manera.az
manera.az

Darıxmağın şeiri - Vaqif Yusifli yazır... | MANERA.AZ

Darıxmağın şeiri - Vaqif Yusifli yazır... | MANERA.AZ
manera.az
Darıxmağın şeiri

“Bəzən heç nəyə əl vurmadan baş götürüb getmək istəyir, adam. Yaşamaq üçün çoxdur bu ömür, inanın mənə. “Narahat olma, düzələr”ə qalır üç yüz altmış beş gün həyat. Hər addımda qarşına çıxan dolanbac yollar və it günündə yaşamaqdan başqa bir şey deyil, dünya. Ala-toranlıqda
ümid gəzməkdi bir cib sıxıntıyla, əlləri boş, hədər yerə gün yandırmaqdı, mənəvi işgəncədi...”

Gənc şair - 24 yaşlı Ruzbeh Məmməd ”365gün” adlı şeirlər kitabı müəllifin bu sözləriylə bitir. Gəlin, bu kitabı başdan oxuyaq!

Darıxmaq insanın mənəvi sıxıntıyla düçar olması, nədənsə bezməsi, təngə gəlməsi, narahtçılıq içərisində yaşaması, bütün bunları ürək ağrısı ilə hiss etməsidir. İnsan kimin üçün darıxar? Qürbətdə olanda Vətən üçün darıxar... Arzularının həyata keçmədiyini görəndə yaman darıxar. Yaxın adamından,dostundan, sevgilisindən ötrü darıxmağı da təbiidir. Həyatında uğursuz anlar, bədbəxt hadisə baş verərsə, bir könül həmdəminə ehtiyac duyursa, darıxar, üzülər. Bunlar insanın təbii yaşantılarıdır. Zaman-zaman Azərbaycan şairlərinin şeirlərində də darıxmaq hissinin poetik çalarları ilə rastlaşmışıq.

Mərhum ədəbiyyatşünas Məsud Əlioğlunun belə bir kitabı var: ”Darıxan adamlar" (iki cilddə, Bakı, "Təhsil" nəşriyyatı - 2009). Bu adı həmin kitaba kim seçib, deyə bilmərəm.A mma o kitabda Azərbaycan ədəbiyyatının klassiklərindən, onların yaradıcılığından söz açılır. Ümumən Azərbaycan ədəbiyyatının keçdiyi yolu (Nizamidən Cabbarlıya qədər) DARIXAN ADAMLARin həyat fəsəfəsi, dünyaya baxışı kimi izah etmək Məsud müəllimin metodoloji prinsipi idi. Bu konteksdə darıxmaq öz adi, lokal mənasından sıyılır. Geniş bir məna kəsb edir, düşünmək mövcud və real həyatla barışmamaq, gələcək haqqında xoş xəyallara dalmaq, daxili-mənəvi təkamül prosesi keçirmək yazıçıların təsvir etdiyi qəhrəmanların məramına çevrilmişdi. Ona görə də, 24 yaşlı bir gəncin – cavan bir şairin darıxmaq hissini də təbii qəbul edək və görək onun şeirlərinə səpələndiyi bu sıxıntı, bu narahatlıq hardan doğur. Bütün bunlar niyə mənəvi işgəncəyə aparıb çıxarır? Axı darıxmağın da sonu olmalıdır. İnsan bütün ömrü boyu sıxıntı içində yaşaya bilməz, həyatı ancaq darıxmaq hissinə bürümək olmaz. Bu, bir insanın ömrünün faciəsinə yol açar. Yox əgər bu darıxmaq daha gözəl arzularla və işiğa doğru can atmaqdırsa, onda darıxmağa dəyər.

Ruzbeh elə birinci şerində öz darıxmaq “fəlsəfəsini” ortaya qoyur.

Uzaq düşəsən qəfil qohumundan, yadından,
Xəbər tutmaya kimsə olduğun ünvanından,
Qeybə çəkildiyini sənin öz qadınından
Bir başqa kəs duymaya, danışanın olmaya,
Öldürəsən özünü, qarışanın olmaya...

Qovmaya bir pişiyi, küçənin azğın iti,
Oyatmaya süd satan, səni səhərlər qəti,
Ömür də çox olmaya, ola lap müvəqqəti,
Nə əlli, nə altmış, çox da yaşın olmaya,
Yatasan torpaq altda qəbir daşın olmaya...

