyünə
Mənsə sənin boyuna baxırdım
İkimiz də sevinirdik ucalıqdan.

Məktəbdə toxunmaqdan ötrü saçını dartardım
Arada bir neçə qıvırcıq tel ovucumda qalardı
Sən oyun zənn edərdin, gülərdin
Mən isə telini saxlayıb, sevgindən üzülərdim
İkimiz də bir-birimiz üçün özəldik.

Bir dəfə müəllim məni şilləyə qonaq etdi
Sən pis oldun, müəllimlə dalaşdın
Mən də pis oldum, bir az ağladım
Sən dost kimi narahat oldun
Mən isə sevdiyim üçün ağlayırdım
Şillə vurulanda sevgi üçün göz yaşı axıtmaq da zülmdür.

Kimi ilk görüş yerini xatırlayar
Kimi ilk öpüşün sehrini
Sən heç nə xatırlamırsan, bəllidir
Mən isə ilk oturduğumuz stuldakı örtüyün rənginə kimi xatırlayıram.
İkimiz də yadındayıq bir-birimizin
Sən yoldaş kimi, mən ilk sevdiyim kimi.

Yadındadır, bir dəfə yıxılmışdın?
Dizinin ucundan qan axırdı
İkimiz də narahat idik bir-birimizdən
Sən yıxılanda axan qanımdan
Mən isə cavabsız sevginin ahından ağrıyırdım.

Neçə dəfə cəhd etdim, məktub yazam
Axtaram, soruşam halnı
Görüm, indi necəsən, neynirsən
Mənimlə deyilsən, bəs kiminsən?
İkimiz də eyniyik
Sən dostun, mən sevgilim üçün darıxıram.

Səni şeir kimi oxuyurdum
Əllərin misra-misra
Gözlərin şişirtməsiz beyt kimi
Toxunuşlarına sətir-sətir aludə olurdum
İkimiz də şeir idik
Sən poeziya, mən isə sərxoş şair.

Uşaq olanda ağzımızın kənarına dağılırdı
Şokoladlı yağın qırıntısı
Xalatı ilə üzümüzü siləndə anladıq
Ata varlıqdırsa, ana qəlbimizin taxtıdır
İkimiz də eyni düşünürük
Sən ata kimi, mən isə ana kimi sevirdim səni.

Nə məhkumluq həyatıdır, nə də ölümün tezliyi
Gözləmək bilirsən nədir?
Məchul qadının cavabı
İkimiz də hazırcavab idik
Sən yox deməyə, mən isə mənim olarsanmı sualına.

Bilməzsən necə çətindir
Kitablardan axtarmaq səni
Şeirlərdən gözlərinə baxmaq
Misralardan axmaq
Və imzalamaq
Həmişəlik getməni
Birdəfəlik itməni.

Hamı getsə də olar
Boş ver, vəfasızlıq adımızdır
Stolun üstündə bil dilim çörək
Həmin qırmızı örtük
Bir də səni xatırladan hər şey
O məktəb binası
Qardaşının atdığı yumruqlar
Evinizin palçıq dar yolları
Qapınızın üstündəki mamırın yaşıllığı
Küçələrin üzü dəyişməyən piltələri
İçində sən olan hər şey qalsın, bəsimdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31