manera.az
manera.az

Fərid Ağalarov - “Dəniz Mavisi” _MANERA

Fərid Ağalarov -  “Dəniz Mavisi”	 _MANERA

Dünyada neçə insan adını gözlərindən almışdır? Hər kəsin də dəniz mavisi gözləri yoxdur hər halda. Mavinin daha gözəl, daha qabarıq tonları vardır da, bəs dəniz? Niyə mavi qızılgüllər deyil də dəniz mavisi gözlər?! Axı nə qədər mavidir dəniz?

Ümumiyyətlə, dəniz mavidirmi? Yoxsa, bu göy üzünün ona olan sevgisinin onun çöhərsindəki əksindən başqa bir şey deyil?

Güzgünün qarşısına keçib də gözlərindən dənizi izlədiyin oldumu heç? Mənim oldu. Həm də birdən çox dəfə. Bəs bunu etmək necə, xoşuma gəlirdi mi? Əlbəttə gəlirdi! Hətta, hər tək qalmaq istədiyimdə sahilinə qaçdığım bir dəniz sanki. Sadəcə mənə məxsus, mənə məhkum və mən olduğum müddətcə olacaq bir yer.

Uşaqlığımı xatırlayıram xatırlamasına, amma xatirələrdən əksik bir sima var.

Gözlərimi ondan aldığım qadını heç tanımadım mən. Atamın mənə onun haqqında danışdıqlarına görə çox gözəl bir qadın olması gərək. Bilmirəm, bəlkə də yox. Şəklini belə görmədim. İnsanlar zamanı dondurmaq, gözəl anlarını əbədi qılmaqdan danışır, amma o zamanın əsiri olmaqdan qorxardı. Ən azından atamın mənə dedikləri bu yöndə idi. Niyə bir tək şəklinin belə olmadığını bununla izah edirdi. Amma bütün bunları danışarkən belə gözlərini gözlərimdən qaçırdığını hiss edə bilirdim. Göz yaşlarını, ordakı kədəri görməyimi istəmir və bəlkə də bunun onu zəif göstərəcəyini düşünürdü. Amma mənim gözlərimdə görməkdən qorxduğu bir şeylər də vardı sanki. İlk dəfə o gün mənə necə nifrətlə baxdığını görmüşdüm. Bu sadəcə nifrət deyil. Orda sevgi də vardı. Amma bir insan eyni anda həm nifrət, həm də sevgi ilə necə baxar, bu necə mümkün ola bilərdi?! Doğrudur, nifərtlə baxırdı. Amma o baxışlar mənə deyil, gözlərimə idi. Orda gördüyü hər nə idisə, ona çox acı verirdi və mən həm nifrət, həm də sevgi səbəbi olmuşdum bir anda.
Ləpələrini sahilə döyər, o an qayalardan bir damla üzünə sıçrayar dəniz.

-Mənimlə baş verənlər bundan daha fərqli deyildi o gün. Atamın hər zaman dediyi kimi qoxusu burnunda bir çiçəkdim sanki. Amma axır-əvvəl mənim də ləçəklərimə şeh düşəcəkdi. Yanaqlarımdan süzülən bir damla ovuclarımda dəmləndiyində isə o şehin bu şeh olduğunu anlamışdım artıq. Atam gözlərimi silib məni bağrına basdığında isə sanki yenidən çiçək açdım. Əvvəlkindən daha təravətli, daha məsum idi baxışlarım. Yağış sonrası torpaq qədər gözəl qoxurdu ətraf. Və də biz. Ata və qız.

İllər sonra bir qəzada ayaqlarını itirmişdi artıq. Tək əzizi isə mən idim anamdan sonra geriyə qalan. Səhərləri arabada gəzintiyə çıxar, sahil boyu dənizi gəzərdik.

Susqunluğumuza verərdik o anı və heç nə bu qədər gözəl hiss etdirməzdi. O anın qəribə bir sehri vardı sanki. Amma neçə yaşında olursam-olum, yenə də atamın balaca, biricik qızı idim. Və sualı partlatmışdım bir anda.

-Dəniz niyə mavidir?
Gözləri dəniz mavisi olan insanların dənizi daha mavi görə biləcəklərini demişdi özündən əmin bir şəkildə.

-Bəs zümrüd yaşılı olanlara nə deməli? Onlar üçün də ağacların daha yaşıl olduqlarını deməyəcəksən hər halda.

İkimiz də içdən bir təbəssümlə qəh-qəhə çəkib gülmüşdük o an. Sonra uzun-uzun dənizə baxmış və ruhunu ona təslim etmişdi.

İllər əvvəl olanları illər sonra soruşmaq ehtiyacı belə duymamışdım. Deyəsən dərində bir yerlərdə həqiqəti bilirdim. Axı necə ola bilərdi? Həyat yoldaşına xəyanət edən bir qadın onun üzünə bir daha baxa bilməyəcəyini düşündüyündən olsa gərək özünü dənizə ataraq intihar edir. Yasaq münasibətindən dünyaya gətirdiyi qızını isə heç nəyə baxmayaraq həyat yoldaşı böyüdür.

Bəli, qeyri-rəsmi münasibətdən doğulmuşdum mən. İllərdi ata deyə qollarına qaçdığım insan isə gerçək atam deyildi bəlkə də, amma bir atanın ola biləcəyindən daha çoxu olmuşdu mənə. Çünki xəyanət də etsə mən həyat yoldaşının ona əmanəti idim. Dəniz mavisi gözlərim isə ona həyat yoldaşını xatırladırdı. Çünki gözlərimi anamdan almışdım və Atamın gözlərimdə görməyi sevdiyi də elə bu idi. Bəs sevmədiyi? Anamı dəniz almışdı ondan. Gözlərim isə dəniz mavisi idi. Bəli, dəniz mavisi gözlərim həm sevgi, həm də nifrət səbəbi olmuşdu bir anda.

Fərid Ağalarov
MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31