Təbii ki, son dərəcə pessimist, decadent bir “xülya”.

Hava çatışmır onun təsvir elədiyi lirik qəhrəmana.

Sonra:
”Birdən adam insafsızca darıxmağa başlayır,
Elə darıxırsan ki, lap it kimi.
Sıxılırsan dost-tanışdan,
Küçədə cütləşən itlərin səsindən,
Səhv düşən telefon zənglərindən...

Ruzbehin şeirlərini işığa doğru can atan, amma hələ o işığın harada olduğunu dərk etməyə cəhd edən bir gəncin qaranlıqdakı vurnuxması, çabalaması kimi yozmaq istəməzdim. Onun həyat məramı adilikdən, cansıxıcı həyatdan bezən və bu yaşayış tərzini qəbul etmək zorunda olmayan bir insanın-yeniyetmə bir gəncin etirazlarından, ”daha belə yaşamaq olmaz” düşüncəsindən doğur. Hər şeydən bezmək, sevgidən usandırıcı bir tərzdə yorulmaq, ya da imtina etmək həddinə gəlib çatmaq,”hər gün ölümün içinə dik baxmaq”, amma “vaxtım yoxdur ölməyə” deyib intihar haqda da fikirləşmək…göründüyü kimi,bizim pessimist gəncin daxili dünyası bu cür əndişələrlə sıx-sıx ilgilidir.Doğrusu,lirik qəhrəmanın yaşayımmı,ölümmü?dilemması qarşısında bu təhər çabalaması heç də qəribə görünmür. Bu, bir gəncin yaşantılarıdır...

Deyir ki:

Atın boran, qışa məni,
Tutdurun qarğışa məni.
Vurun dağa, daşa məni,
Mənim canım çıxan deyil...

Nə qədər zillət görmüşəm,
Nə ağır dəhşət görmüşəm,
Ayrılıq, həsrət görmüşəm,
Ürəyim darıxan deyil...

Elə vurdu, əzdi məni,
Öz içimdə gəzdi məni,
O qədər ki üzdü məni,
Taa üzümə baxan deyil...

Ümidlərim tağdı hələ,
Bağ bildiyim, dağdı hələ.
Ruzbeh Məmməd sağdı hələ,
A dünya, yıxılan deyil...

Fikrimcə”deyil”adlı bu şeir Ruzbeh Məmmədin pessimist şeirlərindən seçilir və bu şeirdə sanki həyatdan,yaşadığı mühitdən bezən bir gəncin ona əzab verən düşüncələrindən qurtulmaq istəyi ifadə olunur.

Ruzbehin şeirlərində bir-brini inkar edən məqamlar diqqətdən yayınmır,bunu normal hal hesab etmək olarmı?Zənnimcə yox!Təbii ki ,insanın həyat yolu birbaşa düzxətli ola bilməz,yolu gedərkən maniələr,çətin anlar da yaşana bilər.Amma fikirləşirsən ki sən o yolu getməlisən.Ruzbeh isə bir tərəfdən
Deyir ki:

Özüm də bilmirəm gedirəm hara,
Qaçıram dərdimə çatıb gedirəm.
Ömürlük köçürəm lap uzaqlara,
Səni birdəfəlik atıb gedirəm.

Bu,2013-cü ilin şeiridir.2014-cu ildə isə Ruzbeh”...sənin üçün yazılan şeir”də başqa bir ovqat aşılayır.Bu da sevgi şeiridir,amma ayrılıqdan,çıxıb getməkdən söhbət getmir.

Gülüşünə, baxışlarına sarılıram.
Mən hər şeyi sənlə ölçürəm,
Sən gözəlsən, hamı çirkindi,
Sən gül qoxulusan, güllərin ətri yoxdur...

Üzümdə saçlarının gül ətri,
Bağışla məni o, iki kəlmə söz xatirinə
Suçumu boynuma alaram!
Bağışla məni,
bağışla ki, səni çox sevirəm...

Əlbəttə, kimsə etiraz edib deyə bilər ki, sevənlər arasında belə hallar; bir gün imtina, sabah yeniən qayıdış, başqa birisi gün yenə imtina mümkündür və ümümiyyətlə, bu hissi yaşayanlar üçün belə ”çevrilmələr” təbiidir. Amma sevgi deyilən o duyğu, o müqədəs və ali hiss başlanğıcdan sona qədər sabit, dəyişməz bir xassəyə malik olmalıdır. Məsələ heç də belə ”çevrilmələr"də deyil, sevginin insana təsiri, ona aşıladığı və onu saflaşdıran, daxilən təmizləyən və yeniləşdirən nə varsa odu sevgi. Ruzbehin "bu sevgi" adlı şeiri var. O sanki lirik qəhrəmanın ikili düşüncələrinə xitam veirir. Fikrimcə, bu şeirdə Ruzbeh bütün ikili fikirlərinə son qoyur, öz anlamında əsl sevginin nə olduğunu açıqlayır. Amma bu şeirdə iki yöndən münasibət bildirəcəm.

Mənim üçün hər gün, hər gün
Tək səni sevməkdi sevgi.
Gözümə dolan ümidi,
Son damla qalan ümidi
Sevərək, xərcləməkdi sevgi.

Burada "ümidi xərcləmək” ifadəsi ilk baxışda etiraz doğura bilər, amma maraqlı ifadədir...

Biləm ömrümün hər anı
Unuda kaş hamı, hamı.
Mən unudub hər insanı
Bir səni görməkdi sevgi.

Bu misralar arasında səlislik zəifləyir, sözlər arasında dolaşıqlıq nəzərə çarpır, üç misrada ifadə olunan fikir şeir qiyafəsində deyil, amma “bir səni görməkdi sevgi” misrası o üç misranın günahını yuyur.

Hər şeyin daşını atıb,
Bütün işimi unudub,
Canımı dişimə tutub
Götürüb gəlməkdi sevgi.

Ürəyimin lap dibinə,
Atam bir düşmən sevinə.
Əlimi salıb cibimə,
Gül ala bilməməkdi sevgi.

Qılıb namazın hər qızın,
Girib ürəyinə bir qızın,
Qapı-qapı qışı, yazı,
Döyüb dilənməkdi sevgi.

Bu misralarda bəzi çatışmazlıqlar gözdən yayınmır. ”Ürəyimin lap dibinə, Atam bir düşman sevinə” misraları kommunikasiya nəzərə çarpmır. Hər qızın namazını qılmaq nə deməkdi? (Qeyd edim ki, gələcək şeirlərində Ruzbeh şeir dilinə xüsusi diqqət yetirməlidir.) Ruzbehin sevgi nədir? sualına nisbətən doğru cavabı səsələnsə də, o, bu şeiri yaxşı cilalamayıb. Amma onun ilk kitabında hər misrası, hər bəndi yerində olan nümunələr az deyil. Xüsuilə, ünlü şairəmiz Fərqanə Mehdiyevanın kitaba yazdığı ön sözdə sitat kimi seçilən nümunələr Ruzbehin ən yaxşı səlis şeirləridir. Amma mən ”olmadı” şeirini şeir texnikası baxımından ən uğurlu hesab edirəm:

Qollarım qırıldı düşdü,
Tutub bağlayan olmadı.
Öldüm mən, beləcə öldüm,
Di, gəl ağlayan olmadı...

Bu eşqimə, bu sevdama
Əridim tək dama-dama.
Sığındım bir uçuq dama,
Gəlib yoxlayan olmadı...

Atam oğlu çap atını,
Aç həyatın iç qatını.
Bu dünyanın saatını
Tutub saxlayan olmadı...

Təbii ki, mən də Fərqanə xanım kimi ona İŞIQ, sözünün, sevginin işığını arzulayıram. Amma bir qədər fərqli. O işığı ki dünyadan heç vaxt əskik deyil, hər an qarşına çıxır. Səni pessimist olmaqdan yalnız öz içində qıvrılmaqdan, boğulmaqdan xilas edir, o, işığı ki, sənin içindədir. Sən onu dünya işığına çıxarmalısan. Sənin ürəyinin işığı səni şair eləyib. O işığı yarat!

Vaqif Yusifli
filologiya elmləri doktoru


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031